Narın yağış çiləyirdi. Qışın sonları olmasına baxmayaraq havadan payızın ətri gəlirdi. Xalq rəssamı Fuad Əbdürrəhmanovun müəllifi olduğu Nizami Gəncəvinin heykəli qarşısında dayanıb möhtəşəm memarlıq üslubunda tikilmiş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasına tamaşa edirdim. Bir azdan muzeydən reportaj hazırlamalı idim. Üç minillik tarixi olan ədəbiyyatımızı özündə əks etdirən muzey elə ilk tanışlıqdan məni valeh etdi. Maraqlı ekspozisiya zalları, rəsmlər, heykəllər - burada yaradılmış sənət aurası seyrçini zamanın qanadlarına alıb uzaq keçmişə aparır. Təxminən üç saat çəkən bu “səyahət” yaddaşımda zəngin təəssürat yaratdı.
   
   Karvansara... mehmanxana...və muzey
   
   Muzeyin binası əsr yarım öncə, 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilib. Bir zamanlar karvanları qarşılayıb yola salmış, yaxından-uzaqdan gələn qonaqlara qapı açmış bu qocaman tikili sonralar Azərbaycanın söz karvanının ünvanına çevrilir. Amma bunadək həmin tikili müxtəlif mərhələlərdən keçib. 1856-1868-ci illərdə memar Qasım bəy Hacıbababəyovun layihəsi əsasında karvansara dönüb olur ikimərtəbəli bina. 1915-ci ildə tikiliyə bir də əl gəzdirilir. Mühəndis A.Nikitin binanın yeni bərpa cizgilərini hazırlayır, ikinci mərtəbədə yenidənqurma işləri aparılır, iri banket zalı yaradılır.
   Mülkün təzə sahibi, Bakı varlılarından olan Hacı Hacıağa Dadaşov binanı “Metropol” adlı hotelə çevirir. Tədricən bura Bakı kübarlarının sevimli əyləncə yerlərindən biri olur. Binanın ilk qatında isə zərgərlik, müxtəlif xırdavat mağazaları sıralanır. Binanın uzun ömrünün faciəli səhifələri də var.
   1918-ci ilin martında Bakıda azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər həmin mülkün damına pulemyotlar qoyaraq indiki Sabir bağı səmtindən və Nizami heykəli tərəfdəki küçədən keçən insanları güllə yağışına tutublar.
   Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra “Metropol” mehmanxanası milli hökumətin ixtiyarına verilir. Hökumət üzvləri burada həm yaşayır, həm işləyirdilər. 1920-ci ildə sovetləşmədən sonra isə bu tikili Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına keçir.
   1939-cu ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqlar başlanır. Bu münasibətlə Nizaminin həyat və yaradıcılığına həsr edilən ayrıca muzeyin yaradılması qərara alınır. Respublika hökumətinin 1 noyabr 1939-cu il tarixli qərarından sonra binanın yenidən qurulmasına başlanılır.
   İstedadlı memarlar Sadiq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında binaya daha iki mərtəbə əlavə edilir, fasadındakı pəncərələr sökülərək yerində tağları yaradılır. Tağların altında Azərbaycan ədəbiyyatının 6 böyük klassikinin abidəsi ucaldılır - Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı. Beləliklə, təməl daşının qoyulmasından 90 il keçəndən sonra vaxtilə birmərtəbəli, nəzəri cəlb etməyən karvansara olmuş bina dördmərtəbəli memarlıq incisinə çevrilərək indiki görkəmini alır.
   Lakin 1941-ci ildə müharibənin başlanması muzeyin açılmasını ləngidir. Yalnız 1945-ci ildə müharibə bitəndən sonra, mayın 14-də Nizami muzeyi də xalqa daha bir mühüm bayram hədiyyəsi kimi təqdim edilir. Onilliklər sonra bu tikilinin tarixində ona ikinci həyat, təzə nəfəs bağışlayan daha bir əlamətdar hadisə baş verdi. Muzeydə əsaslı təmir və yenidənqurma işi başlandı.
   Bu barədə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov danışır: “2004-cü ildə Muzeyə direktor təyin olundum. Muzey müasir tələblərə cavab vermirdi. 1950-60-cı illərdə müəyyən işlər aparılsa da sonrakı dövrlərdə Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı bir çox yeniliklər üzə çıxmışdı. Amma onlar muzeyin ekspozisiyasında əks olunmamışdı. Muzeyin bir bina kimi tamamilə yenidən qurulması zəruri idi. Prezident İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı şəkildə təmiri və yenidənqurması başlandı. 4 il davam edən genişmiqyaslı işlərdən sonra bina bünövrəsindən tavanınadək tamamilə yeni görkəm aldı. Bütün naxış və bəzək elementləri yeniləndi, mərkəzləşdirilmiş isitmə-soyutma, havalandırma sistemləri yaradıldı, muzey tam kompyuterləşdirildi, ekspozisiya ən yeni texnologiyanın tətbiqi ilə müasir muzeyçilik tələbləri səviyyəsində quruldu, bütün rəsm və heykəltəraşlıq, tətbiqi sənət nümunələri üzərində ciddi bərpa işləri aparıldı. 1945-ci ildə muzey açılanda burada vur-tut 213 əlyazma, 200 daşbasma üsulu ilə nəşr edilmiş kitab, 152 qazıntı materialı, 424 incəsənət əsəri vardısa, hazırda muzey ekspozisiyası və fondlarında qorunan eksponatların sayı 100 mindən artıqdır”.   

    Tarixə “səyahət”
   
   Hər şöbəsində tarixi yaşadan muzeyi gəzmək, eksponatlarla, muzeyin divarlarını bəzəyən görkəmli rəssamların əsərləri ilə tanış olmaq başqa bir aləmdir. Bu gün tamaşaçılar muzeyin 35 əsas və 15 yardımçı zalında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin keçdiyi enişli-yoxuşlu, öyünməyə layiq mübarizəli yolla tanış olmaq imkanı əldə edir. Muzeyin peşəkar bələdçiləri Azərbaycan, türk, ingilis, fars, rus və digər dillərdə ekskursiyalar aparır.
   Muzeyin ekspozisiyası minillik tarixi olan “Avesta”dan, qədim türk dastanlarından, Yusif Xas Hacibin “Qutadqu bilik”, Mahmud Kaşğarinin “Divan-i lüğət ət-türk” kitabından başlayır. Nadir eksponatlar sırasında orta əsr Azərbaycan şəhərlərinin ərazilərindəki arxeoloji qazıntılarda aşkarlanmış rəsmli qablar, kaşılar, Nizami Gəncəvinin məzarından tapılmış tirmə parça, Azərbaycan klassiklərinin miniatürlü əlyazma “Divan”ları, Nəsiminin türbəsindən götürülmüş bir ovuc torpaq, Füzulinin əl xətti, Şuşanın qurucusu Pənahəli xanın üstü “Quran” ayələrilə naxışlanmış köynəyi, Xurşidbanu Natəvanın əl işi olan zərif tikmələr, Aleksandr Dümanın ona hədiyyə etdiyi şahmat taxtasından qalmış fiqurlar, Mirzə Fətəli Axundovun əlyazmaları, kitabxanası, tarı, sazı, ev əşyaları, XIX əsrdə Təbrizdə toxunmuş “Dörd fəsil” xalçası, Əlimərdan bəy Topçubaşovun Parisdəki Sen-Klu məzarlığından gətirilmiş başdaşı, Mirzə Cəlilin kamançası, “Molla Nəsrəddin” jurnalının redaksiyasındakı divar saatı və daha nələrlə burada tanış olmaq mümkündür. Firudin bəy Köçərli, Nəriman Nərimanov, Salman Mümtaz, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyevə məxsus qələmlər, yazı ləvazimatı, əlyazmaları, məktubları, Mikayıl Müşfiqin tarı, Cəfər Cabbarlının patefonu, Hüseyn Cavidin eynəyi, Yusif Vəzir Çəmənzəminlinin xatirə albomu, Əliağa Vahidin son siqareti, Abdulla Şaiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Ənvər Məmmədxanlının, Mir Cəlalın, Mehdi Hüseynin, Xəlil Rzanın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin və bir çox görkəmli ədəbiyyat nümayəndələrinin xatirələrini yaşadan əşyalar.
   Muzeyin zallarından biri repressiya qurbanlarına həsr edilib və dəmir barmaqlıqlar arxasından boylanan doğma surətlər XX əsrin sovet irticalarından xəbərsiz gənc tamaşaçılarda daim həyəcan oyadır, onları şəhid olmuş söz bahadırlarımızın ömrünün qəmli anları ilə tanış edir.
   Muzeyin divarlarını orta əsr Azərbaycan rəssamlarının, xüsusən Sultan Məhəmməd məktəbinə aid miniatürçülərin doğurduqları əsərlərlə yanaşı, görkəmli boyakarlar Sadıq Şərifzadə, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Nəcəfqulu, Elmira Şaxtaxtinskaya, Tahir Salahov, Toğrul Nərimanbəyovun əl işləri olan, ədəbiyyat salnaməmizi əks etdirən tablolar bəzəyir. Azərbaycanın tanınmış tişə ustaları Fuad Əbdürrəhmanov, İbrahim Zeynalov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Elcan Şamilov, Münəvvər Rzayeva, Qorxmaz Sücəddinov, Akif Əsgərov və digərlərinin yaratdıqları büst və heykəllər muzeyin zallarına ayrı bir əzəmət gətirir.
   Muzeydə bir çox ədəbiyyat və sənət xadimlərimizin xatirə fondları tədqiqatçı alimlər üçün də geniş imkanlar açır. Zallarda quraşdırılmış monitorlarda tamaşaçılar ədəbiyyat tarixinə müstəqil şəkildə audio-vizual səyahətlərə çıxmaq fürsətinə malikdirlər. Azərbaycan Milli Radiosu və Televiziyasının, Azərbaycan Dövlət Səsyazma Arxivinin, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin səs yazıları, foto-kino materialları ekspozisiyadakı kompyuterlərin yaddaşına yükləndiyindən ədəbiyyat həvəskarları keçmiş onilliklərin və yeni dövrün ən məşhur aktyorlarının ifasında ədəbi fraqmentləri dinləmək, müxtəlif səhnələşdirmələrdən hissələri, bədii və sənədli filmlərdən parçaları seyr etmək imkanı əldə edirlər.
   Divarlarına sözlər hopmuş, şəxsiyyətlərin ruhu yaşayan bu muzeydə saatlarla gəzmək insana mənəvi rahatlıq bəxş edir. Sanki zamanın qanadları səni anbaan müxtəlif dövrlərlə tanış edib böyük simaların müasirinə çevirir. Üç minillik tarixə 3 saat ərzində etdiyim “səyahət” də beləcə sona çatır...
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar