Burada dünyanın ən məşhur nəşriyyatlarının kitablarını almaq, oxumaq və mədəni istirahət etmək olar
Son vaxtlar mədəniyyətlərarası dialoq məkanı, mötəbər beynəlxalq forum, festival və müsabiqələrin ev sahibi kimi tanınan Bakı həm də müasir dünya standartlarına uyğun kitab mərkəzləri ilə də diqqət çəkməyə başlayır. Sevindirici haldır ki, vaxtilə paytaxtımızda fəaliyyət göstərən kitab mağazalarının sayının azalması fonunda müasir kitab mərkəzlərinin açılması insanların kitaba olan sevgisini yenidən qaytarır.
Öz rəngarəngliyi ilə göz oxşayan, kitabı təbliğ edən və sevdirən belə məkanlardan biri də Azərbaycan Diplomatik Akademiyasının (ADA) nəzdində fəaliyyətə başlayan Kitab Mərkəzidir. Geniş əraziyə malik, rəflərində gözəl tərtibatlı kitabların toplandığı bu Kitab Mərkəzini hər zaman yenilikçi ideyalarla diqqət çəkən Diplomatik Akademiyanın növbəti uğurlu layihəsi hesab etmək olar. Zəngin kitab fonduna malik mərkəz təkcə ADA-nın tələbələrinə deyil, bütün kitabsevərlərə əvəzsiz töhfədir. Beləliklə, oxucuları ADA Kitab Mərkəzi ilə tanış etmək üçün ədəbi auralı məkana daxil oluram.
«Kitabların rəngarəngliyi içərisində özümü Vaşinqtonda hiss etdim»
ADA-da Kitab Mərkəzinin açılışı aprelin 22-də olub və bu münasibətlə burada I beynəlxalq mədəniyyət festivalı keçirilib. Mərkəzin direktoru Vüqar Zeynalovun sözlərinə görə, festivalda Azərbaycanda akkreditə olunmuş 17 ölkə səfirliyi öz dövlətinin stendləri ilə iştirak edib: «Stendlərdə hər ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablar, jurnallar, broşürlər, fotoşəkillər, müxtəlif geyim və bəzək əşyaları, şirniyyat məmulatları nümayiş etdirildi. Festival çərçivəsində qonaqlar kitab mərkəzi ilə tanış oldular. Hətta ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə mərkəzdə yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeyd edərək, «Bu kitabların rəngarəngliyi içərisində mən özümü Vaşinqtonda hiss etdim» deyə bildirdi».
Qeyd edək ki, ADA Kitab Mərkəzi Azərbaycanda analoqu olmayan bir kitab mağazasıdır. Mərkəzdə kitab kafesi fəaliyyət göstərir ki, alıcı istədiyi kitabı burada çay masası arxasında rahat şəkildə vərəqləyə bilər. Kitablar isə ən müxtəlif mövzuları əhatə edir. Xüsusilə ingilis dilində kitablar çoxluq təşkil edir. Bu da təsadüfi deyil, axı oxucular məhz bu dildə kitablara daha çox maraq göstərirlər.
Mərkəzin direktoru burada Azərbaycan, ingilis, rus dillərində kitablar olduğunu, yaxın vaxtlarda türk dilində də elmi ədəbiyyat gətiriləcəyini bildirdi.
Maraqlıdır, görəsən, ADA Kitab Mərkəzinə üz tutan alıcılar hansı mövzuda kitablara üstünlük verirlər. Vüqar müəllim bu sualımızı belə cavablandırdı:
- Elmi ədəbiyyata daha çox oxucu marağı olduğundan bu kitablara geniş yer veririk. Detektiv romanlar da daim satılır, eyni zamanda memuarlara, psixoloji ədəbiyyata Azərbaycanda maraq az deyil. Bundan başqa, mərkəzimizdə Azərbaycan mədəniyyətini təbliğ edən kitablar da var. Rusiyanın «Elm» nəşriyyatı ilə razılığa əsasən, bu nəşriyyatın kitablarını alacağıq. M.Lomonosov adına Moskva Dövlət Universitetindən də kitab almağı planlaşdırırıq. Mədəniyyət və turizm sahəsinə, xüsusilə ingilis, rus dillərində olan bələdçi kitablarına da mərkəzdə geniş yer verilir. Bir neçə gün əvvəl Qazaxıstandan bura gələn turistlər burada Avropa şəhərlərinə aid olan bələdçi xəritələri aldılar».
Kitab-axtarış sistemi - Azərbaycanda yenilik
Kitab alıcılarının nəzərinə çatdırmaq istərdik ki, ADA Kitab Mərkəzində kitab-axtarış sistemi də müasir standartlara uyğun formada qurulub. Bunun üçün mərkəzdə iki köşk fəaliyyət göstərir. Bu köşklərə yaxınlaşıb əvvəlcə istədiyin dili seçirsən, sonra müəllifin və kitabın adını daxil edirsən. Əgər kitab mərkəzdə varsa, ekranda onun sayı, kodu və qiyməti ilə bağlı da məlumat yazılır. Çünki mərkəzdə olan bütün kitablar kitab-axtarış sisteminə daxil edilib. Mərkəzdə kitabın olduğu təqdirdə, satış mütəxəssisləri alıcıya şöbəni seçməkdə yardım edir. Əlbəttə, bütün bunlar ADA Kitab Mərkəzini digərlərindən yaxşı mənada fərqləndirən xüsusiyyətlərdir.
Kitab Mərkəzində sosial, bədii, psixoloji, incəsənət və digər bir çox bölmələr də fəaliyyət göstərir. Burada Avropanın məşhur, brend markalı nəşriyyatlarının məhsulları da yer alıb. Bununla bağlı ortaya maraqlı sual çıxır: Bu kitabların qiyməti Azərbaycan oxucusunun cibinə uyğundurmu?
Elə başlayaq tərtibatı ilə göz oxşayan kitabların düzüldüyü incəsənət bölməsindən. Məsələn, burada Almaniya nəşri olan rəsm albomunun qiyməti 17-22 manat arasında dəyişir. Amma öz alıcıları olan böyük albomların qiyməti, məsələn, 192 manat təşkil edir. Mərkəzin direktoru deyir ki, Avropanın özündə bu kitabların qiyməti bundan ucuz deyil: «Sovet dövründə deyirdilər ki, kitab ən yaxşı hədiyyədir. Bu gün də artıq bu ənənə formalaşmağa başlayıb. Artıq insanlar ad günlərində də bir-birlərinə hədiyyə kimi bahalı, gözəl tərtibatlı kitablar bağışlayırlar. Brendlərə gəlincə, bu günə qədər Azərbaycanda demək olar ki, bütün brendlər öz əksini tapmışdı və artıq nəşriyyat brendləri də Bakıda təmsil olunmağa başlayıb.
Beynəlxalq tədbirlər məkanı
ADA Kitab Mərkəzi balaca oxucuları da yaddan çıxarmayıb. Uşaqlar üçün nəzərdə tutulan bölmədə rəngli stol və stullar, guşənin ümumi aurası balaca nəsildə kitab oxumaq adət-ənənəsini formalaşdırmaqdan ibarətdir. Dünya təcrübəsində bunun üçün müxtəlif metodlar mövcuddur. ADA-nın mətbuat əlaqələri üzrə baş koordinatoru Zaur Həsənovun sözlərinə görə, Amerika prezidentinin xanımı ayda bir dəfə uşaqlarla birlikdə kitab oxuyur. ADA Kitab Mərkəzində belə bir bölmənin yaradılması gələcəkdə balaca oxucular üçün də müxtəlif tədbirlərin keçiriləcəyindən xəbər verir.
Mərkəzlə tanışlıq zamanı bəlli oldu ki, bu məkan təkcə kitab satışını deyil, gələcəkdə həm də beynəlxalq tədbirlərin keçirilməsini planlaşdırır. V.Zeynalovun sözlərinə görə, iyunun 10-da görüş zalında yazıçı Çingiz Abdullayevlə görüş nəzərdə tutulub: «Davamlı olaraq digər müəlliflərlə də görüşlər təyin olunub. Bundan başqa, burada kitab təqdimatları da keçiriləcək. Məsələn, bu günlərdə Bəhram Bağırzadənin yeni kitabının təqdimatının keçirilməsini nəzərdə tuturuq. Məqsədimiz kitabı təbliğ etmək, ona olan əvvəlki sevgini bərpa etməkdir. Qoy insanlar müəlliflə, kitabla daha yaxın olsunlar. Yazıçı ilə görüş ənənəsi dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələrində mövcuddur. Bu baxımdan, belə tədbirləri biz də müntəzəm təşkil etmək niyyətindəyik. Sentyabr-oktyabr ayları üçün təkcə yazıçılarla deyil, rəssam və fotoqraflarla bağlı da belə tədbirlərin keçirilməsi planlaşdırılıb”.
Mərkəz beynəlxalq əlaqələrini də genişləndirir: “Qısa müddətdə Avropa və Rusiya nəşriyyatları ilə işləməyə başlamışıq. Rusiya, Türkiyə kitab mərkəzləri ilə birlikdə tədbirlərin keçirilməsi də nəzərdə tutulub».
Qeyd edək ki, ADA Kitab Mərkəzi istənilən müəllifin kitabını qəbul edir və bununla bağlı əmtəəşünas da fəaliyyət göstərir. Bir sözlə, mərkəzə hər kəs gələ və onun imkanlarından faydalana bilər.
Kitab Mərkəzinin Diplomatik Akademiyanın təhsil prosesində də iştirak etdiyini bildirən V.Zeynalov, ilk növbədə bu ali təhsil ocağının tələbə və müəllimlərinə lazım olan kitabları gətirməyi qarşıya əsas məqsəd kimi qoyduqlarını deyir: «Akademiyanın ümumi fəlsəfəsinə uyğun addım atırıq. Kitabların satışında da ADA-nın qonaqları və tələbələri üçün müəyyən güzəştlər olunur, kitablar onlara ən minimal qiymətə satılır».
Beləliklə, ilk mərhələdə yalnız diplomatlar üçün nəzərdə tutulan ADA Kitab Mərkəzi indi bütün kitabsevərlər üçün mədəni istirahət mərkəzinə çevrilib. Bu səbəbdən gününü zəngin təəssüratla keçirmək, mədəni istirahət etmək istəyənlər yolunu Avropa interyerinə malik ADA Kitab Mərkəzinə sala bilərlər.
Mehparə