Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaraya səfərim TÜRKSOY-un baş qərargahında iki əlamətdar hadisəyə - «2011 Abdulla Tukay ili”nin təntənəli açılışına və TÜRKSOY-un “Mətbuatda şərəf mükafatı»nın təqdimatına həsr olunmuş tədbirlə bağlı idi. Xəbər verdiyimiz kimi, “Mədəniyyət” qəzeti də TÜRKSOY-un yüksək mükafatına layiq görülüb. Ötən sayımızda TÜRKSOY-un Ankaradakı baş qərargahında gerçəkləşən (24 yanvar) tədbir barədə məlumat vermişdik. Bu yazıda isə Ankaraya səfər təəssüratımla bağlı bəzi qeydləri nəzərə çatdırmaq istəyirəm.
   
   
   Minillik tarix və 90 illik paytaxt
   
   Çoxminillik tarixə malik və eyni zamanda həm də yeni paytaxt şəhəri hesab olunan Ankaranı gəzmək, görmək çox maraqlı idi. Əvvəlcə şəhərin tarixinə qısaca nəzər salaq.
   Ankara İstanbuldan sonra Türkiyənin 2-ci böyük şəhəridir. Eradan əvvəl II minillikdə burada qədim xett tayfaları öz sivilizasiyalarını qurublar. Sonralar burada finikiyalılar, lidiyalılar və farslar hakim olublar. Qalatlar və kelt tayfaları buraya gəldikdən sonra Ankaranı ilk dəfə paytaxt elan ediblər. Şəhər o zamanlar Ankira adlanıb ki, bunun da mənası «lövbər» deməkdir. Şəhər mütəmadi olaraq romalıların, bizanslıların və səlcuqların, sonralar isə osmanlıların (1402-ci ildən) hakimiyyəti altında olub. Ankara XIX əsrə kimi Şərqdə gedən karvan yollarının üzərində ticarət əhəmiyyətinə malik olub.
   1919-cu ildə Mustafa Kamal paşanın öndərliyi ilə başlanan Qurtuluş savaşında Ankara yenidən Türkiyənin mərkəzi oldu. 1920-ci ilin 23 aprelində Ankarada Türkiyə Böyük Millət Məclisi işə başladı və II Dünya savaşını uduzaraq türk xalqını ağır duruma salmış, ölkəni faktiki olaraq işğalçılara təslim etmiş Osmanlı imperatorluğu hakimiyyətinə (İstanbul) alternativ hökumət quruldu. Şəhərin müharibə zamanı əhəmiyyətli rolu və strateji mövqeyi nəzərə alınaraq 1923-cü il oktyabrın 13-də Ankara Türkiyə Cümhuriyyətinin paytaxtı elan edildi.
   Ankaranın ən əhəmiyyətli nöqtəsində yerləşən tikili Atatürkün dəfn edilməsi üçün inşa edilən və 1953-cü ildə tamamlanan ehtişamlı Anıtqəbir mavzoleyidir. Ankaranın ən qədim məhəllələri tarixi şəhər qalasını əhatə etməkdədir. Qalanın daxilində yerləşən XII əsrə aid Ələddin məscidi hələ Osmanlı dövründən öncə, Səlcuq imperatorluğu zamanına aid sənətkarlığın gözəl nümunələrini sərgiləyir. Hisar qapısının yaxınlığında gözəl şəkildə bərpa edilmiş Bədəstəndəki Anadolu Mədəniyyətləri Muzeyində paleolit, neolit dövrlərinə və xett, Frikiya, Urartu və Roma mədəniyyətlərinə aid əsərlər yer almaqdadır. Roma dövrünə aid III əsrdən qalma hamamlar, II əsrdən qalma korinf stilində inşa edilmiş imperator Avqust məbədi Qalanın ətrafında, Ulus meydanının yaxınlığında yerləşir.
   Qala yaxınlığında Roma teatrı və həmin ərazidə XV əsrdən qalma Hacı Bayram məscidi və türbəsi var. Səlcuqlar dövrünə aid taxta qapı oymaçılığının şah əsərlərinin və digər məişət əşyalarının sərgiləndiyi Etnoqrafiya Muzeyinin yanında yerləşən Rəsm və Heykəllər Muzeyində türk incəsənətindən seçmələr nümayiş etdirilir. Ankarada ən böyük məscid olan Kocatəpə məscidi 1976-1987-ci illər arasında Osmanlı memarlıq üslubuna uyğun olaraq tikilib.
   
   Muzeylər
   
   Anadolu Sivilizasiyası Muzeyi iki Osmanlı tikilisindən yaranıb. Bu tikililərdən biri 1464-1471-ci illərdə Mahmud Paşa tərəfindən inşa edilən bazardır. Mahmud Paşa Sultan Mehmetin vəziri olub. Dördbucaqlı evlər 10 günbəzlə örtülüb və arkaları olan 102 dükan ilə əhatəyə alınıb. İkinci bina Kuruşunlu Xan - Sultan Mehmetin digər vəziri Mehmet Paşanın xeyriyyə fondu kimi tikilən Üsküdar sup-mətbəxidir. Atatürkün təşəbbüsü ilə binalar 1938-ci ildə muzeyə çevrildi. 1968-ci ildən isə müəssisə Ankara Arxeoloji Muzeyi kimi fəaliyyət göstərir. Anadolu sivilizasiyası Muzeyi hazırda dünyada xronoloji qaydalara uyğun ən nadir kolleksiyası və işləri sərgiləyən əhəmiyyətli muzeylərdən biridir.
   1980-ci ildən fəaliyyətə başlayan Rəsm və Heykəltəraşlıq Muzeyində XIX əsrin əvvəllərindən başlayaraq klassik və müasir türk incəsənət əsərləri yer alıb. Etnoqrafiya Muzeyində isə ənənəvi xalq sənətkarlığı nümunələri, türk ustaların əl işləri sərgilənir.
   
   TÜRKSOY-un qərargahında
   
   Ankara bu gün türk dünyası üçün həm də o baxımdan əhəmiyyətlidir ki, qədim və böyük türk mədəniyyətini birləşdirən və dünyaya təbliğ edən qurumun, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-un baş qərargahı məhz bu şəhərdədir. Digər ölkələrdən fərqli olaraq Türkiyəyə ayaq basdıqda necə bir doğmalıq hiss edirsənsə, TÜRKSOY-un üçmərtəbəli ağ binasında bu hiss bir qədər daha çox real görünür. İş mühiti, münasibətlər də olduqca səmimidir. Məsələn, tutduğu vəzifədən asılı olmayaraq insanların bir-birilərinə «abi», «abla» deyə müraciət formaları diqqətimdən yayınmırdı. Türk dünyasının UNESCO-su hesab edilən TÜRKSOY-un qərargahında sanki başqa bir aləmdəsən.
   Kiçik akt zalında özünə yer almış bütün türkdilli ölkələrin bayraqları, eyni zamanda Azərbaycan, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Tatarıstan, Başqırdıstandan olan nümayəndəliklər və onların qaynar iş fəaliyyəti, divarlardan asılmış türk dünyasını canlandıran orijinal rəsmlər, qədim türk tarixindən bəhs edən kitabların yerləşdiyi kitabxana və son dövrlərdə işıq üzü görən yeni nəşrlər - bunlar ilk baxışdan müşahidə etdiklərim və gördüklərim idi.
   Binada mənim üçün ən maraqlı məkanlardan biri kitabxana oldu. Burada hər bir ölkənin öz kitab rəfi var. Elektron kataloqda istənilən kitabı rahatlıqla əldə etmək olar. Maraqlandıqda, bəlli oldu ki, oxucuların əksəriyyətini elmi işçilər təşkil edir. Azərbaycana məxsus kitabxananın yaradılmasında və zənginləşdirilməsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlının böyük rolu var. Özünün dediyi kimi, hər dəfə Bakıya getdikdə çalışır ki, kitabxanaya daha çox kitab gətirsin. Etiraf edim ki, kitabxanada elə ən çox kitab da bizim ölkənin payına düşürdü.
   Kitabxanadakı səliqə ilə ard-arda düzülmüş rəflərdəki kitabları nəzərdən keçirdikcə, böyük və zəngin türk mədəniyyəti göz önündə canlanır. Uzun müddət ikrah və paxıllıqdan doğan bir hisslə bir sıra Qərb tarixçiləri «türklər köçəri olub, onlar mədəniyyət yarada bilməzlər» deyimini TÜRKSOY-un böyük zəhmətlə ortaya qoyduğu bu nəşrlər necə də alt-üst edir. Və belə bir sual yaranır: axı köçəri xalq necə belə mədəniyyət yarada bilərdi?
   Yeri gəlmişkən, kitabxanaçı «artıq kitabların sayı artıb, kitabxananı böyütmək lazımdır deyir». Bu da səbəbsiz deyil. Son zamanlar qurumun təşəbbüsü ilə böyük türk şəxsiyyətlərindən bəhs edən çoxlu kitablar nəşr edilib. TÜRKSOY-un baş direktoru Düsen Kaseinovun köməkçisi Fırat Purtaşdan yeni nəşrlər və yeni layihələr haqqında məlumat aldım. Bu da maraqlı idi ki, yaxın gələcəkdə türkdilli ölkələrin nəşrləri ortaq dildə nəşr ediləcək. Qurum bununla bağlı layihə həyata keçirməyə hazırlaşır.
   Qurumun böyük zalının dizaynı maraq doğurur. Müəllifi Cəfər Qiyasi olan zalın üzəri türk dünyasına məxsus memarlıq nümunəsini əks etdirir. Zal günbəz formasındadır. Beləliklə, başdan-başa türk tarixini və mədəniyyətini özündə əks etdirən bu bina buraya ayaq basan hər kəsdə zəngin təəssürat doğurur.
   
