Köhnə quruluş “ada”sında...
   
   Bu sözlərə təəccüblənməmək üçün bu yazını axıradək oxumaq gərək. Tufanlarla çalxalanan keçmişli, müstəqil inkişaf ləpələrilə pıçıldaşan bugünlü, daha böyük xarüqələr sabahlı Azərbaycan dənizinin tən ortasında hələ də “kolxoz” “gəmi”siylə lövbər salmış İvanovka kəndini “ada” adlandırmayaqmı?
   
   Bu “ada” Azərbaycanın füsunkar təbiət odası sayılan İsmayıllı rayonunda yerləşir. Bu yurdun cəmiyyəti də - elə təbiəti kimi - gözəl və özəldir. Bu fikrin zikri üçün ulu Səməd Vurğunun “Talıstan” poeması üstdə xəyallanmaq kifayət edər. Bu bədii təəssüratları reallaşdırmaqçünsə, gərək ora uzanan şüşə kimi yollarla səfər edəsən. Ora yetib görəsən ki, çoxlarının dilucu işlətdiyi “vətənpərvərlik” sözü nədir, vətənpərvərliyin özü nədir. “Qonaqpərvərlik” sözü nə, qonaqpərvərliyin özü nə. “Rayon rəhbərliyi” təyini söz birləşməsinin protokol qavranışları necə, İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, müavini Əzizə Vahabova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov və başqalarının camaata, təsərrüfata, infrastruktura, qonaq-qaraya və son soraq olaraq, müstəqilliyimizin bərpasının 20 illiyini birlikdə bayramlamaq üçün Mədəniyyət və Turizm Nazirliyinin göndərdiyi sənətkarlara münasibət, xətir-hörmət davranışları necə... Bəri başdan onu da qeyd edim ki, budəfəki səfər heyətimizdə Mədəniyyət və Turizm Nazirliyini Regionlarla iş sektorunun aparıcı mütəxəssisi Oqtay Muxtarov təmsil edirdi.
   
   Görkəmli yurdun görüntüləri
   
   Hara baxırsan - Allah-bəndə hərəkət-bərəkətli gözəllik, həyati qəzəllik. Təbiətlə cəmiyyətin birgə yaratdığı ülviyyət, ictimai-sosial mədəniyyət. Yaraşıqlı küçələr. Dünənki-bugünkü düşüncə və imkanlarımız arasındakı fərqlərin müsabiqə yarışı kimi sıralanmış birmərtəbəli və çoxmərtəbəli binalar. Hərəsi bir əsri “təmsil edən” canısulu ağaclar. Ulu babalarının əkdiyi bu təbii çətirlər altında müstəqilliyimizin 20 illiyini bayramlayan qocaların, ahılların, gənclərin, uşaqların Mədəniyyət evi fasadındakı nəhəng monitordan seyr etdikləri görüntülərə reaksiyaları, vətəndaşlıq sədaları, “mən müstəqiləm!” nidalı fəxr-fəxarət ədaları. Bu meydanda şəhər memarının təxəyyül qəniməti kimi qiymətləndiriləsi üç gözəl ünvan var - ümummilli lider Heydər Əliyevin monumental heykəli, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı.
   Bu məkanlarla tanışlıq prosesində bir daha yəqinləşdirirsən ki, bayaqdan bəri görüb-duyduqlarımızın (və bundan sonra görüb-duyacaqlarımızın) əksəriyyəti buradakı fotoşəkillərin, mətnlərin, növbənöv stendlərin baş qəhrəmanı - ulu öndər Heydər Əliyevlə bağlıdır...
   ...Və milli öndərin böyük internasionalizmini xarakterizə edən bir ünvanda, əfsanəvi Nikitin yurdu -
   
   İvanovkada...
   
   Bu kəndə çatar-çatmaz, böyük Lev Tolstoyun obraz-xarakterləri, “Yasnaya Polyana” təsərrüfatı və arxitekturasının elementləri ilə çulğanırsan.
   Daha nələrlə? Bu haqda sonda...
   Hələlik real-sosial notlar, «canbir-qəlb-ot duşi”də yaşayan qaravəllilər - “çastuşka”lar daşıyıcılarının müştərək vətən - Azərbaycan sənətçilərini necə qarşıladıqlarına dair.
   Öncə, qup-quru sovet “peçat”ının “şinel”indən birdəfəlik çıxmış azad mətbuatımızın nümayəndəsi olaraq qeyd edim ki, hər sahədə “brend”li olan ivanovkalılar qonaqları gül-çiçək, tər-təbəssüm, alqış-alxış, baraban-dramla qarşıladılar.
   Əzəmətli Mədəniyyət evinin ziyafət salonundan fövqi-qonaqpərvərliklə çıxan qonaqlar şövqi-sənətpərvərliklə tamaşa salonunun səhnəsi arxasına keçdilər.
   Ev yiyələrinin nəvaziş dolu “xoş gəldin”indən sonra “səhnə-salon dueti” ustası, Xalq artisti Ramiz Novruz mikrofon önünə keçib, bu büsatın yaradıcılarının - ümummilli lider Heydər Əliyevin, ölkə prezidenti İlham Əliyevin, Azərbaycanın mədəniyyət, təhsil, tibb sahələrində silinməz izlər-imzalar qoymaqda davam edən Mehriban xanım Əliyevanın gördükləri işlər haqda qısa giriş sözündən sonra tədbir-konsertin başlandığını elan etdi. Öncə bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə reallaşan bu səfərlərimiz sayəsində nəinki təkcə siz, habelə, biz sənət adamları da hədsiz mənəvi qazanclara batıb-barınırıq. Bu son bir ay ərzində ölkəmizin Lerik, Yardımlı, Xızı, Şabran cənnət-məkanlarında nələr görmədik, hansı hisslər keçirmədik! Sizinlə görüşə gələnədək yükləndiyimiz sonuncu - qədim Şabran təəssüratlarımız, obrazlı desək, bir dəvə-karvanlıqdır. Orada salona toplaşmışlar arasında hansı sahə adamı desən, vardı. Düz deyirlər ki, muğam qədər baş yırğalatdıran musiqi yoxdur. Və Şabran mədəniyyət evində indi dinləyəcəyiniz sənətkarların ifaları rayonun İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və rayonun digər rəsmilərini, bir sözlə hamını, hər kəsi xüsusi bir feyz aləminə qərq etmişdi.
   İndi sizi o sayaq bir aləmə dəvət edirik. O aləmi yaradanların adlarını bəri başdan elan edirəm: Xalq artistləri Canəli Əkbərov, Cəmilə Bayramova, Tariyel Qasımov, Əməkdar artist Gülüstan Əliyeva, Nişanə Baxışova, Rövşən Əziz, Nəzakət Məmmədova, Şahnaz Əliyeva, Şəms Cəbiyeva, Səməd Xasıyev, tarzən Altay Niftəliyev, kamançaçı Araz Allahverdiyev.
   Hər bir ad - populyarlıq dərəcəsindən asılı olmayaraq - rəğbət-məhəbbət dolu alqışlarla qarşılanır. Hər nüansa ekspromt yaradıcılıqla yanaşan aparıcı gülümsəyərək “Nəzərə alın, üç saatlıq bu konsertin yarım saatının bada verilməsinə baiskar sizin öz alqışlarınızdır” - deyib, biri-birindən gözəl çıxışları ilə salondakılara maraqlı anlar yaşadan gənc müğənniləri növbə ilə səhnəyə dəvət edir.
   Sənətçilər dəstəsinin “sonbeşiyi” Şəms Cəbiyeva bütün salonu oynaq “Çıx yaşıl düzə” ritminə qoşur. Sənət məlahətli Nəzakət Məmmədova, səhnə təravətli Şahnaz Əliyeva ifa etdikləri Azərbaycan və rus mahnıları ilə salonu əsl internasional himnə qərq edirlər. Rövşən Əziz, Səməd Xasıyev zalda istedadlı övlad - toy-büsatlı Vətən ab-havası yaradırlar. Nişanə Baxışova, Əməkdar artist Gülüstan Əliyeva tamaşaçıları böyük muğam məqamına yetirirlər. Xalq artistləri Cəmilə Bayramovanın “Turacı” və “Tərəkəmə” rəqs havaları altında füsunkar rəqsi, Tariyel Qasımovun “səhnə olayları” silsiləsindən xatirələri tamaşaçıların gözləri qarşısında əsrarəngiz vizual mənzərələr yaradır, yaddaşlarında retro-teatral xatiratlar oyadır.
   Canəli Əkbərovun adı da salonda alqış təlatümü yaradır, təkrar-təkrar dəvətlərdə şahə qalxan ifaları da! Yetmiş iki yaşlı bu ustad-sənətkarın pəs-bəmləri ürəklərin ən dərin guşələrinə, zəngulə-ciknələri göyün yeddinci qatına işləyir.
   Tarzən Altay Niftəliyevlə kamançaçı Araz Allahverdiyev isə bütün bu ifaları zərif-zərif müşayiət, tamaşaçı ürəklərini yuxa-yuxa fəth etdilər.
   Bu yazının əvvəlində Lev Tolstoyu xatırlayıb vəd etdiyim təəssürat isə bundan ibarət ki, alqış dolu konsertin axırında salonu tərk edən rus ər-arvadlar, nişanlılar, məktəbli uşaqlar Fyodor Dostoyevskinin sevgili, tipik, bəzən də mifik obrazlarını xatırladırdılar...
   Və müstəqil Azərbaycan Respublikasında «kolxoz» adlı təsərrüfat modelini saxlamaq müstəqilliyi verilmiş bu kənddə rus əsilli vətəndaşlarımıza sovet dövründəkindən də doğma yanaşıldığının şahidi oldum...
   
   A.Tahir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar