BDU-nun kitabxanaçılıq-informasiya fakültəsində 5 mindən çox ixtisaslı kadr hazırlanıb
   
   Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası Bakı Dövlət Universitetində qoyulub. Təhsil ocağında kitabxanaçılıq şöbəsinin fəaliyyətə başlamasından 65, müstəqil fakültəyə çevrilməsindən isə 50 il ötür.
   
   Tarix
   
   Kitabxanaçılıq şöbə kimi 1947-1948-ci tədris ilində BDU-nun filologiya fakültəsinin nəzdində təşkil olunub. Xalq yazıçısı Süleyman Rəhimov, təcrübəli kitabxana mütəxəssisləri Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova şöbənin ilk ixtisas müəllimləri kimi fəaliyyət göstəriblər.
   1958-ci ildən kitabxanaçılıq şöbəsi şərqşünaslıq fakültəsinin nəzdində olub. Bu dövrdə şöbənin kiçik kollektivi universitetin görkəmli alimlərinin qayğısı ilə tədris prosesinin təşkili, yeni tədris planlarının, proqram və dərs vəsaitlərinin hazırlanmasında böyük təcrübə qazanırlar.
   1962-ci il isə universitetin həyatında müstəqil kitabxanaçılıq fakültəsinin fəaliyyətə başlaması ilə yadda qalır. Fakültənin yaranmasında respublikada ali kitabxanaçılıq təhsilinin və kitabxanaşünaslıq elminin banisi, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident təqaüdçüsü, tarix elmləri doktoru, professor Abuzər Xələfovun müstəsna xidmətləri olub. Fakültə öz fəaliyyəti dövründə 5 mindən çox yüksək ixtisaslı kadr hazırlayıb. 2003-cü ildən tədris istiqamətinin adı dəyişdirilərək "Kitabxanaçılıq-informasiya fakültəsi" adlandırılır. Yeri gəlmişkən, fakültənin məzunları arasında onlarla tanınmış ziyalı var. Xalq şairi Zəlimxan Yaqub, Xalq yazıçısı Əkrəm Əylisli, yazıçı-publisist Əlisa Nicat, şair-publisist Məmməd İsmayıl bu fakültənin məzunlarıdır.

   Tədris proqramları dövrün tələblərinə uyğunlaşdırılır
   
   Fakültənin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Azad Qurbanov deyir ki, informasiya cəmiyyətində kitabxana işində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi mühüm rol oynayır. Fakültənin adına informasiya sözünün əlavə edilməsi də təsadüfi deyil: “Bir sıra yeni fənlər yarandı. Onlara uyğun olaraq müasir informasiya texnologiyalarının tətbiqini nəzərə almaqla tədris proqramları hazırladıq. Buna müvafiq yeni dərsliklər hazırlandı. Təkcə bu il 8 kitab çap olunub ki, onlardan ikisi monoqrafiyadır. Kitabxanaçılıq-informasiya ixtisasının hazırkı dövrün tələbatına uyğun şəkildə yeniləşməsində ABŞ-ın İllinoys və Urbana-Şampeyn universitetlərinin, Fransanın Nitsa Universitetinin Lion Ali Məktəbinin, Belçikanın Namur Ali Kitabxanaçılıq Məktəbinin, eləcə də Rusiya ali məktəblərinin təcrübələrindən geniş istifadə edilib”.
   
   Fakültədə 500-dək tələbə təhsil alır
   
   Hazırda fakültədə kitabşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabxana fondlarının formalaşması və istifadəsi, nəşriyyat işi və redaktəetmə ixtisaslaşmaları üzrə bakalavr və magistr kadrlar hazırlanır. Bu il fakültənin magistratura pilləsi də Bolonya təhsil sisteminə qoşulub və iki yeni ixtisas yaranıb, müvafiq tədris planları hazırlanıb. Bunlardan biri kitabxana-informasiya texnologiyalarına aiddir.
   Fakültədə 4 kafedra - kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabxana resursları və informasiya-axtarış sistemləri, kitabşünaslıq və nəşriyyat işi kafedraları fəaliyyət göstərir. Elmi-pedaqoji kollektivdə 3 elmlər doktoru, professor, 13 fəlsəfə doktoru, dosent və 13 müəllim çalışır. Hazırda fakültədə bakalavr pilləsi üzrə 495, magistratura pilləsində isə 20 nəfər tələbə təhsil alır, 10-a qədər doktorant-dissertant elmi axtarışlarını davam etdirir.
   Tələbələrin elmi-tədqiqat vərdişlərinin formalaşmasında «Kitabxanaşünaslıq», «Biblioqrafiyaşünaslıq», «Kitabşünaslıq» və «Kitabxana resursları və informasiya-axtarış sistemləri» dərnəklərini birləşdirən Tələbə Elmi Cəmiyyəti mühüm rol oynayır.
   
   Yeniliklər olacaq
   
   Dekan Azad Qurbanov təhsilin keyfiyyətinin artırılması ilə yanaşı, elmi işlərin səviyyəsinin yüksəldilməsinin də qarşıya məqsəd qoyulduğunu deyir: “Bu gün insanlar başa düşür ki, kitabxana işi oxucuya sadəcə istədiyi kitabı verməkdən ibarət deyil. Tələbələrimiz də ixtisasları üzrə püxtələşməyə çalışır, informasiya texnologiyaları fənlərinə xüsusi diqqətlə yanaşırlar. Onlar hər il respublika əhəmiyyətli kitabxanalarda olur, ildə iki dəfə yay və qış təcrübələrində iştirak edirlər. Yeri gəlmişkən, yeni “İnformasiya menecmenti” ixtisasının açılmasını nəzərdə tuturuq. Foto dərnəyinin yaradılması da planlaşdırılır. Hazırda fakültədə iki elmi jurnal - “Kitabxanaşünaslıq və biblioqrafiya” və “Kitabxanaçılıq və informasiya” nəşr olunur. Daha bir müstəqil kütləvi jurnalın hazırlanmasını da düşünürük. Fakültə beynəlxalq əlaqələrin daha da inkişafında maraqlıdır”.
   
   Təkliflər var
   
   Fakültə dekanı bu gün əhəmiyyətli informasiya mərkəzləri olan kitabxanalara işə qəbulun imtahanla aparılmasını vacib hesab edir: “Ölkəmiz inkişaf edir, əksər müəssisələr kadrları işə qəbul edərkən müəyyən tələblər nəzərə alınmaqla imtahanlar keçirirlər. Təklif edərdim ki, kitabxanalara işə qəbulda da müəyyən imtahanlar tətbiq olunsun. Kadrların informasiya texnologiyaları üzrə biliklərə nə dərəcədə nail olması və s. müəyyənləşsin. Düşünürəm ki, bu, kitabxana sahəsinin inkişafı üçün əhəmiyyətli rol oynaya bilər”.
   Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov “Kitabxanaçılar günü”nün təsis olunmasını istəyir: “Kitabxanaçı əməyi fədakar əməkdir. Azərbaycanda ali kitabxanaçılıq təhsilinin və kitabxanaşünaslıq elminin banisi Abuzər Xələfovun “Kitabxanaçılar günü”nün təsis olunması ideyasının gerçəkləşməsi bizim üçün xoş olardı. Dünyanın əksər ölkələrində bu gün qeyd olunur. Azərbaycanda belə bir gün təsis etmək olar”.
   UNESCO-nun məlumatına görə, dünyada 500 milyon kitabxana olduğunu deyən N.İsmayılovun sözlərinə görə, respublikamızda fəaliyyət göstərən 12 min kitabxana da Azərbaycan mədəniyyətinin, xalqın intellektinin inkişafının ümumi göstəricisidir: “Mədəniyyət və Turizm Nazirliyi ölkənin kitabxana infrastrukturunun təxminən yarısına nəzarət etməsinə baxmayaraq, kitabxana-informasiya sahəsində dövlət siyasətini həyata keçirən əsas icra hakimiyyəti orqanıdır. Nazirliyin həyata keçirdiyi layihələr, görülən işlər kitabxana təhsili məsələlərində də yeniliklərin, dəyişikliyin zərurətini ortaya çıxarır. Təcrübə, müasir dövrün tələbi göstərir ki, kitabxana işinə, bu istiqamətdə təhsilə yalnız ənənəvi yanaşmaq olmaz. Tədris prosesinin mahiyyətində, məzmununda baş verən keyfiyyət dəyişiklikləri yüksək ixtisaslı kitabxana-informasiya mütəxəssislərinin yetişməsinə imkan verir”.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar