Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim!
İlk səfər, ilk təəssürat hər zaman insanın ruhunda xoş izlər buraxır. Ulu tariximizin bir çox olaylarına şahidlik edən, keşməkeşli zamanlardan keçən, sənətkarların, səyyahların, tacirlərin mərkəzi şəhər adlandırdıqları Təbrizə ilk dəfə səfər edirdim. Doğrusu, səfərin bu qədər zəngin təəssüratlı olacağını düşünmürdüm. Amma yanılmışdım. Noyabrın sonunu, bir qədər erkən gəlmiş qışın ilk qarlı günlərini Təbrizdə keçirdim.
Təbriz tarix boyu xalqımızın yaratdığı bir çox dövlətlərin mərkəzi, paytaxtı olub. Buna görə də tarixi tikililəri, qalaları, muzeyləri ilə göz qamaşdıran şəhər gələn qonaqlara canlı tarix səyahəti bəxş edir. Qırmızı dağın (Eynalı dağı) günəş şüaları altında bərq vurması ətəyində yerləşən şəhərə ecazkar gözəllik bəxş edir.
“Şairlər məqbərəsi”
Təbrizin əski küçələri, məhəllələri ta qədimdən tanınmış şairlərin məskəni olub. Zaman-zaman şəhərdə məskən salan, yaşayan ədiblərin, sənət adamlarının çoxu öz vəsiyyətlərinə görə məhz burada dəfn olunublar. “Şairlər məqbərəsi” (“Məqbərətül şüəra”) məzarlığının XIII əsrə qədər adı heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin (1281-1346) \"Nüzhətül-qülub\" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur.
Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xəqani, Fələki Şirvandan, Əbülula Gəncədən, Zahiri Faryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar. Ölümlərindən sonra isə onların dəfn olunduqları məzarlıq “Şairlər məqbərəsi” adlandırılıb.
Elxanilər, Ağqoyunlular dövründə də bu şəhərə tanınmış şair və ziyalılar pənah gətirirdilər. Lakin, əfsuslar olsun ki, təbii hadisələr - sel, zəlzələ bu məzarlığa ciddi xətər yetirir. Ədəbiyyat şəhriyarları - Xəqani Şirvani, Əsədiyyə Tusi, Mücirəddin Beyləqani, Qətran Təbrizi, Humani Təbrizi və digərlərinin məzarı 1772-ci il dəhşətli zəlzələdən sonra məhv olub. “Şairlər məqbərəsi”nin müasir tikilisi 1970-ci ildə bərpa olunub.
Burada dəfn olunan ilk şair Əsədi Tusi (XI əsr) olub. O, \"Lüğəti-fürs\"ün (\"Fars lüğəti\") müəllifi, şair və tərtibçi olub. XI əsrin digər tanınmış Azərbaycan şairi Qətran Təbrizi (1012-1088) məzarlıqda dəfn olunan ikinci şairdir. Qətran Təbrizi fars dilində şeir yazan ilk azərbaycanlı şairlərdəndir. \"Tövsnamə\", \"Quşnamə\", \"Vamiq və Əzra\" adlı əsərlərin, habelə əsasən qəsidələrdən ibarət irihəcmli divanın müəllifidir.
Burada dəfn olunan məşhur şairlərdən biri də Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir Xəqani Şirvanidir (1126-1199). XII əsrin digər məşhur şairi Beyləqanda dünyaya gəlib Təbrizdə vəfat edən Mücirəddin Beyləqanidir. O, Xəqaninin şagirdi olub.
Zülfüqar Şirvani, Hümani Təbrizi, Məğribi Təbrizi və digər tanınmış ədiblər burada dəfn olunublar. Təxminən 400-dən artıq söz, sənət adamının uyuduğu məzarlıqda indi möhtəşəm məqbərə ucaldılıb. Həmin məqbərədə XX əsrin məşhur şairi, Şəhriyar təxəllüsü ilə şöhrət tapan Məhəmmədhüseyn Behcəti Təbrizi dəfn olunub. Böyük şair 1988-ci ildə sentyabrın 18-də, 82 yaşında vəfat edib və bu məzarlıqda torpağa tapşırılıb.
Mirzə İsa Fərahani (Qacarlar dövründə yaşamış ziyalı), Siqqətül İslam, Baba Həsən, Baba Məzid, Pir Türk, Sultan Dədə Əli, Həsən Naxçıvani və başqa mütəfəkkirlərin də qəbri buradadır. “Şairlər məqbərəsi”ndə müasir dövrün şairləri Əziz Dövlətabadi, Mehdi Rövşənzəmir, Cavad Azər və başqaları da dəfn olunublar.
Ustad Şəhriyarın evində
Görkəmli Azərbaycan-İran şairi Məhəmmədhüseyn Şəhriyarın yaşadığı ev Təbrizin ən qədim məhəllələrindən olan Məqsudiyyədə yerləşir. Kiçik həyətə daxil olanları öncə şairin barelyefi salamlayır. İçəri daxil olub dar pilləkənlərlə şairin evinə - hər tərəfdə Şəhriyar nəfəsi hiss olunan məkana daxil olursan. Azərbaycan və fars dillərində yazıb-yaradan sənətkarın əlyazmaları, Azərbaycanda və İranda çap olunmuş kitabları burada sərgilənir. Ustadın öz xətti ilə üzünü köçürdüyü Quran da burada qorunub saxlanılır. Ziyarətçilər şairin şəxsi əşyaları, fotoşəkilləri, tanınmış ziyalıların, sənət adamlarının ona bağışladığı hədiyyələrlə də tanış ola bilərlər. Buradan “mən Şəhriyarın qonağı oldum” fikri ilə ayrılırsan. Təbrizin ziyalı məhəlləsi Məqsudiyyə onun ruhunu özünə elə hopdurub ki, hər küçədə, hər tində Şəhriyar misrası səslənir.
Azərbaycan muzeyi
Təbrizin qədim tarixini özündə əks etdirən üçmərtəbəli binada 1962-ci ildən fəaliyyət göstərən Azərbaycan Muzeyi maraqlı eksponatlarla zəngindir. Muzeydə üç nümayiş salonu və bir kitabxana vardır. İranın ən böyük muzeyləri sırasında yer alan muzeydə təxminən 11 min eksponat saxlanılır.
Arxeologiya və islamdan öncəki mərhələni əks etdirən ekspozisiya zalında qədim məişət nümunələri, sikkələr, zərgərlik nümunələri, Təbriz şəhərində arxeoloji qazıntılar nəticəsində tapılmış əşyalar saxlanılır. İslamdan sonrakı dövrə dair ekspozisiyada müasir İran ərazisində mövcud olmuş dövlətlər, onların xəritələri, pul vahidləri və s. məlumatlar yer alıb.
Müasir sənət əsərlərinin sərgisində isə heykəltəraşlıq nümunələri, Qacarlar dövrünə aid oyuncaq kuklalar, müxtəlif suvenirlər qorunub saxlanılır. Heykəltəraşlıq əsərlərindən “Aclar”, “Ömür yolu”, “Yaradan” və s. nümunələr xüsusilə diqqət çəkir.
Muzeyin əsas qapıları Təbrizin müasir küçələrindən birinə açılır. Sanki qədim, əski Təbrizdən çıxıb yeni Təbrizə qədəm qoyursan. Arxada tarix, göz önündə isə müasir meqapolis...
Dəmir dövrünün muzeyi
Hələ də qazıntı işləri aparılan xiyabanı dolanıb səni aşağıya doğru aparan küçələrlə harasa enirsən. Sonda nə görəcəyini ağlının ucundan da keçirmirsən. Bəlkə kiçik muzey, bəlkə də qədim bir tikili. Kənardan mağaranı, hətta bir zirzəmini xatırladan məkana taxta pilləkənlərlə daxil olursan. Taxta körpülərə ayaq basdıqda aşağıda qazılmış qəbirlərdə uzanan skeletlər diqqəti çəkir. Bu qəbirlər Təbrizdə ən qədim sivilizasiya məskəni olmasından xəbər verir.
Böyük ticarət mərkəzinin tikintisi zamanı aşkarlanan bu qəbirlərin təxminən 3000-3500 il yaşı var. Dəmir dövrünə aid qəbirlərdə zinət və məişət əşyaları da aşkarlanıb. Bu qəbirlərdən bəlli olur ki, o zaman yerli əhali Günəşə sitayiş edib. İnsan ölən zaman Günəş hansı tərəfdə olubsa, onu o istiqamətdə dəfn ediblər. Yer altında yerləşən və maraqlı məqbərəni xatırladan muzeydə arxeoloji işlər 1998-ci ildən 2003-cü ilə qədər aparılıb, 2003-cü ildən isə bu məkan “Dəmir dövrünün muzeyi” adı ilə fəaliyyət göstərir.
“İslamın firuzəsi”
Möhtəşəmliyi ilə lap uzaqdan diqqət çəkən Göy məscid Xəqanı parkının arxasında yerləşir. “İslam Firuzəsi” adlandırılan Göy məscid, yaxud \"Cahan şah məscidi\" vaxtilə Təbrizin ən şöhrətli memarlıq abidəsi olub. Məscid Qaraqoyunlu hökmdarı Cahan şah Həqiqi tərəfindən 1465-ci ildə tikilib. 1779-1780-ci illər zəlzələsində məscid dağılmış və 1973-cü ildə Reza Memaran Benam adlı memar tərəfindən bərpa edilmişdir. Həm interyer, həm də fasad bəzəyinin rəng koloritində göy rəng üstün olduğundan abidə Göy məscid adlandırılıb. Göy məscidin bütün gövdəsini örtən kaşı üzlüyünün heyrətləndirici maviliyi və parlaqlığı isə başqa bir adın - \"İslamın firuzəsi\" epitetinin yaranmasına səbəb olub. Məscidin fasadı Quran yazıları ilə örtülüb. Cahan şah və onun xanımının dəfn olunduğu məqbərə məscidin içərisində yerləşir.
Dünyaca məşhur Təbriz bazarı
Bir tərəfdə sehrli Təbriz xalçaları, bir tərəfdə zinət əşyaları, digər tərəfdə ətirli Şərq ədviyyatı, pal-paltar, ecazkar ipək yaylıqlar...Bura Təbrizin dünyaca məşhur bazarıdır. Təbriz şəhəri illər boyu uzaq Şərq, Avropa, Rusiya, Osmanlı tacirlərinin ticarət mərkəzi olub. Şəhərin mərkəzində yerləşən əski bazar dünyanın ən böyük üstü örtülü bazarı sayılır. Bu tikili UNESCO-nun dünya mədəni irs siyahısına da salınıb.
Bazarın yaranma tarixi dəqiq məlum deyil. Lakin X əsrdən Qacarlar dövrünə kimi buradan keçən əksər səyyahların qeydlərində Təbriz bazarı haqqında məlumat var. Marko Polo, Övliya Çələbi, Jan Şarden və digərləri Təbriz bazarının əzəmətindən danışıblar. Şəhərdə 1772-ci ildəki zəlzələdən sonra dağılmış bazar Təbrizin o vaxtkı hakimi Nəcəfqulu xan Dünbuli tərəfindən yenidən tikilib. Bazar indi də öz iqtisadi əhəmiyyətini itirməyib. Bir neçə kilometr uzunluğu olan bazar, iqtisadi əhəmiyyətindən başqa, turist mərkəzi kimi bütün dünyanı özünə cəlb edir.
Təbrizin tarixi məkanları bununla yekunlaşmır: müxtəlif muzeylər, qala və tikililərin bəziləri tam, bəziləri qismən qorunub saxlanılıb. Ərk qalası, Əmir Nizam evi, Kəmal parkı, Gülüstan bağı, Behnam evi, Qarı körpüsü və s. sadalamaqla bitməyən məkanlar Təbrizin böyük və öyünüləsi tarixinin yadigarlarıdır.
Reyhan İsayeva,
Bakı-Təbriz-Bakı