Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri maraqlı tədbirlərlə yadda qalıb
      
   Xəbər verdiyimiz kimi, oktyabrın 26-dan 31-dək Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 55 nəfərdən ibarət nümayəndə heyəti səfərdən zəngin təəssüratlarla dönüb. 
      
   Heyətdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, ölkənin incəsənət ustalarının böyük qrupu - Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Dövlət Mahnı və Rəqs Ansamblının Rəqs qrupu, solistlərdən xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Arif İbrahimov, mətbuat nümayəndələri, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Layihələr Departamenti direktorunun müavini, siyasi elmlər namizədi Qərənfil Xəlilova, “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin müdiri Flora Xəlilzadə iştirak edirdi.
   Mərakeşdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkili iki ölkənin hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 3 mart 2008-ci il tarixli sazişə əsasən keçirilib. Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına və təbii ki, Azərbaycan mədəniyyəti və incəsənətinin Mərakeşdə təbliğinə bir töhfədir.
   Mərakeşdə Azərbaycan Mədəniyyəti Günlərində iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva səfər təəssüratlarını bizimlə bölüşdü. O, Mərakeşdə ilk dəfə olaraq Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini nəzərə çatdırdı: “İncəsənət ustalarımız Mərakeşin dörd şəhərində - Rabat, Meknes, Fes, Kasablankada konsert proqramları ilə çıxış etdi. Tarixin müxtəlif dövrlərində Şərqlə Qərbin qovuşduğu sivilizasiyaları burada hiss etməmək mümkün deyil. Ərəblərin, ispanların və fransızların müstəmləkəsi olmuş Mərakeş bütün xarici təsirlərə rəğmən öz mədəniyyətini, qədimliyini qoruyub saxlaya bilib. Baxmayaraq ki, burada abidələrə ciddi nəzarət olduğundan çəkiliş aparmaq bizim üçün bir qədər çətinliklər törətdi. Bir mətbuat işçisi olaraq az bir zaman da olsa həmin şəhərləri gəzib tarixi abidələri ilə tanış ola bildik”.
   İlk konsert proqramının Mərakeşin paytaxtı Rabat şəhərində keçirildiyini qeyd edən Zöhrə Əliyeva insanların Azərbaycan mədəniyyətinə olan isti münasibətindən danışdı: “Rabat Mərakeşin paytaxtıdır. UNESCO-nun mədəni irs siyahısına düşmüş bir çox qədimi abidələri var. Mərakeşin mərkəzi dövlət qurumları burada yerləşir. Müxtəlif mədəniyyətləri özündə birləşdirən bu şəhər Şərq mədəniyyətindən kənar düşməyib. İlk konsertimiz VI Məhəmməd adına konsert salonunda keçirildi və tamaşaçılar tərəfindən maraqla qarşılandı”.
   Səfər zamanı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin Mərakeş mədəniyyət və turizm nazirinin müavini ilə rəsmi görüşü olub: “Görüşdə Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov, mətbuat nümayəndələri iştirak edirdi. Mədəni irsin qorunması, mədəni obyektlərin inkişafı, mədəniyyət istiqamətində aparılan tədbirlər haqqında danışıldı. Nazir müavini Ədalət Vəliyev çiyinlərində mədəni siyasət yükünü daşıyan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin iş prinsipləri haqqında məlumat verdi”.
   Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın tanınmış fotoqrafı Fərid Xayrulinin ölkəmizin iqtisadi, mədəni, sosial həyatını əks etdirən fotolarından ibarət sərgisi də maraqla qarşılanıb.
   Musiqiçilərimizin Meknes şəhərindəki konserti tamaşaçılarda böyük rəğbət doğurub: “Meknes şəhəri ekzotik təbiəti ilə digərlərindən fərqlənir. Bu şəhərdəki konsertimiz böyük maraqla qarşılandı. Səhnədə səslənən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Rauf Hacıyevin musiqisi, rəqslər tamaşaçıların ruhunu oxşayaraq zalda böyük rezonans doğurdu. Konsertdə kral nəslinin nümayəndələri də iştirak edirdi. Hətta maraqlı bir təsadüf də oldu. BMT-nin keçirdiyi tədbirdə iştirak edən azərbaycanlı mətbuat işçiləri sonradan bizim konsertlərə də qatıldılar”.
   Mərakeşin şəhərləri arasında qədimliyini qoruyub saxlamış Fes şəhəri xüsusilə seçilir. Hər küncündə tarixi yaşadan şəhər dünya mədəni irs siyahısına düşüb. Növbəti konsertin qədim Fes şəhərində keçirildiyini qeyd edən Zöhrə Əliyeva şəhərin tarixiliyindən danışdı: “Bu şəhərdə Roma sivilizasiyasının qalıqlarını hiss etmək mümkündür. Ümumiyyətlə bu şəhər digərlərindən qədim tarixi özündə qoruyub saxladığına görə çox fərqlənir. Fes yaşayan canlı abidələr şəhəridir. Fesdə bütün evlər sanki əsrlərdir öz qədimliyini qoruyub saxlayıb. Burada hətta kiçik tarixi abidələr hesab olunan küçələrdə belə insanlar yaşayır. Bəlkə də bu qədim tarixi qoruyub saxlayan həmin insanların isti nəfəsidir. Mərakeşin bütün şəhərlərində olduğu kimi burada da “Mədinə” adlı bazarlar var. Həmin bazarlarda əsl Şərq ab-havasını hiss etmək mümkündür. Mərakeşdə yaşayış səviyyəsi o qədər yüksək deyil. Biz burada mərakeşli ilə ailə qurub yaşayan azərbaycanlı Zəhra xanım ilə də tanış olduq. O da bizim konsertdə öz qohumları ilə birgə iştirak etdi”.
   Kasablanka Mərakeşin sənaye şəhəri hesab edilir. Bu şəhər həm də dünyada ən hündür minarəsi olan II Həsən məscidinə görə məşhurdur. Kasablankada keçirilən konsert proqramının böyük hərarətlə qarşılandığını qeyd edən Zöhrə Əliyeva buradakı rus icması nümayəndəliyinin də konsertə heyran qaldığını vurğuladı: “Konsert proqramımız keçirilərkən konsertdə iştirak edən rus icmasının nümayəndəsi Olqa xanım 40 ildən sonra belə möhtəşəm konsert seyr etdiyini dedi. Konsertdən sonra tamaşaçılar bizə yaxınlaşıb təşəkkür edirdi. Biz Kasablankada məşhur II Həsən məscidində də olduq. İnsanlar bura təkcə namaz qılmağa yox, həm də istirahət etməyə gəlirlər. Ümumiyyətlə Mərakeş təzadlı bir ölkə kimi yaddaşımda iz saldı. Şərq ənənələrini özündə qoruyub saxlamaqla yanaşı, Qərb mədəniyyətini də əks etdirən sivilizasiyanı bir-birindən ayırmaq qeyri-mümkündür. Mərakeş sanki Şərqlə Qərbin qovşağında zəncirlənib”.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar