Qara dənizin sahili ilə Zigana dağları arasında yerləşən Trabzon əhalisinə və iqtisadi gücünə görə Türkiyənin öndə gələn şəhərlərindən biridir. Tarixi İpək Yolunun üzərində yerləşən şəhər əsrlər boyu dillərin, dinlərin, mədəniyyətlərin qovuşub-qarışdığı məkan olub. Osmanlı imperiyası dövründə Trabzon liman şəhəri kimi İran və Qafqazla mühüm ticarət məntəqəsi olub.
   
   Tarixi məkan
   
   Şəhər vaxtilə Trebizond, Trapezus kimi tanınıb. Hətta Osmanlı dövründə Tara Bozan adından da istifadə edilib. 1204-1461-ci illərdə bölgə ayrıca dövlət (Trabzon Rum imperatorluğu) kimi mövcud olub. Sultan II Mehmetin zamanında şəhər türklər tərəfindən alınıb. II Bəyazidin hakimiyyəti dövründə onun oğlu Səlim Trabzonun sancaqbəyi olur və Osmanlının gələcək hökmdarı Qanuni Süleyman da 1495-ci ildə bu şəhərdə dünyaya gəlir.
   Trabzonun küçə və yolları bu gün də tarixi simasını qoruyub saxlayır. Qəmbər daşlar döşənmiş küçələrdə addımladıqca sanki orta əsrlər şəhərində gəzirsən. Tarixi boyunca bir ticarət limanı olan Trabzonda bazar bazar içərisindədir. Kəməraltı bazarı, Uzun sokak (Uzun küçə) və müasir ticarət mərkəzləri iç-içə yer alıb. Zəngin mədəni irsi ilə yanaşı, Qara dənizin sahilində turizm şəhəri kimi də ad çıxaran Trabzon əsrarəngiz bir məkandır. Burada diqqətçəkən məqamlardan biri də vaxtilə Osmanlı imperiyasının idarəçilik mərkəzi olan Ortahisar məhəlləsindəki evlərdir. Evlərin ənənəvi memarlıq üslubunda estetik görünüşü ilk baxışdan nəzərləri cəlb edir. Bu qədim tikililər yüz illərlə mövcud olan türk şəhər mədəniyyətinin günümüzə gəlib çıxan önəmli nümunələridir.
   
   “Dönər tavanlı ev”
   
   Trabzondan Zigana vadisinə uzanan yol boyu möhtəşəm təbiət mənzərələri görünür. Getdikcə gözəlləşən dağlar qələbəlikdən uzaq kəndlərə ev sahibliyi edir. Trabzonun 45 km şərqində yer alan Sürmene XVI əsrdə Osmanlıların iqamət yeri olub. Vaxtilə miletli dənizçilər tərəfindən qurulan Sürmene Pontos krallığından sonra Roma, Bizans və Trabzon Rum imperatorluğuna daxil olub. Sürmenenin 4 km şərqində rastlaşdığımız Memişoğlu evi isə dövrünün mühüm şəhər memarlığı əsəri kimi diqqət cəlb edir. İki mərtəbəli, böyük hissəsi daşdan inşa edilən binanın taxta qapı və tavanları mükəmməl usta işinin nümunələrini sərgiləyir. XVIII əsrdə tikildiyi güman edilən binanın üst qatında qərb tərəfdəki otağın ortasında mil ətrafında dönə bilən bir parça var ki, bu da bir növ ventilyator (hava sərinlədicisi) funksiyasını yerinə yetirir. Tavanın bu özəlliyinə görə, tikiliyə xalq arasında «Dönər tavanlı ev» adı verilib.
   
   Atatürk köşkü

   
   Trabzonun ən gözəl memarlıq nümunələrindən biri Atatürk köşküdür. Dördmərtəbəli bina gözəl bir bağçada tikilib. Trabzona üç dəfə səfər edən Mustafa Kamal Atatürkün bu binada qaldığı və vəsiyyətinin bir hissəsini burada yazdığı deyilir. Köşkün birinci mərtəbəsinin salonunda Atatürkün 1924-cü il sentyabrın 15-də buradakı ziyafət məclisində etdiyi çıxışın mətni asılıb. Salonun ortasında bilyard masası qoyulub. Burada iş otağı, böyük yataq otağı, gözləmə və toplantı otaqları var. Salonun divarlarında Atatürkün səfərlərinə aid fotolar yer alıb.
   Köşkün özəlliklərindən biri də odur ki, məhz buradakı istirahət otağında Atatürk var-dövlətinin böyük bir hissəsinin millətə bağışlamaq qərarını imzalayıb. Amma bilinməyən səbəbdən həmin siyahıda köşkün adı yoxdur. Atatürkün vəfatından sonra köşk bacısı Məqbulə Boysana qalıb. 1942-ci ildə bina Trabzon bələdiyyəsi tərəfindən ondan satın alınaraq muzeyə çevrilib.
   Onu da qeyd edək ki, istər yerli, istərsə də əcnəbi qonaqlar tərəfindən tez-tez ziyarət edilən tarixi məkan şəhər turizmində əhəmiyyətli rol oynamaqdadır. Tikili xalq arasında «Atatürk köşkü» adıyla yad edilir.
   
   Gülbahar Xatın türbəsi
   
   Trabzondakı türk memarlıq nümunələri arasında Gülbahar Xatın türbəsi və camesinin xüsusi yeri var. Atapark adlandırılan sahədə yer alan came Sultan II Bəyazidin xanımı, Sultan I Səlimin (Yavuz Səlim) anası Gülbahar Xatın tərəfindən tikdirilib. Bu tikilinin kitabəsi günümüzə qədər gəlib çatmadığından onun tikilmə tarixi bəlli deyil. Camenin yaxınlığında 1505-1506-cı illərdə Ayşə-Gülbahar Xatın türbəsi inşa edilib.
   Sultan Səlimin anası Gülbahar Xatının xatirəsinə inşa etdirdiyi türbə vaxtilə Orta Hisar məhəlləsində geniş kompleksin bir hissəsi olub. Kompleksə came və türbə ilə yanaşı, imarət, mədrəsə, hamam və məktəb daxil olub. Onlardan came və türbə günümüzə gəlib çıxıb. Mənbələrdə türbənin xatının ölümündən sonra, 1514-cü ildə tikdirildiyi bildirilir. Türbə çox yaxşı daş işləməni nümayiş etdirir. Sarı rəngli kəsmə daşlardan inşa edilib. Pəncərələrin kəmərlərində olduğu kimi boz daşlar dekorativ məqsədlə işlədilib. Məscidin mehrabı mərmərdən hazırlanıb.
   
   Trabzon qalaları və divarları
   
   Trabzon öz qalaları ilə də məşhurdur. Bunlardan biri Açıkkaladır. Qalanın 1297-1330-cu illərdə imperator Aleksos tərəfindən Səlcuqlardan müdafiə olunmaq məqsədilə tikildiyi bildirilir. Kəsmə daşlardan tikilən qala Trabzonun fəthi zamanı Sultan II Memhetin komandirlərindən olan Mahmud Paşa tərəfindən ələ keçirilib. Tikilinin bir çox hissələrinin dağılmasına rəğmən tarixi görünüşü bu gün də qalmaqdadır. Yalnız mərtəbələrin taxtadan tikilməsi bu hissələrin günümüzə gəlib çatmasını əngəlləyib.
   Trabzonun qədim şəhər divarları böyük bir tarixi özündə yaşadır. Divarların ən köhnə hissəsi eramızın V əsrinə, Roma dövrünə aiddir. Eradan əvvəl V əsrdə şəhəri görən Ksenefon bu divarlardan bəhs edir. Trabzon divarları Yuxarı Hisar, İçqala, Orta Hisar və Aşağı Hisar olmaq üzrə üç yerə bölünür. Yuxarı Hisar ilə Orta Hisar, Kuzqun dərə ilə İmarət dərəsi arasında yüksək qayalar üzərində qurulub. Trabzonda çoxlu yaylalar var ki, iyun ayından sentyabrın sonlarına qədər bu yerlər istirahət həvəskarlarının sevimli məkanı olur.
   
   Sümela
   
   Trabzon turizmində önəmli yer tutan Sümela monastırı şəhərə gələn hər kəsin üz tutduğu məkanlardan biridir. Trabzonun Maçaka ilçəsinin cənubunda Qaradağın yamacında tikilən monastıra xalq arasında “Məryəm ana monastırı” deyilir. Monastırın «Sümela» adının isə qara anlamı verən “melass” sözündən götürüldüyü deyilir. Dağın adı da monastırın adına uyğun - Oras Mela (Qaradağ) kimi qəbul edilir.
   Trabzon türklər tərəfindən alındıqdan sonra Osmanlı sultanları bu dağın qaydalarına toxunmayıblar. Hətta I Sultan Səlim Yavuz monastıra iki şamdan hədiyyə edib. Bundan başqa II Mehmet Fatehin monastırın fəaliyyətinin davam etməsi barədə fərmanı bu gün də qorunub saxlanılır. Qeyd edək ki, monastrın ərazisi milli park statusu alıb.
   Bir sözlə, özündə müxtəlif dövrlərin tarixi abidələrini qoruyub saxlayan, əsrarəngiz mənzərələri ilə gözoxşayan Trabzon həm də gəzməli, görməli, cəlbedici turizm məkanıdır.    

   Mehparə
   Bakı-Trabzon-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar