Avropa dedikdə təsəvvürümüzə ilk olaraq yüksək inkişaf səviyyəsi və rifah tərzi ilə seçilən ölkələr, zəngin mədəniyyət və təbii ki, gəzib-dolanmalı tarixi məkanlar, gözəl şəhərlər gəlir. Təbii ki, Avropa ölkələrinin hər birinin özünəməxsusluğu, tarixi, mədəni irsi, hətta insanlarının temperament baxımdan fərqli cəhətləri çoxdur. Şimaldakı Skandinaviya ölkələri ilə qitənin cənubundakı İtaliya və yaxud Piriney yarımadası ölkələri arasında fərqi canlı görməsək də, təxmin edə bilirik. Lakin bütün bu ölkələri birləşdirən bir ad var - Avropa - və bu ad sənə zəngin təəssüratlı səyahət vəd edir. Yay səfərimiz Avropanın kiçik ölkələrindən birinə - Latviyaya oldu. Səfər qısa olsa da, Baltikyanı ölkənin tarixi, mədəniyyəti, görməli yerləri ilə qismən tanış ola bildik. Ötən saylarımızın birində Yurmalada keçirilən “Yeni dalğa” musiqi festivalı haqqında danışmışdıq. İndi də qonağı olduğumuz ölkənin paytaxtından söhbət açaq.
   
   Latviyanın canlı tarixi
   
   Bakı-Riqa təyyarəsi ilə aeroporta enəndə şəhər ilk baxışdan çox şey vəd etmir. Hava limanından Riqanın mərkəzinə gəldikdə isə təəssürat bolluğuna düşürsən. Tarixi Avropa şəhərinin ilk görüntüləri: səliqəli yollar, maşınların sakit hərəkəti, piyadaların qayda-qanunla yol keçməsi. Riqada ilk diqqətimi çəkən bunlar oldu. Yay olduğundan, əksər sakinlər mövsümü istirahətdə keçirdiyindən Riqa qaynar həyatlı paytaxtdan daha çox, sakit əyalət şəhəri təsəvvürü yaradırdı. Küçələrdə maşınların sayının az olduğundan bəzən yol ayrıcında dayanıb svetoforun yaşlı işığının yanmağını gözləməyə də lüzum görmürsən. Lakin qayda-qanunu sevən avropalı üçün fərq etməz, qırmızı işıq yanırsa, o gözləyəcək. Avtomobillərin qulaq batıran siqnal səsi də həmçinin.
   Riqa Latviyanın siyasi, iqtisadi, mədəni mərkəzidir. Qədim liman şəhəri yeni üslublu tikililərlə bərabər, illərdən bəri qorunub saxlanmış memarlıq nümunələri ilə də göz oxşayır. Şəhərin tarixi XIII əsrdən başlayır və qədim Riqanın memarlığında o illərə aid çoxlu tikililərə rast gəlmək olur.
   Şəhərin əsasını 1201-ci ildə yepiskop Albert fon Buksqevden qoyub. O, uzaqgörən siyasətçi və iqtisadçı idi, şəhərin gələcək inkişafına inanırdı. Çox keçmədi ki, şəhərin mədəni və iqtisadi həyatına xidmət edən tikililərin sayı artmağa başlayır. 1211-ci ildə şəhərin 10 illiyini qeyd etmək məqsədilə yepiskop Albert öz qüdrətini göstərən tikililərin inşasına başlayır. Həmin ildə Müqəddəs Məryəm kilsəsinin tikintisi başlanır. Bu gün kilsə səkkiz əsrlik tarixi ilə yanaşı, dünyadakı ən böyük orqan musiqi alətinin məkanı kimi də tanınır.
   Qədim Riqada kilsələr çoxdur. Orta əsrlərdə tikilən məbədlərin bir maraqlı cəhəti də diqqət çəkir. Onların damına xoruz fiqurları yerləşdirilib. Müqəddəs Yakob və müqəddəs Pyotr kilsələrində bu xoruzları gördükdə onların qədim avropalı üçün hansı anlam daşıdığını da öyrəndik. Xoruzlar ayıq-sayıqlıq rəmzi hesab edilirdi. Həmçinin küləyin istiqamətini göstərən flügeri əvəz edirdi. Bir tərəfi qara, bir tərəfi isə qızılı rəngə boyanmış xoruzun qara tərəfi şəhərə çevrilirdisə, bu, təhlükəli külək kimi anlaşılırdı və həmin gün istirahət günü elan edilirdi. Qədim avropalı üçün istirahət gününü bu xoruzlar müəyyən edirdi.
   Yepiskopun tikdirdiyi kilsələr mərkəzi meydana açılır. Bu meydan qədim şəhərin ürəyi hesab edilir.
   Riqa şəhərinin ilk daxil olduğu dövlət XIII əsrin əvvəlində yaradılan Livoniyadır. O zamana qədər burada müxtəlif xalqlar yaşayıb, lakin heç bir dövləti formalaşdırmayıblar. Livoniya alman-katolik dövləti olub və 350 il yaşayıb. XVI əsrdə Riqa bir müddət müstəqil şəhər olub. Daha sonra Polşa-Litva dövlətinin tərkibinə daxil edilib. 1710-cu ildə I Pyotr isveçliləri Riqadan vurub çıxarır və şəhər iki əsr - Birinci Dünya müharibəsinə qədər - Rusiya imperiyasının tərkibində olur. 1918-ci il noyabrın 18-də ilk müstəqil Latviya Respublikası elan edilir. 1940-cı ildə isə Latviya SSRİ-nin tərkibinə daxil edilir. 1991-ci ildə müstəqilliyini bərpa edərək yenidən Avropa ailəsinə qayıdır.
   
   Zəngin memarlıq ansamblı
   
   Şəhər Dauqava çayı ilə iki yerə bölünür. Sol tərəf yeni, sağ tərəf (qədim Riqa) tarixi tikililərlə zəngindir. Şəhər zəngin memarlıq ansamblı ilə diqqət çəkir. Maraqlı memarlıq nümunələrindən biri Riqa qəsridir. 1330-cu ildə inşa edilən qəsr Livoniya dövlətinin ordu komandanlığının iqamətgahı olub. Bu gün isə Latviya Respublikası Prezidentinin rəsmi iqamətgahıdır. Tikilinin bir hissəsində Latviya Tarix Muzeyi fəaliyyət göstərir.
   Latviya parlamentinin yerləşdiyi bina isə Florensiya üslubunu əks etdirməklə XIX əsrin ortalarında tikilmiş memarlıq nümunəsidir.
   Digər maraqlı memarlıq abidəsi “üç qardaş” - yanaşı ucaldılmış ağ, sarı, yaşıl binalardır. Müxtəlif dövrlərin memarlıq nümunəsini özündə əks etdirən tikili riqalıların yaşam tarixini əks etdirən unikal nümunədir. Birinci bina XV əsr, ikinci tikili 1644-cü il, üçüncü tikili isə XVIII əsrə aiddir. Hazırda burada Mədəniyyət və Memarlıq Abidələrinin Qorunması üzrə Dövlət Nəzarəti İdarəsi yerləşir. Binaların qarşısında vaxtilə burada yaşamış ailələrin nəsil gerbləri vurulub.
   
   Haqqında əfsanə danışılan bina
   
   Qədim Riqada diqqətçəkən tikililərdən biri də damında pişik fiquru vurulmuş binadır. Bina haqqında maraqlı əfsanə danışılır. Vaxtilə burada Blümer adlı tacir yaşayıb. O zamanlar tacirlərin daxil olduğu Böyük Gildiya yaradılmışdı, lakin onu naməlum səbəbə görə bu quruma qəbul etmirdilər. Blümer bundan qəzəblənir və özünü təhqir edilmiş hesab edir. Etiraz əlaməti olaraq yaşadığı binanın damına pişik fiquru həkk etdirir, pişiyin arxasını isə gildiyanın yerləşdiyi binaya tərəf çevirir. Gildiyanın tacirləri bu hərəkətinə görə onu məhkəməyə verirlər. Ədaləti qorumaq məqsədilə məhkəmə qərar qəbul edir: həmin tacir gildiyaya üzv kimi qəbul edilsin və tacirin evinin damındakı pişik üzü gildiyanın binasına tərəf çevrilsin.
   Digər maraqlı tikili hazırda Riqa Rus Teatrının yerləşdiyi binadır. XIX əsrin ikinci yarısında tikilən bina vaxtilə “Uley” (“Arı pətəyi”) adlı rus cəmiyyətinin toplantı yeri kimi tikilib. Cəmiyyətin üzvləri toplantı keçirən zaman özləri ilə dəyərli əşyalar gətirirdilər. Buna görə də binanın üzərinə bal gətirən arıların rəsmi həkk edilib.
   
   Riqa balzamı necə yaranıb?
   
   Səfər zamanı məşhur Riqa balzamının hazırlandığı laboratoriyaya da baş çəkdik. Alman şairi və yazıçısı Höte (Yohann Wolfqanq Goethe) Riqa balzamını “cavanlıq eliksiri” adlandırıb. Fransa prezidenti Şarl de Qolun isə ən sevimli içkisi olub.
   Abraham Kunts adlı riqalı həkim 1752-ci ildə bu içkini müalicəvi məqsədlə, dərman kimi icad edib. Tərkibi çoxlu sayda otlardan ibarət olan dərman ağrılardan əziyyət çəkən rus çariçası II Yekaterina üçün hazırlanıb. Qara balzam onu sağaldıb. Balzamın tərkibinə daxil olan hər ot (24 növ) xüsusi qablarda saxlanılırdı və tədricən içkiyə əlavə edilirdi. Kunts dərmanı bir çox xəstəliklərin müalicəsi üçün nəzərdə tutmuşdu. XIX əsrdə isə qara balzamı alkoqollu içki kimi içməyə başladılar və o zamandan başlayaraq balzam qızıl və gümüş mükafatlarını qazanmağa başladı. İçki polad çəlləklərdə saxlanılır. Bir qədər acı dadı olsa da, tərkibindəki otlar ona xüsusi tam verir.
   
   Müqəddəs Pyotr kilsəsinin adəti
   
   Riqanın ən qədim kilsəsi 1209-cu ildə şəhərin himayədarı sayılan müqəddəs Pyotrun şərəfinə inşa edilib. XV əsrdə kilsə yenidən qurulub və qüllələr əlavə edilib. İlk qüllənin hündürlüyü 130 metrdən çox olub. Hazırkı qüllə isə 123 metrdir. İlk dövrlərdə qüllə taxtadan tikilirdi və ucuna metal xoruz fiquru vurulurdu, ildırım da həmişə ən hündür nöqtəyə düşdüyündən qüllə dəfələrlə yanıb və sonra yenidən tikilib. Hesablamalara görə, bu artıq 7-ci qüllədir.
   Müqəddəs Pyotr kilsəsinin qülləsi ilə bağlı maraqlı əfsanə də var. Yeni qüllə tikilən zaman memar xoruzun yanına çıxmalı, şərab içməli və bakalı yerə tullamalı idi. Hesab edilirdi ki, bakal nə qədər çox hissələrə ayrılsa qüllənin də ömrü o qədər olacaq. XVIII əsrin 40-cı illərində tikilmiş qüllənin ustası Verbel də eyni qayda ilə xoruzun yanına çıxıb şərabı içdikdən sonra bakalı yerə atır. Lakin o, sınmır. Amma qüllənin 200 il ömrü olur və yalnız II Dünya müharibəsində dağıdılır. Müharibədən sonra yeni qüllə inşa edilir və ənənəvi ritual zamanı memarın bakalı çoxsaylı xırda hissələrə parçalanır. Bu o demək idi ki, kilsənin qülləsi çox illər yaşayacaq. Bu gün isə qülləyə liftlə qalxmaqla bütün şəhəri seyr etmək olar. Buradan Dauqava çayı, qədim Riqanın tikililəri, körpülər, yeni binalar - ovuc içində görünür.
   * * *
   Riqanın qədim tarixi hər küçədə özünü büruzə verir. Şəhərdə tarixi memarlığa ciddi nəzarət olduğundan yalnız xüsusi müəyyən olunmuş üslubda evlərin tikintisinə icazə verilir. Qədim Riqada memarlıq nümunələri ilə tanış olduğumuz zaman küçələrdə ifa olunan klassik musiqi sədaları, mərkəzdə yerləşən XIX əsrə aid Rolandın heykəli, Azadlıq abidəsi və haqqında danışmağa macal tapmadığımız məkanlar bizə bir daha anlatdı ki, tarixi qorumaq, mədəni irsə sadiq qalmaq lazımdır!
   
   Reyhan İsayeva
   Bakı-Riqa-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar