Kukla teatrı ilə çoxumuz tanışıq. Müxtəlif personajları əks etdirən kuklaların ifasında təqdim olunan tamaşalar özünəməxsus sənət aləmidir. Bəs səhnədə hərəkətə gətirilən, “canlandırılan” bu kuklaların necə hazırlanması haqqında çoxumuzmu məlumatlıyıq? Deyəcəyik ki, yox. Amma yəqin bu hamıya maraqlıdır.
   
   Elə bunu nəzərə alıb, Abdulla Şaiq adına Dövlət Kukla Teatrına yollandıq. Öncə onu deyək ki, uşaqlıqdan gördüyümüz və canlı olduqlarına inandığımız kuklaların hazırlanma prosesini izləmək o qədər də asan deyildi. Eyni zamanda kuklalar aləminə düşmək marağı hər şeyi üstələyir. Elə buna görə də mərhələ-mərhələ teatrı dolaşdıq.
   Kukla teatrında iş rejissorla rəssamdan başlayır. Onlar tamaşanın mahiyyətini, obrazların xarakterini müəyyən etdikdən sonra qaralama eskizlərini hazırlayırlar. Eskizlər rejissor tərəfindən təsdiqləndikdən sonra iş başlayır. Quruluşçu rəssamdan sonra iş butafor sexinə həvalə olunur. Burada eskizlər əsasında əvvəlcə heykəltəraş kuklanın formasını hazırlayır.
   Sonra butaforçu usta xarakterlərə görə kuklanın baş formasını hazırlayır. Həmçinin kuklalara hərəkət vermək üçün qapid adlı vasitə də hazırlanır. Bu qapid vasitəsilə kuklaların göz, ağız hərəkətləri reallaşır. Qapid kuklanın bədəninin içinə qoyulduğundan görünmür. Elə maraqlısı da budur. Kukla qapid vasitəsilə idarə olunduğundan biz onu “canlı”, hərəkətli görürük və əslində insan tərəfindən idarə olunduğunu hiss etmirik. Lakin kuklalar yalnız qapid vasitəsilə idarə olunmur.
   Kukla teatrında digər variantlarda tamaşalar da hazırlanır. Buna arxa hissədən idarə olunan parket kuklalar, əllə hərəkətə gətirən əlcək kuklalar və iplə oynadılan marionet kuklalar aiddir.
   Butafor sexində üç işçi çalışır. Rafiq Həsənov 30 ildir ki, burada işləyir. Ömrünün 30 ilini kukla tamaşalarının personajlarına həyat verməyə həsr edən butaforçu usta bildirdi ki, bir tamaşanın kuklalarının hazırlanmasına iki ayadək vaxt sərf olunur. Butafor sexi rəssamla işləyir və burada heykəltəraşla butaforçunun işi bir-birinə bağlıdır. Burada olarkən Mirzə Fətəli Axundzadənin «Hekayəti-xırs quldurbasan» əsəri üçün eskizlər əsasında gildən portret hazırlanması ilə tanış olduq. Tamaşa böyük ədibin 200 illik yubileyi münasibətilə təqdim olunacaq.
   Teatrın baş rəssamı Lətifə Quluzadə bizimlə söhbətində bildirdi ki, müasir uşaqların zövqünü oxşayan kuklalar hazırlamaq həm çox məsuliyyətli, həm də çox çətindir: «Çünki uşaqlar çox həssasdırlar. Səhnə əsəri uşağın zövqünü oxşamırsa, bəyənilmirsə və onun psixologiyasına uyğun gəlmirsə, onlar tamaşanın sonuna kimi baxmaq istəmirlər, fikirləri yayınır. Odur ki, tamaşanın dramaturji və musiqi cəhətdən yaxşı olması yetərli deyil. Tamaşanın kuklaları da uşaqların zövqünü oxşamalıdır. Biz həmişə uşaqların nəyə maraq göstərdiklərini diqqətlə izləyirik».
   Tikiş sexində də iş öz axarı ilə gedirdi. Burada rəssamlar əlbəsələr üzərində işləyirdilər. Sexdə 2 dərzi və 2 rəssam çalışır. Sexin rəisi Ülviyyə Əliyevadır. Tikiş ustaları eskiz əsasında kuklaların geyimlərini hazırlayırlar. Paltarlar təkcə kuklanın ölçüsünə görə deyil, onların xarakterinə uyğun hazırlanmalıdır.
   Daha sonra isə kuklalar aləminə düşmək, onların arasında olmaq üçün əlbəsə və kostyum sexinə baş çəkdik. Bura çox sakitdir. Səhnədə gördüyümüz müxtəlif tamaşaların qəhrəmanları hamısı buradadır. Hamısı cərgə ilə havadan asılı vəziyyətdə düzülüblər. Onların əksəriyyətini tanıdıq. Ən maraqlısı isə səhnədə canlı insan tərəfindən hərəkətə gətirilən bu kuklaların insan hərəkəti olmadan belə canlı görünmələridir. Obrazları üzlərində həkk olunduğundan onlara bir kukla deyil, bir əsərin personajı, qəhrəmanı kimi baxırsan.
   Sexin rəisi Rəhilə Rəhmanova bildirdi ki, burada yalnız repertuarda olan tamaşaların kuklaları toplanıb. Ümumilikdə sexdə 21 tamaşadan 220-dən çox kukla saxlanılır. Repertuardan çıxarılan tamaşaların personajları isə bu otağı tərk etməli olurlar. Bu baxımdan otağın kukla sakinləri arasında böyük rəqabət var. Onların arasında ən çox rəğbət qazanan və sevilən «Cırtdan», «Əhməd», «Göyçək Fatimə», «Cik-cik xanım» və «Qırmızı papaq»dır. Onlar daha tez-tez səhnəyə çıxırlar. Teatr rəhbərliyi daima uşaqların marağını və tələbini nəzərə alır. Hansı qəhrəmanlar daha çox maraq doğurursa, o tamaşalar da tez-tez göstərilir. «Cırtdan» bu sırada liderlik edir. Bu məşhur nağıl qəhrəmanı illərdir ki, hər nəslin uşaqları üçün aktuallığını itirmir və daima maraqla qarşılanır. Elə bu səbəbdən də «Cırtdan» kuklası digərlərindən daha şanslı sayılır.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar