Elazığda unudulmaz görüşlər
   
   (əvvəli qəzetimizin ötən sayında)
   
   ...Bu dəfə xəyalən yox, gerçəkdən Elazığa - Almas İldırımın ikinci Vətəninə “uçduq”. Nə qar, nə şaxta o yerləri görmək istəyimizin qarşısını ala bilmədi.
   Fərqli və doğma mədəniyyətlərin, incəsənətlərin, ədəbiyyatların qovuşduğu bu məkanda bizi qar yox, günəşli gün qarşıladı. Sanki Elazığa yaz gəlmişdi...
   
   * * *
   ...Azərbaycan parkının və şəhidlər abidəsinin açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli çıxış etdi. O, Elazığ torpağında Azərbaycan parkının açılmasını və şəhidlərin ruhuna ucaldılmış abidənin Azərbaycan-Türkiyə qardaşlığı üçün yüksək önəm daşıdığını vurğuladı: “Zaman-zaman insanlar bu məkanda Azərbaycan adını oxuyacaq, bu torpaq onlar üçün daha əziz, daha doğma olacaq”. Vaqif Bəhmənli Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından Elazığ Valiliyinə, Elazığ bələdiyyə başkanına, bu layihənin gerçəkləşməsində əməyi olan hər kəsə minnətdarlıq etdi.
   Mərasimdə iştirak edən Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Məsmə Ağaverdiyeva Vaqif Bəhmənlinin şəhid atalara həsr etdiyi “Mənim bir atam vardı” şeirini söyləyərək hər kəsi göz yaşlarına qərq elədi. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında qeyd etdi ki, artıq ikinci dəfədir Elazığa gəlir və bu torpaqda yaşayan insanların ədəbiyyata, sənətə nə qədər bağlı olduqlarını bilir: “Hər gəlişimizdə bu insanların sevgisinin, məhəbbətinin şahidi oluruq. Bu gün də çox dəyərli bir hadisənin iştirakçısıyıq. Həm Azərbaycan parkının açılışı, həm şəhidlərin şərəfinə ucaldılan abidənin açılışı, hesab edirəm ki, yaddaşımızda gözəl anlar kimi daima yaşayacaq, bu iki məkanı bundan sonra da qırılmaz tellər bir-birinə bağlayacaq”.
   Elazığ Fırat Universitetinin rektoru, professor Feyzi Bingöl, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Dəliöməroğlu Elazığ-Bakı əlaqələrindən, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığından, tarixin çətin və sevincli anlarında bir-birinə dayaq olmağı bacaran qardaş ölkələr arasındakı münasibətlərdən danışdılar. Qeyd olundu ki, Elazığın Azərbaycan parkında qurulan bu abidə həm də Dağlıq Qarabağda, Xocalıda, bütövlükdə bütün türk dünyasında şəhid olanların xatirəsinə ucaldılıb.
   Abidənin üzərində Almas İldırımın ürəyinin qanı, Vətən həsrəti ilə yazdığı məşhur “Gölcük” şeiri də həkk olunub.
   
   “Türk sağ ikən yurduna əl vurulmaz”
   
   Həmin gün Fırat Universitetinin toplantı salonunda “Manas” nəşriyyatı tərəfindən çap olunan “Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi” kitabının təqdimat mərasimi oldu. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və Veysəl Karacanın aparıcılığı ilə keçən mərasimdə filologiya üzrə fəlsəfə doktoru, Cəfər Cabbarlının tədqiqatçısı Asif Rüstəmli ədibin zəngin həyat və yaradıcılığından danışdı.
   Bütün varlığı ilə türk dünyasına bağlı olan Cəfər Cabbarlı hələ ötən əsrin əvvəllərində yaşadığı təzadlı və mürəkkəb bir dövrdə yazırdı:   

   Türk sağ ikən yurduna əl vurulmaz,
   Ölsə də zəncir daşımaz, qul olmaz.
   
   Cəfər Cabbarlı qeyri-adi istedadı, özünəməxsus yaradıcılığı ilə türk dünyasının əbədiyaşar dramaturqlarından biri kimi tarixə düşüb. Mərasimdə “Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi” kitabını türkcəyə çevirən Fırat Universitetinin müəllimi Süleyman Kaan Yalçın böyük dramaturqun zəngin irsindən söz açdı. Dramaturqun nəvəsi, Cəfər Cabbarlının ev-muzeyinin baş elmi işçisi Qəmər Bağırova böyük ədibin irsinə göstərdikləri diqqət və qayğıya görə hər kəsə öz təşəkkürünü bildirdi. Kitabın çap olunmasında əməyi olan M.Şenel Bulut, Əhməd Buran və Süleyman Kaan Yalçına Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyi tərəfindən təsis olunan “Cəfər Cabbarlı mükafatı”nı təqdim etdi.
   Tədbirdə Azərbaycanın “Ozan” və Türkiyənin “Manas” nəşriyyatı tərəfindən 42 elazığlı şairin həyatından və yaradıcılığının cəmləşdiyi “Elazığ çələngi” kitabının da təqdimatı oldu. Xatırladaq ki, kitabın ilk təqdimatı 2010-cu ilin sentyabrında Bakıda keçirilib.
   Təqdimat mərasimində Azərbaycanın incəsənət nümayəndələri yaddaqalan konsert proqramı ilə çıxış etdilər.   

   “Türk dünyasında 2012-ci ilin ədəbiyyat adamı”na “Fəxri doktor” diplomu
   

   “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində fevralın 3-də Elazığ Bələdiyyəsi Mədəniyyət və Konfrans Mərkəzində Azərbaycan və türk dilinin, mədəniyyətinin, ədəbiyyatının inkişafındakı əvəzsiz xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara Fırat Universitetinin Senatorluğunun qərarı ilə türk dili və ədəbiyyatı sahəsində “Fəxri doktor” diplomu təqdim edildi. Təqdimatdan öncə yazıçının həyat və yaradıcılığından bəhs edən “Anarın həyat hekayəsi” adlı film nümayiş olundu.
   Fırat Universitetinin rektoru, professor Feyzi Bingöl Azərbaycan və türk dünyasının görkəmli ədibi Anara “Fəxri doktor” diplomunu təqdim etməkdən qürur duyduğunu bildirdi.
   Təqdimat mərasimində Elazığ valisi Muammer Erol, Elazığ bələdiyyə başkanı Süleyman Salmanoğlu, Türk Ədəbiyyatı Vəkfi başkanı Servet Kabaklı, professor Əhməd Buran, professor Fikrət Türkmən, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şairlər İmdad Avşar və Əjdər Ol zəngin yaradıcılığı ilə Azərbaycan və ümumtürk ədəbiyyatına dəyərli töhfələr vermiş Anarı fəxri ad münasibətilə ürəkdən təbrik etdilər.
   “Türk dünyasında 2012-ci ilin ədəbiyyat adamı” seçilən Anar ona sevinc dolu anlar yaşatdıqlarına görə hər kəsə öz təşəkkürünü bildirdi. İki qardaş ölkənin - Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına bundan sonra da əlindən gələn köməyi əsirgəməyəcəyini bildirdi.
   Bu yerdə bir haşiyə çıxıb onu da qeyd etmək istərdim ki, qardaş Türkiyədə Azərbaycanın böyük yazıçısı Anarın şəxsiyyətinə və yaradıcılığına sonsuz hörmət və sevgi gördük. Türk dünyasına ürəkdən bağlılığı ilə, türk ədəbiyyatının ayrılmaz bir parçası olmaqla Anar bu sevgiyə, bu hörmətə, bu diqqətə layiqdir. Bir azərbaycanlı kimi bu tarixi anların şahidi olduq və xalqımızın böyük yazıçısı ilə bir daha qürur duyduq.
   Mərasimin sonunda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ankara Dövlət və Xalq Musiqi Xoru sənətçiləri Turğay Coşqun və Abdullah Gurbani, habelə Elazığın yetişdirdiyi saz-söz ustadı Əsat Kabaklının iştirakı ilə möhtəşəm konsert proqramı oldu.
   
   Kiçik Xəzərin sahilində Almas İldırımlı anlar
   
   İllər keçdikcə Elazığda Almas İldırıma sevgi azalmadı, əksinə, günbəgün böyüyüb artdı. Bu həsrət şairinin şeirləri dupduru insanların ruhuna hopdu. Fevralın 4-də Sivricə “Müəllim evi”ndə keçirilən “Almas İldırıma sayğı” gecəsi bunu bir daha sübut etdi. Tədbiri Sivricənin kaymakamı (yerli icra nümayəndəsi) Sultan Doğru açaraq Almas İldırımın həyat və yaradıcılığından danışdı. Tədbirdə türk ədəbiyyatı vəqfinin rəhbəri Servet Kabaklı, professor Məhəmməd Bəşir Aşan, Almas İldırımın oğlu Azər Almas, Almas İldırımın qardaşı oğlu Hacıağa Almaszadə ürək sözlərini iştirakçılarla bölüşdülər. Vaqif Bəhmənli, Əjdər Ol, Rəşad Məcid, türkiyəli yazıçı Mövlud Ulutəkin Yılmaz bu duyğulu anlarda şeirlə Almas İldırımı andılar. Əməkdar artist Məsmə Ağaverdiyeva və Azərbaycanın gənc muğam ifaçıları uğurlu konsert proqramı ilə çıxış etdilər.
   
   “Füzuliyə xatirə gecəsi”
   
   Həmin gün “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində Fırat Universitetinin Atatürk konfrans salonunda “Füzuliyə xatirə gecəsi” keçirildi. Gecədə Azərbaycan və Türkiyə sənətçiləri bir səhnəni bölüşdülər. Azərbaycandan gələn musiqiçilər - tarda Əməkdar artist Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, nağarada Emin Cəbrayılov, xanəndələr Almaz Orucova və Ehtiram Hüseynovun möhtəşəm ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Türk sənətçiləri - Həsən Öztürk, Paşa Dəmirbağ, Mehmet Özbek, Zülfi Dəmirdaş, Mustafa Döner, Dəniz İldırım və başqalarının ifaları Füzuli gecəsinə xüsusi rəng qatdı.
   Gecənin sonunda görüş iştirakçılarına Elazığ valisi adından xatirə diplomları təqdim olundu.
   
   * * *
   ...Elazığa yaz gəlmişdi. İnsanların təbəssümü, sevgisi, diqqəti Elazığ-Bakı mədəniyyət körpüsündə qovuşmuşdu. Elazığa yaz gəlmişdi. Bu yaz heç vaxt bitməyəcək...
   
   Təranə Vahid,
   Bakı-Elazığ-Bakı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar