(Əvvəli ötən sayımızda)
   
   Şarlot şəhərinin Beynəlxalq Səyahətçilər Şurasının rəhbəri Tim Nyumanla görüşümüz maraqlı keçdi. O, Şimali Karolina və Şarlot şəhəri barədə əsas statistik məlumatları diqqətə çatdırdı. Qeyd etdi ki, Şimali Karolina ABŞ-ın ən çox turist qəbul edən yeddinci ştatıdır. Şarlot şəhəri isə ABŞ-da turistlərin qəbulu sayına görə 19-cu şəhərdir. Turizm şəhərin əsas gəlir mənbəyidir, bu sahədə illik gəlir 4 milyard dollardır. Mehmanxanalarda qiymətlər 99 dollardan 399 dollara qədərdir. Ümumilikdə isə Şimali Karolinanın turizmdən illik gəliri 18 milyard dollar təşkil edir ki, bu da ştatın illik büdcəsinin yarısıdır. Ştatda turizm sahəsi üzrə kadr hazırlayan 5 universitet fəaliyyət göstərir. Şarlot aeroportu dünyanın 8-ci ən işlək hava limanıdır, gün ərzində 600-dən çox təyyarə reysini qəbul edir və yola salır.
   Yeri gəlmişkən, ABŞ-da turizm sahəsi üzrə federal orqan - nazirlik yoxdur. Odur ki, bu sahəyə hər ştat öz daxili qanunları çərçivəsində rəhbərlik edir. ABŞ Konqresinin bu il turizmin inkişafı sahəsində vahid proqram qəbul edəcəyi gözlənilir.
   Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova ölkəmizin qədim tarixi, mədəni həyatı, tarixi abidələri haqqında ətraflı məlumat verdi. Vasif Fərzullayev Lənkəranın təbii gözəlliyindən, turizm potensialından, Elçin Hüseynov isə Mil - Muğan mədəniyyətindən söhbət açdı. Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın Gəncə haqqındakı məlumatları da qarşı tərəfdə maraqla qarşılandı. Mən Azərbaycanda mədəniyyətə dövlət qayğısından danışdım, rayonumuzun ərazisindəki “Şəhərgah yaşayış yeri” (X əsr) və “Qaratəpə yaşayış yeri və qəbiristanlıq” (IV əsr) arxeoloji abidələrinin tarixi haqqında məlumat verdim. Çıxışımın sonunda ölkəmizin erməni işğalı altında olan tarixi abidələri haqqında danışdım, onların ermənilər tərəfindən dağıdıldığını vurğuladım. Özümüzlə götürdüyümüz Azərbaycanın turizm xəritəsində bu ərazinin işğal altında olduğunu təsdiqləyən faktları amerikalılara göstərdim. Düzü, bu çıxışdan Tim Nyuman təəssüflənsə də, simasında elə bir ciddi dəyişiklik olmadı. Əksinə, “Kiçik bir torpaqdan ötrü bu qədər vuruşmaq nəyə lazım? Mümkünsə, verin bu torpaqları onlara, qoy müharibə dayansın” deyə bildirdi. Qulaqlarıma inana bilmirdim. Bu sözlər məni möhkəm tutmuşdu.
   Görünür, mən Timi yaxşı başa salmalı idim. Odur ki, xahiş etdim ki, sonrakı söhbətimizi Kənan Cəfərli tərcümə etsin. Kənan da Timin cavabından bərk təsirlənmişdi.
   Mən yönümü sakitcə ev sahibinə tərəf çevirdim. Ona dedim ki, siz “çox gözəl” təklif irəli sürürsünüz. Doğrudan da müharibəyə son qoymaq lazımdır. Gəlin, onda belə edək. Amerika razılaşsın ki, biz Qarabağı ermənilərə verək, siz də Qarabağ boyda ərazinizi, özü də Şimali Karolinadan olan ərazini Azərbaycana verin. Elə ki Kənan mənim fikrimi ingilis dilinə tərcümə etdi, amerikalını sanki ilan çaldı. Cəld mənə tərəf dönüb, bunun beynəlxalq qanunlara zidd olduğunu, Amerika rəsmilərinə belə söz deməyin mümkünsüz olduğunu söylədi.
   Mövzuya Elçin Hüseynov və Lətifə xanım da qarışdı. Sual etdik ki, bəs beynəlxalq aləm Azərbaycanı niyə müdafiə etmir? Azərbaycanın hüquqları yoxdurmu? Tim səhv etdiyini anlamışdı. Odur ki, o, bizim arqumentlərimiz qarşısında geri çəkildi. Səhv etdiyini etiraf edib, bir az əvvəl söylədiyi fikrə görə üzr istədi.
   Xeyli rahatlandım. Lətifə xanım Timə ölkəmiz haqqında ingilis dillində materialları, xəritə və açıqcaları hədiyyə etdi. Tim sonda yenə üzrxahlıq etdi və Qarabağ məsələsini özündə əks etdirən bu materialları mütləq oxuyub öyrənəcəyini bildirdi. Qeyd etdi ki, o bu günə qədər Azərbaycan haqqında məlumatsız olduğuna çox təəssüflənir. Amerikalıların çoxu kimi o da Azərbaycanı Əfqanıstan yaxınlığında bir ərazi kimi təsəvvür edirmiş. Düzü, cənab Tim mənim nəzərimdə həmişəlik qeyri-obyektiv bir amerikalı olaraq qaldı. Odur ki, ayrılanda onunla soyuq görüşdüm. O, bunu hiss etdi, əlini çiynimə qoyub, biz dostuq - dedi. Amma yox, cənab Tim!
   
   * * *
   Biz Şarlotun mərkəzindəki restoranda nahar edib, növbəti görüşə yollandıq. Görüş Harvey Qant Amerika-Afrika Mədəniyyət Mərkəzində idi. Bu mərkəz də “Bank of Amerika”nın şəhərdəki nəhəng binasında yerləşirdi. Görüşdə Afrika - Amerika mədəniyyətinin tarixi, bu tarixi təşviq edən yeni yaradılmış muzey haqqında məlumatlar aldıq. Əslində bu Amerikada ağ və qaradərili insanların mədəniyyətlərinin qovuşmasına həsr olunmuş bir görüş idi.
   Sonra “İmaginOn”da baş tutacaq görüşə yollandıq. “İmaginOn” bizdəki uşaq kitabxanalarına bənzər bir uşaq müəssisəsidir. Burada tərkibində iki uşaq teatrı, ticarət mərkəzləri, uşaq oyun mərkəzləri, musiqi ifa etmək üçün mərkəz, cizgi filmləri yaratmaq üçün kino laboratoriyası və sair vardır. Bu nəhəng müəssisədə körpə uşağı olan qadınlara istirahət üçün, uşaqlarını əyləndirmək üçün hər cür şərait yaradılıb. Kitabxanada sərbəst oxu guşəsi var. Bu guşədə uşaqlar yumşaq divanlarda necə gəldi uzanıb kitab oxuyur, deyib-gülürlər. Düzü, mən bunu sərbəstlik yox, tərbiyəsizlik hesab etdim. Çünki bu uşaqlar ətrafdakı adamlara - nə bizə, nə də kitabxana əməkdaşlarına əhəmiyyət vermirdilər. Hesab edirəm ki, ABŞ-da uşaqların çoxunun tərbiyəyə ehtiyacı var.
   Bizi ən çox təəccübləndirən uşaq kitabxanasının cizgi filmləri hazırlayan sexi oldu. Sexdə hər cür avadanlıq, kompyuterlər, səhnə geyimləri, maskalar və sair vardır, burada uşaqlar özləri sərbəst işləyə, nağıl qəhrəmanlarının obrazlarını yarada və yaratdıqlarını kompyuter vasitəsi ilə diskə köçürə bilirlər. Bu təcrübəni öyrənməyə dəyər.
   
   13 may 2010-cu il

   
   Nümayəndə heyətimizi müşayiət edən Liz söz vermişdi ki, bizi Şarlotda keçirilən avtoralliyə baxmağa aparacaq. Amerikada hamı avtomaşın sürməyə həvəslidir. Hər bir amerikalının avtomaşını olmalıdır. Bu ölkənin əksər yerlərində ictimai nəqliyyatdan az istifadə olunur.
   Şarlot avtorallisi həqiqətən çox məşhurdur, dünyada ən böyük rallilərdən biri hesab olunur. Rallinin rəhbərliyinə xatirə olaraq suvenirlər və kitablar hədiyyə etdik. Avtorallinin rəhbəri bizim buraya gələn ilk əcnəbi qrup olduğumuzu bildirdi.
   
   14 may 2010-cu il
   
   Axşamdan ev sahibəsi Marni ilə xeyli söhbət etmişdik. Bilirdim ki, Marni ali təhsilli energetikdir. Amerikada fəaliyyət göstərən fransız şirkətlərindən birində çalışır. İşi elə də yüngül deyil. Əri bronxial astma xəstəsi olduğu üçün uzun illərdir ki, kənddə yaşayır. Oğlanlarından biri Ekvadorda yaşayır. İkinci oğlu isə başqa ştatlardan birində bir fermerin yanında işləyir. Hər ikisinin maliyyə vəziyyəti yaxşı deyil. Marninin taxta və qırmızı kərpicdən tikilmiş evi daha öncə qonaq olduğumuz Ömərin evindən xeyli kasıb idi.
   Marninin evi şəhərin ortabablar məhəlləsindədir. Həyətdə gəzərkən evin divarlarındakı müxtəlif yazılar diqqətimi çəkdi. Orxandan yazıları tərcümə etməsini xahiş etdim. Onlardan bir neçəsini dəftərimə köçürdüm: «Maraqlı həyat yaşamaq istəyiriksə, gərək haqsız olduğumuzu içimizdən qovaq - Cozef Piars”, “Fantaziya elmdən (öyrənməkdən) vacibdir - Albert Eynşteyn”.
   Marni izah etdi ki, bu kəlamlardan oxuyub, hərdən fikirləşməyə dəyər. O belə kəlamların kasıb məhəllələrdəki evlərə yazıldığını bildirdi. Onun sözlərinə görə, kasıblar zəngin olmaq üçün çox fikirləşməlidirlər, varlıların fikirləşməyə ehtiyacları yoxdur.
   Bu gün nəzərdə tutulduğu kimi ilk olaraq Şarlotun kənarında müstəqil rayon olan Metyusa səfər etməli idik. Metyus şəhər içərisində balaca şəhərdir. Ayrıca büdcəsi, şəhər meriyası, idarəçilik orqanları var. Metyus Şarlotun tərkibinə 1970-ci ildə cəmi 500 nəfər əhalinin yaşadığı məhəllə kimi salınıb. İndi burada 28 min əhali yaşayır. Bu balaca şəhərin illik büdcəsi 17 milyon dollar təşkil edir. Metyus kiçik şəhər olsa da, burada 1700 kvadratmetr sahəsi olan böyük kitabxana fəaliyyət göstərir.
   Metyus şəhər meriyası kitabxananın inkişafı üçün hər cür yardım göstərir, hər il kitabxananın icarə haqqı üçün 1 milyon dollar vəsait köçürür. Kitabxananın 70 min nüsxəlik fondu var. Kitabxanada hər bir yaş qrupu üçün kompyuter kursları var. Kitabxana kartı almış hər bir Metyus sakini, eyni zamanda Maklenburq qraflığının daha 16 kitabxanasından da istifadə edə bilər.
   Nahardan sonra biz yenidən Metyus şəhər Şurasının binasına gəldik. Şuranın icraçı icma direktoru Villi Ratçfordla və şəhərin baş arxitektoru Emili Meytusla görüşdük. Ratçford bizi şuranın iş şəraiti, xidmət bölmələri ilə tanış etdi. Sonda cənab Villi Ratçforda xatirə hədiyyələri təqdim etdik.
   Artıq səfər proqramımız başa çatırdı. Sonuncu olaraq «Beynəlxalq ev»də bir psixoloqla görüşdük. O, bizə Amerika həyat tərzindən aldığımız təəssürat, səfər zamanı psixoloji təsirlərin nəticələrindən danışmağı xahiş etdi. Şarlotda cəmiyyətdaxili münasibətlərlə məşğul olan bu cənab əslində “Sən kimsən?” adlı psixoloji oyunla bizi yenidən “kəşf etmək” istəyirdi. Sonda bu maraqlı oyunda o bizim hər birimiz üçün psixoloji xarakteristika söylədi.
   “Açıq dünya” proqramının şərtlərinə görə, səfərin sonuncu günü vida qonaqlığı oldu. Mərasimdə ev sahibləri və proqram iştirakçıları iştirak edirdilər. Qonaqlıq proqramın əməkdaşı olan xanım Lizin evində keçirildi.
   
   15 may 2010-cu il

   
   Dünəndən ürəyimiz Vətəndə idi. Axşamkı ənənəvi vida qonaqlığından sonra demək olar ki, heç yatmamışdıq. Səhər ev sahibəsi Marni başqa bir ştata toya getdiyi üçün evdən çox erkən çıxdı. Orxanla məni onun rəfiqəsi yola saldı.
   Saat 12-də bütün ev sahibləri proqram iştirakçılarını yola salmaq üçün Şarlot aeroportunda idilər. Ev sahibləri Amerika adət-ənənələrinə uyğun səmimiyyət göstərdilər. Təyyarə yola düşdü. Biz əvvəl Vaşinqtona, oradan da Frankfurtdan keçməklə Bakıya uçmalı idik. Axşam saat 8-də artıq doğma Bakıda idik.
   Hava limanında qrupumuzun üzvləri ilə vidalaşarkən söz verdim ki, səfər qeydlərimi dərc etdirəcəyəm. Sözümə əməl etdim. Əvvəldə qeyd etdiyim kimi, mən jurnalist deyiləm, odur ki, səfər qeydlərimin necə alındığını oxucular deyə bilər. “Amerika gündəliyi” ABŞ səfərindən qısa qeydlər idi. Ola bilsin ki, gələcəkdə Amerikaya səfərlə bağlı başqa yazılar da yazım. Bu yazıları çap etdiyi üçün “Mədəniyyət” qəzetinə hədsiz minnətdarlığımı bildirirəm.
   
   Vaqif Alıyev,
   Kürdəmir Rayon Mədəniyyət və
   Turizm Şöbəsinin müdiri
 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar