Türk dünyasının usta mühəndisləri, memar və şəhərsalma mütəxəssisləri oktyabrın 15-dən 18-dək Türkiyənin Trabzon şəhərində bir araya gəldilər. “Gələcəyin marka kimlikli şəhərləri inşa edək” devizi altında gerçəkləşən V Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayı maraqlı çıxış və müzakirələr, təqdimatlarla yadda qaldı.
   
   Qeyd edək ki, 2007-ci ildən etibarən təşkil olunan qurultaylar 2010-cu ildə Astanada Qazaxıstan və Türkiyə prezidentləri Nursultan Nazarbayev və Abdulla Gülün himayəsində daha geniş formatda keçirilərək ortaq köklərə malik türk mədəniyyətlərini bir araya gətirən beynəlxalq tədbir kimi tanınmağa başlayıb. Həmin vaxtdan iki ildən bir keçirilməsi qərara alınan qurultayın beşincisinə Qara dənizin sahilində tarixi İpək Yolu şəhəri, zəngin memarlığı gözoxşayan Trabzon ev sahibliyi etdi.
   Trabzon Böyükşəhər Bələdiyyəsi Hamamizadə İhsan bəy Mədəniyyət Mərkəzində gerçəkləşən qurultay Türkiyə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin himayəsi, TÜRKSOY Baş Katibliyinin koordinasiyası, Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Birliyinin təşkilatçılığı və İpək Yolu Universitetlər Birliyi Elmi Şurasının dəstəyi ilə ərsəyə gəlmişdi. Qurultay çərçivəsində ilk dəfə Memar Sinan beynəlxalq mühəndislik, memarlıq və şəhərsalma layihə olimpiadasına da yekun vuruldu.
   Türk dünyasının mədəni, iqtisadi inkişafının gələcəyi baxımından böyük əhəmiyyət daşıyan tədbirdə qardaş ölkənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdar, nəqliyyat naziri Binəli Yıldırım, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçi, 40-dan çox ölkədən qonaqlar - rektorlar, memarlar, alimlər, sənət xadimləri, media təmsilçiləri qatılmışdı.
   
   Dünyaya birlik, bərabərlik və qardaşlıq mesajı

   
   Qurultayın açılış mərasimindən sonra Trabzonun tarixindən, mədəniyyətindən, ənənələrindən bəhs edən film nümayiş etdirildi. Qurultayın ayrı-ayrı bölümlərinin türk dünyasının tanınmış şəxsiyyətləri ilə adlandırılması tədbirə bir ümumtürk havası qatmışdı. Məsələn, Xarəzmi, Fərabi, Biruni, Kaşğarlı Mahmud, Hoca Əhməd Yasəvi, Mövlanə Cəlaləddin Rumi kimi dahi şəxsiyyətlərin sırasında Azərbaycanın böyük şairi və mütəfəkkiri Məhəmməd Füzulinin də adının yer alması bizim üçün xüsusilə qürurverici idi. Füzuli adına bölümdə məruzələrdən öncə şairin əsərindən parçalar səsləndirildi.
   Qurultayın elmi müzakirələrdən kənar maraqlı tədbirlər proqramı da vardı. Türkiyənin “Trabzonspor” klubu ilə Qazaxıstan futbolçularının dostluq matçı qurultaya əlavə rəng qatdı. Dostluq matçı TRT Avaz telekanalı ilə canlı yayımla bütün türk dünyasında izlənildi. Və bütün dünyaya birlik, bərabərlik və qardaşlıq mesajı verildi.
   
   Sultan Süleymanın vətəni
   
   Qurultayın ikinci günündə (İmam Bühari paneli) Trabzon valisi Rəcəb Qızılcıq şəhərin tarixi Ortahisar məhəlləsinin bərpası ilə bağlı məruzə etdi. Böyük Osmanlı hökmdarı Qanuni Sultan Süleyman bu məhəllədə doğulub və təhsil alıb. Vali bərpa layihəsinin böyük mədəni zənginliyə sahib olan Trabzonun tarixi irsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıdığını vurğuladı: “Şəhər yenilənməsi dedikdə, adətən gecəqonduların dağıdılaraq onların əvəzinə yeni binaların inşası başa düşülür. Amma bizim Ortahisarda gerçəkləşdirdiyimiz layihə yenilənməyə ehtiyacı olan tikililərin bərpasıdır. Bu tarixi ərazini turizm zonası kimi də tanıtmaq niyyətindəyik”.
   Valinin sözlərinə görə, təxminən 140 tarixi binanın olduğu Ortahisar məhəlləsində butik hotellərin, ticarət mərkəzi və kafelərin yaradılması planlaşdırılır: Trabzonun Türk-İslam mədəniyyəti tarixində önəmli yeri olduğunu deyən vali vaxtilə Qanuni Sultan Süleymanın dünyaya gəldiyi evin də bərpa edilərək tarixi irs nümunəsi kimi təqdim olunacağını dedi.
   
   “Dildə, fikirdə, işdə birlik”
   
   Azərbaycanın Əməkdar incəsənət xadimi, Ankara Qazi Universitetinin professoru Əflatun Neymətzadənin “Dildə, fikirdə, işdə birlik” məruzəsi qurultay iştirakçıları tərəfindən maraqla qarşılandı. Dünya türkologiyasında önəmli isim olaraq tanınan İsmayıl Qaspralının məşhur kəlamının bu gün də aktual olduğunu deyən alim maarifçi mütəfəkkirin məqsədinin dünyada yaşayan bütün türklərin bir-birlərini asanlıqla anlamaları üçün ortaq ədəbi dilin yaradılması olduğunu vurğuladı: “Aradan təxminən 100 il keçib, amma türklərin bu tarixi missiyası hələ gerçəkləşməyib. Türkləri vahid vücud halına gətirmək İsmayıl Qaspralının tək fəlsəfi məqsədi olub. Sadəcə, bunu düşündüyü və dilə gətirdiyinə görə qarşısında baş əyməli, əziz xatirəsini yad etməliyik. Tarix boyunca hələ Oğuz dönəmində biz türklərə miras qalmış Şimaldan Cənuba, Qərbdən Şərqə qədər uzanan coğrafiyadakı bütün torpaqlar türklərin əllərində idi. Bunu tarixi faktlar da sübut edir. Lakin zaman-zaman ata-baba torpaqları türklərin əllərindən alınıb. Qaspralı bu ədalətsizliyi, zorakılığı və türklərin assimilyasiya edilməsini gözləri ilə görmüşdü və çalışdığı «Tərcüman» qəzetinin səhifələrində bunları dilə gətirirdi. Beləcə, həmrəyliyin yeganə yolunu vahid türk dili ətrafında birləşməkdə görürdü. Zaman dəyişib. Ən önəmli tarixi vəzifələr bizləri gözləyir: «Dildə, işdə, fikirdə birlik» düşüncəsi işığında birliyə gedən yolumuzdan çəkinməməliyik. Azərbaycan dövləti bu istiqamətdə böyük işlər görməkdədir”.
   Ortaq ədəbi dilə gedən yolun mədəniyyətdən, ədəbiyyatdan keçdiyini deyən Ə.Neymətzadə bildirdi: «Türk dövlət və topluluqlarının ədəbiyyatı, rəsm, heykəl və incəsənəti, milli xalq musiqisi, qədim mədəniyyət ənənələri bütün türk dövlətlərində geniş tanıdılmalıdır. Fərqli türk ləhcələrinin ortaq tərcümə kitabları nəşr edilməlidir. Qardaş türk dövlətlərindəki türkcə şivə fərqlərini oxumalı, öyrənməli və bilməliyik. Bu işlər TÜRKSOY tərəfindən aparılmaqdadır. Bütün türk dövlət və topluluqları ilə TÜRKSOY arasında bağları möhkəmləndirməli, tarixi fürsəti qaçırmamalıyıq. Unutmamalıyıq ki, ortaq dil və əlifba, mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənəti və ənənəvi adətlərimizi tanımaqdan keçər. Çünki çox-çox keçmişlərdə biz türklər ortaq dildə danışmışıq. Keçmişimizə, əski mədəni varlıqlarımıza qovuşmalıyıq. O zaman «Ortaq dil, ortaq fikir, ortaq mədəniyyət birliyimizə qovuşa bilərik”.
   Qurultayda məruzəçilərə, o cümlədən Ə.Nemətzadəyə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin şərəf mükafatı təqdim olundu.
   
   Bilgə Xaqan abidəsi
   
   Qurultay çərçivəsində Trabzon meydanında Göytürk hökmdarı Bilgə Xaqanın abidəsinin açılış mərasimi keçirildi. Başdan-başa bayram əhvalında olan meydanda qırmızı rəngli Osmanlı geyimlərində hərbçilər daha çox diqqətçəkən idi. Açılış mərasimində əvvəlcə Türkiyənin himni səsləndirildi. Çıxışlardan sonra musiqinin müşayiəti ilə abidənin açılışı oldu. Axşam türk dünyası musiqi kollektivlərinin ifasında səsləndirilən musiqilər, mükafat təqdimatları qurultaya əlavə rəng qatmışdı. Bir sözlə, qədim türk yurdu Trabzonda bayram bayrama qarışmışdı.
   
   Sərgilər
   
   Tədbir boyu diqqətçəkən məqamlardan biri də sərgilər idi. Hamamizadə İhsan bəy Mədəniyyət Mərkəzində düzənlənən sərgilərdə müxtəlif sənət nümunələri nümayiş etdirilirdi. Türk Dünyası yaşayış məskənləri və şəhərsalma sərgisi, Türk-İslam əl sənətləri, Ebru üzərində Türk-İslam şəhərləri, Osmanlı padşahları fərmanlarının sərgiləri hər kəsdə böyük maraq doğururdu.
   Bir sözlə, məruzələr, sərgilər, futbol yarışı, konsert proqramları ilə geniş bir formatda baş tutan bu tədbir zəngin mədəniyyət hadisəsi kimi yaddaşlarda qaldı.
   Qeyd edək ki, qurultayda Azərbaycandan Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, “Dünya Kür-Xəzər Cəmiyyəti”nin rəhbəri Akif Kərimov, Xəzər Universiteti «Xəzər» jurnalının baş redaktoru Əlirza Balayev və digər sənət, elm adamları iştirak edirdi.    

   Mehparə Sultanova
   Bakı-Trabzon-Bakı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar