Ölkəmizdə müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Əhatə etdikləri sahənin təşəkkül və inkişaf tarixini əks etdirən bu muzeylər həm mədəni-maarif, həm də elmi-tədqiqat müəssisəsi kimi maraq doğurur. Azərbaycan Mülki Aviasiya Muzeyi də belə maraqlı müəssisələrdən biridir.
Bu sahədə çalışanlar üçün əlamətdar tarix - 2 iyun “Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramı günü” ərəfəsində muzeyə baş çəkmək qərarına gəldik. Azərbaycanın aviasiya tarixinə dair maraqlı eksponatların yer aldığı muzey bizdə zəngin təəssürat yaratdı.
Azərbaycan Mülki Aviasiya Muzeyi 2008-ci ildə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təşəbbüsü ilə yaradılıb. Milli Aviasiya Akademiyasının tədris korpusun nəzdində fəaliyyət göstərən muzeyin ilk direktoru olmuş Şəmsəddin Axundov hazırda akademiyanın prorektorudur. Muzeylə tanışlığa da onunla söhbətlə başladıq.
Müsahib deyir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən muzeyin yaradılması barədə qərar 2005-ci ildə verilib: “Bu qərar veriləndə əlimizdə demək olar ki, heç bir eksponat yox idi. Tədricən müxtəlif arxivlərdə, mədəniyyət müəssisələrində tədqiqat işləri apardıq, muzeyə müxtəlif sənədlər, eksponatlar gətirdik. Məqsədimiz ölkəmizin mülki aviasiya tarixini əks etdirən zəngin bir muzey yaratmaq idi. Nəhayət, muzeyin ekspozisiyası yaradıldı və o, 2008-ci ildə fəaliyyətə başladı. Bu gün isə muzeydə 7000-dən artıq eksponat var”.
Zəngin aviasiya tariximizin salnaməsi
Muzeyin fondunda mülki aviasiyamızın tarixini və bu gününü əks etdirən ən müxtəlif eksponatlar, o cümlədən qəzet materialları, bu sahəyə dair rəsmi sənədlərin surətləri, fotoşəkillər, filmlər, bədii ədəbiyyat, aviasiyaya dair təsviri sənət nümunələri toplanıb. Bu materiallar müxtəlif təşkilatların arxivlərindən, muzey və kitabxanalardan, habelə bəzi xarici ölkələrin arxivlərindən əldə edilib. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynovanın sözlərinə görə, mülki aviasiyamızın yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilərin ailə üzvləri tərəfindən də bir çox sənədlər, əşyalar muzeyə hədiyyə edilib. 26 ildir muzey işi sahəsində çalışan müsahibim deyir ki, muzey yaradılanda Azərbaycanın belə zəngin aviasiya tarixinin olduğunu düşünmürdü. “Sovet hakimiyyəti illərində bizlərdə belə bir təəssürat yaranmışdı ki, azərbaycanlılar arasında təyyarəçi yoxdur, çünki gördüyümüz təyyarəçilər əsasən qeyri millətlərin nümayəndələri idi. Amma biz muzey yaradılarkən apardığımız araşdırmalar zamanı gördük ki, bizim necə mərd, igid təyyarəçilərimiz olub. Onların qəhrəmanlıqları, fədakarlığı müxtəlif sənədlərdə öz əksini tapıb”.
Muzeyin ekspozisiya şöbəsinin müdiri Elnaz Osmanova bizi ayrı-ayrı bölmələrlə tanış edir. Öyrənirik ki, muzey fond və ekspozisiya şöbələrindən ibarətdir. Ekspozisiya tarixi xronologiya üzrə 10 bölmədə təqdim olunur. Ekspozisiyanın ilk bölməsi “Əfsanədən həqiqətə” adlanır. Burada dünya aviasiya tarixi, ilk aeroplan ixtiraçıları barədə məlumat verilir. Guşədə dünyada ilk dəfə əzələ gücünün hesabına hərəkətə gələn aeroplanın sxemini hazırlayan məşhur italiyalı rəssam, mühəndis Leonardo da Vinçinin ixtiraları barədə məlumat, eskizlər də təqdim olunur.
Muzey “Səma şahinləri”mizin şücaətini təbliğ edir
Bölmələrlə tanışlıq zamanı məlum olur ki, Bakıda ilk təyyarə uçuşları ötən əsrin əvvəlində köhnə Balaxanı şosesində (indiki Füzuli küçəsi) təşkil olunan “Aviasiya həftələri”ndə nümayiş olunub. Ekspozisiyadakı materiallardan 1908-1910-cu illərdə Bakıda müvəqqəti aerodromların fəaliyyəti, ilk aviauçuşlar, 1910-cu ildə Fransada təyyarəçi-pilot ixtisası üzrə təyyarəçilik məktəbində təhsil alan Əli bəy Verdiyevin həyat və fəaliyyəti, 1915-ci ildə Bakıda açılmış dəniz aviasiyası zabitlər məktəbinin yaradılması barədə məlumat alırıq. Öyrənirik ki, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılıb, 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilib. 1938-ci ilin 2 iyunu isə Azərbaycanın ilk müstəqil mülki aviadəstəsinin təşkili ilə tarixə düşüb və bu tarix ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Muzey ekspozisiyasında Yevlax, Zabrat aviamüəssisələrinin təşkili və fəaliyyəti, mülki aviasiyanın yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilər - Teymur Mustafayev, İvan Bandzo, Əbülfəz Quliyev, Yusif Quliyev, Viktor İsgəndərov, qadın təyyarəçilərimizdən Leyla Məmmədbəyova, Sona Nuriyeva, Züleyxa Seyidməmmədbəyova və digərləri haqqında maraqlı materiallar da yer alıb.
Mülki aviasiyamızın dünəni və bu günü
Ekspozisiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi hava qüvvələrinin yaradılması istiqamətində görülən işlər də öz əksini tapıb. General Əliağa Şıxlinskinin 1920-ci il 22 yanvar tarixli əmri ilə Azərbaycan ordusunda aviasiya dəstəsinin yaradılması haqqında sənədlər, xarici ölkələrdən aeroplanların dəvət olunması ilə bağlı yazışmalar, ingilis hərbi təyyarələrinin Gəncədə yerləşdirilməsi, ixtisaslı aviasiya mütəxəssislərinin Bakıya dəvət olunması ilə bağlı sənədlər maraq doğurur. Yeri gəlmişkən, böyük bəstəkar Üzeyir Hacıbəylinin vaxtilə “Aviatorlar marşı” adlı musiqi əsəri yazdığı da muzey yaradılarkən aparılan araşdırmalar zamanı məlum olub. Bu əsər indi mülki aviasiyamızın himni kimi qəbul edilib.
Muzeydə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir mülki aviasiyasının inkişafı müxtəlif materiallarda əksini tapıb. Mülki aviasiyanın inkişafına dair 1998-2003-cü illər üzrə Dövlət Proqramına əsasən, Bakı Beynəlxalq Hava Limanının yenidən qurulması, yeni sərnişin terminallarının istifadəyə verilməsi, “Boeing” ailəsinə məxsus ilk təyyarələrin alınması və digər işlər barədə təfsilatı ilə məlumatlar verilir.
Ekspozisiyada bugünkü mülki hava gəmisinin kapitanı və bələdçi geyimləri də nümayiş olunur. Geyimlərdəki milli ştrixlər-buta ornamentinin təsviri diqqəti cəlb edir.
Elmi-tədqiqat ocağı
Mülki Aviasiya Muzeyi bu gün həm də elmi-tədqiqat müəssisəsi rolunu oynayır. İndiyədək Gürcüstandan, İspaniyadan tədqiqatçılar gələrək muzeydə nümayiş olunan sənədlərdən öz tədqiqat işlərində istifadə ediblər. Muzeyin direktoru Firəngiz Hüseynova Azərbaycanın mülki aviasiya tarixini yaşadan əşyaların dolğun nümayişi üçün muzeyin ekspozisiyasında xüsusi guşə yaradıldığını, muzeyə gələnlərə burada ən müasir elektron-texniki qurğuların köməyi ilə məlumatlar əldə etmək, maraqlı süjetləri izləmək imkanlarının yaradıldığını deyir. Direktor muzeyin məktəblərlə əlaqə saxladığını, gələcəkdə bölgələrdə səyyar sərgilərin nəzərdə tutulduğunu bildirdi.
Muzeydə bütün əlamətdar günlər, xüsusilə də aviasiyaya bağlı təqvimlər, tanınmış təyyarəçilərin yubileyləri qeyd olunur. Milli Aviasiya Akademiyası tələbələrinin uğurlarına həsr olunmuş sərgilər, filmlər çəkilib. Həmin filmlərdən biri akademiyanın tələbəsi, bu yaxınlarda A.F.Mojayski adına Beynəlxalq Aviasiya Olimpiadasının qalibi olmuş, diplom və medalla təltif olunmuş Emil Vahablının uğurlarından bəhs edir.
Zəngin aviasiya tariximiz açıq hava altında muzeyin yaradılmasına imkan verir
Muzeyin ekspozisiyası ilə tanışlıqdan sonra yenidən söhbətimizi Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin Axundovla davam etdiririk. Prorektor akademiyanın uğurlarından, o cümlədən tələbələrin nailiyyətlərindən ətraflı bəhs edir, onların müxtəlif müsabiqə və bilik yarışmalarında qazandıqları diplom və fəxri fərmanları göstərir. Söhbət əsnasında müxtəlif ölkələrdə olduğu kimi, Bakıda da açıq səma altında aviasiya muzeyin yaradılması ideyasına münasibətini soruşuram. Müsahibim bunun tamamilə mümkün olduğunu vurğulayır. Deyir ki, gələcəkdə muzeyin fəaliyyətinin genişləndirilməsi, açıq havada muzeyin yaradılması planlaşdırılır: “Mülki aviasiyamızın zəngin tarixi göstərir ki, açıq havada belə bir muzey yaradılsa, çox maraqla qarşılanar. Həmin muzeydə aviasiya tariximiz daha geniş şəkildə təqdim oluna bilər, orada ayrı-ayrı dövrlərə aid təyyarələr və s. də nümayiş etdirilə bilər. Bütün bunlarla bağlı yeni layihələr planlaşdırırıq”.
P.S. Burada tariximizin hər anı maraqlıdır. Elə bir məqam yoxdur ki, diqqəti cəlb etməsin. Muzeydə ziyarətçilərin rəy kitabında yer alan xoş sözlər də buraya gələnlərin zəngin təəssüratla döndüyünü göstərir. Bu yazını da muzeylə tanışlıqdan sonra təəssüratımızı ümumiləşdirərək həmin kitaba yazdığım sözlərlə bitirmək istəyirəm: “Gəlməyə, görməyə və aviasiya tariximizlə fəxr etməyə dəyər...”
Ceyhun Zərbəliyev