Milli Parkda keçiriləcək bayram şənliyi insanlara xoş əhval bəxş edəcək
Yumurtanı göyçək güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.
Məhəmmədhüseyn Şəhriyar
Qədim tarixi olan Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir, qış qurtarır, yaz fəsli başlayır. Deməli, Novruz bayramı yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı bu il də ölkəmizdə möhtəşəm şəkildə qeyd olunacaq. 2009-cu ildə Novruzun UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, ötən il isə BMT tərəfindən beynəlxalq gün kimi tanınması bu bayramın önəmini, özəlliyini bir qədər də artırıb. Martın 19-da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil ediləcək şənliklər İçərişəhərdən - Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Parkda davam edəcək.
Bayram tədbirinə ciddi hazırlığın gedişini izləmək üçün şənliklərin baş məşqinin keçirildiyi məkana yollandıq.
Turan və Novruz...
Biz Qız qalasının yanına çatanda ətrafda əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Müxtəlif musiqi qruplarının - Dövlət Mahnı və Rəqs Ansamblının, Bakı Xoreoqrafiya Məktəbinin, «Cəngi» folklor, «Cücələrim» uşaq ansambllarının, Uşaq Filarmoniyasının solistləri milli geyimlərdə qara zurnanın sədaları altında qızğın məşq edirdilər. Qız qalasının hər bir tərəfini isə orta əsrlər cəngavərlərinin formasını geyinmiş əsgərlər sanki mühasirəyə almışdılar. İnsanlar həvəslə onlarla şəkil çəkdirirdilər.
Mənzərə o qədər maraqlı idi ki, insan özünü bir anlıq qədim dövrlərdə hiss edirdi.
Bayram tədbirinin aparıcısı, Dədə Qorqud libasında olan Xalq artisti Nurəddin Mehdixanlının gur səsi insanların bayram əhvalını bir qədər də artırırdı: «Qarabağın, Şirvanın, Milin, Muğanın qədim-qayım torpaqlarında Bahar suları çağlayır, yaz yelləri əsir, Novruz tonqalları alovlanır. Xalqlar bayramı gözəl Novruz, qədəmlərin mübarək! Torpağımın bərəkəti aşıb-daşsın, ulu Novruz! Uca göyün aydın olsun! Duz-çörəkli, mərd ürəkli oğulların min yaşasın, ulu Novruz! Ocaqların gur qalansın, ulu Novruz!»
Xalq artisti N.Mehdixanlı deyir ki, tarixi beş min il öncəyə gedib çıxan Novruz bayramı yüzdə-yüz türk qövmlərinin, türk millətinin bayramıdır: “Əvvəllər bunun adı “törə”, “törəmə” bayramı, sonradan isə Turan bayramı olub. Çünki o zamankı Turan Altaydan Dunaya qədər böyük bir ərazini əhatə edirdi. Hazırda bir çox Şərq ölkələrində bu bayram ilin dəyişməsi, təbiətin yenidən törəməsi kimi qeyd edilir. Novruz sözünün mənası da «Yeni gün» deməkdir. Bu mənada bayramı qeyd etməyə ən çox haqqı çatan xalqlardan biri də azərbaycanlılardır. Min illər bundan əvvəl belə olub, hesab edirəm ki, min illər sonra da belə olacaq. Bugünkü gənclik bu bayramın qədrini daha çox bilməlidir. Çünki müstəqil bir ölkənin vətəndaşları kimi, bu bayramı çox rahatlıqla qeyd edə bilirlər. Hər ilin dəyişməsi insanlara təzə ümidlər, təzə arzular gətirir. Arzu edirəm ki, növbəti illərdə Novruzu işğaldan azad ediləcək torpaqlarımızda qeyd edək».
«Yaşa, yaşa, Azərbaycan!»
Məşq prosesini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Ədalət Vəliyev və nazirlik rəsmiləri yaxından izləyirdilər. Tədbirin hər bir detalına diqqətlə nəzər yetirən Əbülfəs Qarayev təşkilatçılara öz tövsiyələrini verirdi.
Milli Parkın ərazisində də qələbəlik idi. İnsanları ilk öncə «Yaşa, yaşa, Azərbaycan!» mahnısı ilə müxtəlif rayonlarımızdan təşrif buyurmuş aşıqlar qarşıladılar. Sonrakı mərhələdə isə Azərbaycan musiqisinin şah damarı olan muğam ifaçılarımız gəlirdi. Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova məhrəm səsləri ilə ətrafdakıların ruhuna bir anlıq da olsa rahatlıq gətirdilər.
Xaricilər Novruz bayramı ilə çox maraqlanırlar
Ərazidə diqqəti çəkən mənzərələrdən biri də xoruz döyüşdürülməsi idi. Əsasən Bakıətrafı kəndlərdən gətirilən xoruzlar, deyəsən qələbəni bir-birinə güzəştə getmək fikrində deyildilər. Xalqımızın Novruz ənənəsi hesab edilən bu mərasimi kənardan izləyənlər arasında xarici ölkə vətəndaşları da vardı. Yaxınlaşıb onların fikirləri ilə maraqlanırıq. Bakıda bir ildir işlədiyini deyən böyük britaniyalı Ceyms Qobl deyir ki, Novruz şənliyində ilk dəfə iştirak edir. O, Azərbaycanın maraqlı adət-ənənələri olduğunu bildirdi və vətənində yazın gəlişinin belə təmtəraqla qarşılanmadığını dedi.
Mehmet Günay isə Türkiyə vətəndaşıdır: «Mən Bakıda işləyirəm. Hər il bu ərəfələrdə mütləq şəhərə çıxıram, bayram törənlərinə qatılıram”.
“Azərbaycan xalqının çox maraqlı adətləri var. Mən Novruz şənliklərini bir neçə ildir izləyirəm. Gördüklərim haqqında vətənimdə dostlarıma danışanda çox təəccüblənirlər. Onlara söz vermişəm ki, budəfəki şənliyi videoya çəkib göndərəcəm». Bunu isə məşq prosesini kamera ilə çəkən İtaliya səfirliyinin əməkdaşı dedi.
Qız qalası yaxınlığında yerləşən mağazada tərcüməçi işləyən Elçin Mirzəyev isə deyir ki, Novruz bayramının belə təntənəli şəkildə qeyd edilməsi buraya gələn xarici turistlərə xüsusilə maraqlı gəlir. Onlar bayramın bütün detalları, özəllikləri haqqında sual verirlər. Bəzən olur ki, Novruz bayramı günlərində müxtəlif ölkələrdən gələn turistlər qrup şəklində mağazalardan alış-veriş edirlər, xalqımıza xas olan milli ornamentli sənətkarlıq nümunələrini alıb öz ölkələrinə aparırlar.
Hər bölgənin özünəməxsus Novruz ənənəsi var...
Qeyd edək ki, Azərbaycanın bütün bölgələri öz Novruz ənənələri ilə Milli Parkın ərazisində qurulmuş xüsusi stendlərdə təmsil olunmuşdu. Şəki, İsmayıllı, Gəncə, Tovuz, Naxçıvan, Quba, Şamaxı, Qəbələ, Ağdam, Xaçmaz, Lənkəran, Masallı, Oğuzdan gələn nümayəndələr öz rayonlarına xas Novruz ənənələrindən danışır, sənətkarlıq nümunələrini təqdim edirdilər.
Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Qazağın stendində rayonun tarixini, mədəniyyətini, məişətini, etnoqrafiyasını əks etdirən müxtəlif eksponatlar nümayiş etdirilirdi. Burada XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid geyim nümunələri, milli musiqi alətləri yer almışdı. Rayonun mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən folklor ansamblının üzvləri gərgin məşq edirdilər.
Şəki şəhərinə aid lövhədə isə Xan sarayı, karvansaralar, hamamlar haqqında məlumatlarla yanaşı, Şəki sənətkarlarının əl işləri də nümayiş etdirilirdi.
Bayram tədbirində Lerik, Masallı və Lənkəran rayonlarına aid stendlərdə ölkəmizin cənub bölgəsinə məxsus mətbəx nümunələri nümayiş etdiriləcək. Lənkəranın folklor ansamblının üzvlərinin ürəkləri dolu idi. «Ay lolo» sədaları Milli Parkın bütün ərazisi boyu yayılmışdı.
Müxtəlif rayonların stendlərini gəzdikcə bəzi maraqlı məlumatlar da əldə etdik. Bir daha yəqin etdik ki, xalqımızın qədim adət-ənənələrini, folklorunu özündə birləşdirən Novruz mərasimləri bəzi bölgələrdə özünəməxsusluğu ilə seçilir. Naxçıvanda ilin axır çərşənbəsi xüsusilə fərqli keçirilir. Məsələn, Şahbuz rayonunda gənclər kimin tonqalının daha hündür görünməsi uğrunda mübarizə aparırlar. Tovuzun Düz Qırıqlı kəndinin sakinləri isə Novruzun üçüncü çərşənbəsində vəfat etmiş yaxınlarını xüsusi mərasimlə yad edirlər. Bu kənddə Novruzun üçüncü çərşənbəsi qara, ölü çərşənbəsi adı ilə qeyd edilir.
Şirvanda və Şamaxıda Novruz, digər regionlardan fərqli olaraq, martın 21-dən 22-nə keçən gecə qeyd olunur. Bu regionda Novruzla bağlı bəzi rəvayətlər də var. Məsələn, deyilənə görə, əməlisaleh bir qarı bayram axşamı heyvanlarının hərəsini bir oduna bağlayır, səhər duranda isə həmin odunların hərəsinin bir yaşıl söyüd ağacına çevrildiyini görür. Bununla insanlar qışda ağacların yatdığını, yazda isə oyandığını izah etmək istəyirlər.
Kosa və keçəl
Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, bahar gəldi, xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Novruzun ən maraqlı personajları olan Kosa ilə Keçəlin çıxışını izləmək üçün onların ətrafına xeyli insan toplaşmışdı. Tədbirdə Kosa və Keçəl rollarını “İrs” folklor ansamblının solistləri Qafar Novruzlu və Vaqif İbrahimov ifa edəcək.
Paytaxt sakinləri Novruz şənliyinə ailəliklə qatılacaqlar
Novruz şənliyi ilə bağlı mərasimi, məşq prosesi olmasına baxmayaraq, xeyli şəhər sakini izləyirdi. Onların əhval-ruhiyyəsindən tədbirin yüksək səviyyədə keçəcəyi hiss olunurdu. Sara Bayramova adlı xanım jurnalist olduğumuzu bildikdə, ürək sözlərini yazmağımızı xahiş etdi: «Yaxınlıqdakı binalardan birində yaşayıram. Məşqlər başlayandan hər gün gəlib izləyirəm. Xalqımızın bu qədim bayramının belə yüksək səviyyədə keçirilməsi bizim ürəyimizdəndir. Tədbiri təşkil edənlər çox sağ olsunlar».
Vaqif Hüseynov təqaüdçüdür, Novruz tədbirinə qatılmağı çox sevir. Deyir ki, vaxtilə bu bayram yasaq olunmuşdu: “Bu bayramın qeyd olunması bizə müstəqilliyimizin töhfəsidir. Hörmətli prezidentimiz bu bayrama xüsusi önəm verir. Tariximizi yaşatmaq üçün milli bayramlarımızın belə təmtəraqlı keçirilməsi çox vacibdir».
Nəbi Muradov isə Novruz tədbirinə ailəsi ilə qatılacağını deyir: «Novruz bizim milli bayramımızdır. Tarixini, mədəniyyətini, adət-ənənələrini bilməyən vətəndaş torpağını da sevə bilməz. Bayram tədbirinə ailəliklə gəlirik, bu dəfə də, inşallah, belə olacaq».
Və sonda...
Novruzun əsas mahiyyəti mərasimlər vasitəsilə təbiətə təsir etmək, onu yumşaltmaq, mülayimləşdirmək, qışı, qara günü, çətinliyi, çilləni, ağrı-acını geridə buraxıb, yeni fəslə, işıqlı günə, bol-bərəkət, bəhrə verəcək həyata başlamaqdır. Bu bayram həm də sağlamlığın, firavanlığın başlanğıcı, başdan-başa ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır.
Bayramda yandırılan tonqallar qaranlığı yox edir. İnsanlar qışı qovub uzaqlaşdırır, günəşi səsləyir, səməni yaşıllığı, qırmızı boyanmış yumurta isə günəşi çağırır. Bütün bunlarla həm də insan demək istəyir ki, qışın mənə gücü çatmadı. Yenə də ruzim ortadadır, qışı uzaqlaşdırıram və yeni günümə uğurla başlayıram.
Biz də xalqımızın Novruz bayramını təbrik edir, ruzili, bərəkətli, günəşli günlər arzulayırıq.
Fəxriyyə Abdullayeva