Ərəbistan yarımadasının şimal-şərq hissəsində yerləşən Küveyt dövləti İraq və Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şimaldan İran körfəzi ilə əhatələnən dövlətin paytaxtı Əl-Küveyt şəhəridir. Ölkənin 3 milyona yaxın əhalisinin 90 faizi ərəbdir. Dövlət başçısı əmirdir. Müxtəlif zamanlarda qonşu dövlətlərin basqınlarına məruz qalan Küveyt 1898-ci ildə Böyük Britaniyanın nəzarəti altına keçib. II Dünya müharibəsindən sonra ölkədə güclənən milli azadlıq hərəkatı nəticəsində 1961-ci ilin yayında Küveyt müstəqil dövlət elan olunub.
1990-cı ilin avqustunda Küveyt İraq tərəfindən hərbi müdaxiləyə məruz qalıb, 1991-ci ilin yanvarında ABŞ başda olmaqla Qərb koalisiyası diktator Səddam Hüseynin bu müdaxiləsinə son qoyub. Beləliklə, bu il Küveytdə üç əlamətdar hadisənin yubiley təntənəsi bir-birinə qarışıb. Dövlət müstəqilliyinin qazanılmasının 50, İraq işğalından azad olunmasının 20 və Küveyt əmiri şeyx Səbah əl-Əhməd əl-Caber əs-Səbahın taxta çıxmasının 5 illiyi. Belə sevincli bir məqamda Küveytin paytaxtında Azərbaycan mədəniyyətinin xoş büsatı həqiqətən də bu ölkənin tarixində yaddaqalan günlərə çevrildi.
Azərbaycanla Küveyt arasında əsaslı əlaqələr ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra başlamışdır. İndi hər iki ölkə arasında sıx siyasi əlaqələr mövcuddur. Beynəlxalq qurumlarda Küveyt həmişə Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəkləyir. Bu ilin yanvarında dost ölkədə Azərbaycanla Küveyt arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ilk iclası keçirildi. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında məsləhətləşmələr aparıldı, bir sıra sazişlər imzalandı.
Küveytdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafında yeni səhifə oldu. Paytaxtın mərkəzi konsert salonunda Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirildi. Bəlkə də yarandığı gündən həmin konsert salonu bu dərəcədə çox tamaşaçı görməmişdi. Küveytdə yerləşən xarici ölkə səfirliklərinin nümayəndələri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, deputatların və digər rəsmilərin iştirak etdiyi bu tədbir ölkənin bütün informasiya vasitələrində işıqlandırıldı. Azərbaycan mədəniyyəti ilə bağlı qəzetlərdə maraqlı yazılar, reportajlar verildi. Nümayəndə heyətinin üzvləri televiziyaya dəvət edildi. Bir sözlə, Küveyt bütövlükdə Azərbaycan mədəniyyətinə kökləndi. Şəhərin bir çox yerində bu ölkədə keçirilən Azərbaycan Mədəniyyəti Günləri haqqında məlumat dolu iri lövhələr vurulmuşdu. Həqiqətən də dünyada siyasətin uzun illər boyu aça bilmədiyi qapıları mədəniyyət aça bilir. Musiqinin, rəqsin, mahnının heç bir tərcüməçiyə ehtiyacı yoxdur. Yaxşı sənət həmişə uğur qazanır. Bu mənada Azərbaycan mədəniyyəti Küveyti nəinki fəth etdi, bütün küveytliləri heyrət içində saxladı. Onlar Azərbaycan musiqiçilərindən ayrılmaq istəmirdilər.
Konsertdən öncə hər iki ölkənin himni səsləndirildi. Çıxış edənlər ölkə rəhbərlərinin salamlarını bir-birilərinə yetirdilər. Bu, ilk görüş olsa da, istər tamaşaçılar, istərsə də iştirakçılar sanki uzun illər idi bir yerdə çalışmışdılar. Hər iki dövlətin nümayəndələri arasında xoş ünsiyyət quruldu. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Üzeyir Hacıbəylinin «Cəngi»si ilə mərasimi açaraq ilk andaca tamaşaçılara xoş ovqat bağışladılar. Sonrakı nömrələrdə Əməkdar artist Anar Hüseynli Üzeyir Hacıbəylinin «Arşın mal alan» musiqili komediyasından Əsgərin ariyasını özünəməxsus coşqunluqla ifa etdi. Mahnı və Rəqs Ansamblının üzvləri müxtəlif rəqsləri bir çələng halında tamaşaçılara çatdırdılar. Xalq artisti Nəzakət Teymurovanın ifa etdiyi «Sarı gəlin» xalq mahnısı bütün salonu riqqətə gətirdi. Əməkdar artist Cabir Abdullayevin oxuduğu «Aşiqəm» xalq mahnısını tamaşaçılar xüsusi coşqunluqla alqışladılar. Gənc muğam ifaçısı Vüsalə Musayevanın ifasında səslənən «Şuşanın dağları» mahnısı sanki bu ölkəyə o dağların təmiz və saf havasını bağışladı.
Hər dəfə xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərində müəyyən zirvələr diqqət çəkir. Bu mərasimdə də tamaşaçıların ən çox alqışladığı və səhnədən buraxmaq istəmədikləri azərbaycanlı ifaçı Səlim Abbasov oldu. Onun skripkada ifa etdiyi «Küveyt təranələri» bütün salonu coşdurdu. Uşaqdan-böyüyə hamı azərbaycanlı skripkaçının istedadı qarşısında xoş sözlər deyir, sevinclə əl çalır, «bravo» deyə qışqırırdılar.
Mədəniyyət günləri çərçivəsində sonrakı konsert proqramları da uğurla keçdi.
Xalq artisti Cəmilə Bayramovanın solo rəqsləri mədəniyyət günlərinin xoş dəqiqələrindən oldu. Bu istedadlı rəqqasənin su sonası kimi süzməsi, qeyri-adi gəlişi ilə səhnədə zərif qanad açması salonu alqışlarla titrətdi. Ərəb tamaşaçısını rəqslə heyrətə gətirmək elə də asan deyil. Çünki bütün dünyada ərəb rəqqasları daha məşhurdur. Cəmilə Bayramovanın olduqca dəqiq, incə oyunu barəsində ərəb mətbuatında geniş məqalələr yazıldı. Onun səhnəyə hər gəlişi demək olar ki, uzun sürən alqışlarla müşahidə olunurdu. «Xarı bülbül» muğam qrupunun hazırladığı kompozisiyalar da rəğbətlə qarşılandı.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra ilk dəfə idi ki, Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçirilirdi. Tədbirin uğurlu alınmasında Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevin özünəməxsus əməyi var. Əvvəlcədən ölkədə xeyli təbliğat işləri görülmüş, qəzetlərdə Azərbaycan mədəniyyəti ilə bağlı ətraflı məlumatlar verilmiş, coğrafiyası, təbiəti, məişəti, üzləşdiyi problemlər barəsində küveytlilər müəyyən bilgilər əldə etmişdilər.
Mədəniyyət günlərinin açılışından öncə Əl-Küveytin mərkəzi konsert salonunda Bakı Milli Geyim Evinin hazırladığı libaslar sərgiləndi. Yeddi bölgənin - İrəvan, Qarabağ, Naxçıvan, Şirvan, Lənkəran, Borçalı bölgələri üzrə qədim milli geyimlər nümayiş etdirildi. Bakı Milli Geyim Evinin bədii rəhbəri Könül Vəlibəyli bildirdi ki, onlar belə möhtəşəm sərgidə ilk dəfədir ki, iştirak edirlər. Tamaşaçıların maraqlı baxışları, tez-tez müxtəlif suallar verərək hər bir geyim barəsində məlumat toplaması təsdiqləyirdi ki, küveytlilər Azərbaycanın milli geyimlərini çox bəyəniblər. Hətta onlar bu geyimləri alaraq yadigar saxlamaq istəyirdilər. Mərasimdə Azərbaycan nümayəndə heyətinə ölkənin simvolu sayılan qədim gəminin rəmzi bağışlandı. Azərbaycan tərəfindən isə ev sahiblərinə qədim milli geyim hədiyyə edildi. Ərəb tamaşaçıları bu jesti sürəkli və sevinc dolu səslərlə qarşıladılar.
Milli geyimlərlə yanaşı, fotoqraflarımızın Azərbaycanla bağlı çəkdikləri müxtəlif şəkillərin də sərgisi oldu. Fotoqraflardan Elçin Xəlilovun, Fərid Xayrulinin, Leyla Axundzadənin, Tahir Məmmədovun çəkdikləri 60-a yaxın foto nümayiş edildi. Bu fotolarda həm Bakının, həm də digər bölgələrimizin tarixi abidələri, mənzərəli yerləri, diqqətçəkən məqamları əks olunmuşdu.
Azərbaycan Mədəniyyəti Günlərinin son akkordları Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Rauf Hacıyevin «Azərbaycan» əsəri oldu. Hər iki ölkənin bayrağı dalğalanan salonda bütün iştirakçılar bir ağızdan «Yaşasın Azərbaycan-Küveyt dostluğu!» söylədilər. Ucalan səslərin ahəngi bir-birinə elə uyuşmuşdu ki, tamaşaçılar da salondan «Azərbaycan!» deyə səslənirdilər.
Küveytdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatsa da, onun ürəklərdə yaratdığı xoş təəssüratın ömrü əbədidir. Bu mərasimlə əlaqədar Küveytdə ərəbcə nəşr edilən bukletdə incəsənət xadimlərimiz, rəqs qrupu, ifaçılar haqqında ətraflı məlumatlar verilmişdi. Baxmayaraq ki, Küveytdə havanın hərarəti son dərəcə yüksək idi, amma yerli əhalinin Azərbaycandan gələn müsafirlərə bəslədiyi rəğbət və ehtiramın öz ahəngi də çox hərarətli olduğundan bu isti münasibət zahiri çətinliklərə üstün gəlirdi. Sanki Küveyt bizim doğma ünvanlarımızdan biri idi. Tamaşa başa çatmışdı. Konsert bitmişdi. Nümayəndə heyətimiz salonda tamaşaçılarla mehriban söhbət edirdi, şəkil çəkdirirdi, ünvan alırdı. Bir sözlə, ayrılıq yada düşmürdü...
“Mədəniyyət”