   TÜRKSOY-un baş katibi ilə görüş
   
   Yanvarın 25-də TÜRKSOY-un baş direktoru Düsen Kaseinovun türkdilli ölkələrdən gəlmiş jurnalistlərlə görüşü də yaddaqalan məqamlarla zəngin oldu. «Türk mədəniyyətinin tanıdılmasında mətbuatın rolu və önəmi» adlı dəyirmi masada çıxış edən D.Kaseinov türk mədəniyyəti ilə bağlı xəbərlərin mədəniyyətlər arasında körpü rolu oynadığını bildirdi, bu sahədə daha çox təbliğatın aparılmasının vacibliyini bildirdi: «TÜRKSOY-un tədbirləri mətbuatda yetərincə yazılmır. Qurumun beynəlxalq səviyyədə təşkil etdiyi tədbirlərin işıqlandırılmasında mətbuatın böyük rolu olmalıdır».
   Dəyirmi masada maraqlı fikir mübadiləsi oldu. Sonda Kaseinov jurnalistlərə qurumun suvenirlərini təqdim etdi. Bəli, etiraf edək ki, xüsusilə son bir neçə ildə TÜRKSOY-un fəaliyyəti daha çox nəzərə çarpır. Qurum böyük layihələr həyata keçirərək türk dünyasının mədəniyyətini nəinki türkdilli ölkələrdə, hətta bütün dünyada tanıdır, təbliğ edir. Məsələn, ötən il türkdilli xalqların milli bayramı olan Novruz Parisdə qeyd olunub, bu il isə bu bayram BMT-nin qərargahının yerləşdiyi Nyu-Yorkda qeyd olunacaq. Bu məqamda TÜRKSOY-un baş katibi Düsen Kaseinovun fikri ilə razılaşıram: doğrudan da, qurumun böyük çətinliklər, zəhmət hesabına ərsəyə gətirdiyi bu layihələr mətbuatda təbliğ olunmalıdır. Həm də türkdilli ölkələrin media nümayəndələri bunu bir vəzifə olaraq yerinə yetirməlidir.
   Yanvarın 26-da Ankaranı tərk edəndə güclü qar yağırdı və şəhər başdan-başa ağ rəngə boyanmışdı. Amma buna rəğmən soyuq və qarlı Ankaradan TÜRKSOY-dan əldə etdiyim isti xatirələr və təəssüratla ayrılırdım.
   
   Mehparə
   
Bakı-Ankara-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar