Hər il olduğu kimi, bu il də mayın 19-da qardaş Türkiyədə Cümhuriyyət tarixinin ən önəmli günlərindən biri - “Atatürkü anma, gənclik və idman bayramı” böyük təntənələrlə qeyd edildi. Paytaxt Ankarada düzənlənən builki bayram tədbirlərinə türk dünyasının UNESCO-su sayılan və 20 illik yubileyini qeyd edən TÜRKSOY da imzasını atdı.
   
   TÜRKSOY-un və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə möhtəşəm festivala mayın 14-də start verilmişdi. Tədbirlərə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa (Yakutiya), Tatarıstan, Tuva, Dağıstan, Kalmık, Çuvaş və Kabardin-Balkar respublikaları, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti, Bosniya Herseqovina, Tacikistan, Krım (Ukrayna), Serbiya, İraq, Makedoniya, Rumıniya, Qaqauz Yeri (Moldova) - ümumilikdə 25 ölkə və diyardan 400-dək sənətçi və mətbuat nümayəndəsi qatılmışdı. Bir sözlə, Ankara dünyanın türkdilli gənclərini bir yerə toplayan məkana çevrildi.
   
   Yaşayan tarix
   
   “Atatürkü anma, gənclik və idman bayramı” Türkiyənin milli mücadilə tarixi ilə bağlıdır. 1919-cu il mayın 19-də Mustafa Kamal paşa Samsunda öz silahdaşları ilə birlikdə Osmanlını diz çökdürən işğalçı qüvvələrə qarşı qurtuluş savaşına başladığını elan edib. Onun öndərliyi ilə bu mübarizə 1923-cü il oktyabrın 29-da yeni dövlətin - Türkiyə Cümhuriyyətinin yaranması ilə yekunlaşdı. Tale elə gətirib ki, böyük komandanın rəsmi təvəllüd günü tarixə naməlum qalıb və Atatürk milli mücadiləyə başladığı 19 mayı özünün doğum günü olaraq türk gəncliyinə ərməğan edib. 1938-ci ildən bu gün Türkiyədə rəsmi bayram kimi qeyd edilir.
   “Atatürkü anma, gənclik və idman bayramı” münasibətilə Türkiyədə ənənəvi olaraq “Gənclik həftə”si keçirilir. Bu il də bayram türk dünyası gənclərini bir araya gətirdi, müxtəlif ölkələrdən musiqi qrupları, rəqs ansamblları, idmançılar öz məharətlərini göstərdilər.
   Mayın 14-də türk dünyasının media nümayəndələri və sənətçilərini qəbul edən Türkiyə Prezidenti Abdulla Gül onlara xoş diləklərini çatdırdı.
   Mayın 15-də Türkiyənin gənclər və idman naziri Suat Kılıcın iştirakı ilə “Gənclik həftəsi”nin təntənəli açılış mərasimi keçirildi. Atatürkün uyuduğu Anıtqəbirdən başlayan ziyarət Anıttəpəyə qədər yürüşlə davam etdi. Gənclər Atatürkün mavzoleyinə gül çələngi qoydular. Bu yürüşün ardınca idman federasiyaları təmsilçiləri və TÜRKSOY-a üzv ölkələrdən gələn gənc sənətçilər Anıttəpə İdman Kompleksində rəngarəng çıxışları ilə unudulmaz bir göstəri nümayiş etdirdilər. Festivalda Avrasiyanın türk dünyası ilə yanaşı, uzaq Braziliyadan da gənc sənətçilər iştirak edirdi. Bir zamanlar qanlı savaş meydanı olan bu yerlərdə dünya gəncləri bir araya gəlib mədəniyyət, sənət vasitəsilə dialoq, anlaşma, bir-birilərinə qarşılıqlı hörmət mesajları verdilər. Möhtəşəm tədbirin ardınca nümayəndə heyətlərini gənclər və idman naziri Suat Kılıc qəbul etdi.
   
   Bilgə Xaqanın mirası Ankarada quruldu
   
   Türk dünyasının ortaq çatısı olan TÜRKSOY-un yubiley mərasimi çərçivəsində gerçəkləşən tədbirlərdən biri də mayın 16-da Bilgə Xaqan anıtının açılışı oldu. Dünyada Orxon yazıları kimi tanınan daş kitabələrdən olan Bilgə Xaqan yazısı türk dilinin ən qədim abidələrindəndir. Bu yazılar Bilgə Xaqanın ölümündən sonra daşa həkk olunub. Monqolustanda Orxon çayı yaxınlığında tapılan yazı ilə Kül Tigin yazısı arasındakı məsafə bir kilometrə yaxındır. Göytürk yazısı ilə həkk edilən abidənin bəzi bölümləri Gül Tigin abidəsindən köçürülüb. Abidənin şərq tərəfində 41 sətirlik, daha dar olan şimal və cənub tərəflərində 15 sətirlik türkcə mətn tapılıb. Qeyd edək ki, orijinal varianta uyğunlaşdırılan Bilgə Xaqanın Ankaradakı bu abidəsinin müəllifi Azərbaycanın tanınmış heykəltəraşı Səid Rüstəmdir.
   Tədbirə mətbuat nümayəndələri ilə yanaşı, “Gənclik həftəsi” çərçivəsində TÜRKSOY-un dəvəti ilə Ankaraya gələn yüzlərlə sənətçi və türk dünyasının tanınmış insanları da qatılmışdı. TÜRKSOY-un baş katibliyinin yerləşdiyi binanın bağçasında gerçəkləşən mərasim rəngarəng konsert, rəqs nümunələri ilə müşayiət olundu. Türk dünyasının zəngin mədəniyyəti Bilgə Xaqan abidəsinin önündə bir araya gəldi. Sonra TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verdi.
   
   Türkiyə Cümhuriyyətinin həmyaşıdı
   
   Bayram tədbirlərində iştirak edən türkdilli ölkələrin mətbuat nümayəndələri Fırat Purtaşın müşayiəti ilə TRT-də və Türkiyənin ən böyük xəbər agentliyi - Cümhuriyyətin yaşıdı olan “Anadolu” agentliyinin (Anadolu Ajansı) baş ofisində oldular. Tanışlıq ziyarətində agentliyin direktorunun Türkiyə və dünya xəbərləri yayımı üzrə müavini Ömər Eski jurnalistlərə media qurumunun tarixi, fəaliyyəti, iş prinsipləri barədə məlumat verdi. Bildirdi ki, agentlik olaraq dünyada və Avrasiya coğrafiyasında bir arada yaşama mədəniyyətinin qurulmasını hədəf alıblar: “Ən önəmlisi baş verən hadisələrin türk dünyasına necə çatdırılmasıdır. Bu vəzifəni də bizim mətbuat nümayəndələrimiz yerinə yetirir. Bu gün 5 dildə xəbər yayırıq. 2020-ci ilə qədər yayın dillərimizin sayını 11-ə çatdıracağıq. Biz beynəlxalq xəbər agentliyi olmağı hədəfə almışıq. Bir sıra ölkələrdə tərəfdaş media qurumları ilə işbirliyi içində çalışırıq. Hər yerə öz imkanlarımızla gedə bilmərik, amma belə işbirliyi ilə xəbərlərimizi bir araya gətirə və dostlarımıza təcrübəmizlə yardım edə bilərik”.
   Onu da qeyd edək ki, Azərbaycanda da “Anadolu” agentliyinin nümayəndəliyi fəaliyyət göstərir.
   
   Savaş meydanında mədəniyyət dialoqu
   
   “Gənclik həftəsi” tədbirlərinə dəvət edilən bütün sənətçilər mayın 18-də Gənclik parkında bir araya gəldilər. Burada gerçəkləşən konsert proqramında qruplar ikinci dəfə səhnədə yer aldılar. Bu zəngin musiqiləri dinlədikcə düşünürsən: uzun müddət müxtəlif imperiyalar türk xalqları və toplumlarına tarixlərini, dillərini unutdurmağa çalışsa da, zəngin və qədim türk mədəniyyəti onlara bu imkanı vermədi. Və bu mədəni rəngarənglikdə məxsusi bir harmoniya hiss olunur. Azərbaycanlı, türkmən, qazax, qırğız, özbək, xakas, yakut, qaqauz və digər türk xalqlarının sənətçilərinin gözəl ifalarının təsirindən çıxmaq olmurdu.
   Qeyd edək ki, Azərbaycanı tədbirlərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Cəngi” estrada-folklor ansamblı təmsil edirdi. Mircavad Rəhimovun rəhbərlik etdiyi kollektiv milli rəqslərimizdən “Qaytağı” və “Yallı”nı böyük məharətlə ifa edərək yer-yer alqışlandı.
   “Gənclik həftəsi” bayram tədbirlərinin bağlanış mərasimi mayın 19-da “Ankara Arena” idman kompleksində möhtəşəm konsert proqramı ilə gerçəkləşdi. 25 fərqli ölkədən 400 gəncin qatıldığı mərasimi Türkiyənin gənclər və idman naziri Suat Kılıc açdı. O, “Atatürkü anma, gənclik və idman bayramı”nın coşqu ilə qeyd edildiyini bildirərək Türkiyənin hər bucağında tək vətən, tək bayraq, tək millət amalının böyük bir həyəcanla yaşandığını və yaşadıldığını bildirdi. Nazir bayram tədbirlərinə gələn qonaqlara xüsusi təşəkkürünü bildirdi. Sonra bayram konsertinə start verildi.
   Nəhəng idman kompleksi möhtəşəm göstəri məkanına çevrildi. Meydana toplaşan axın-axın insanlar unudulmaz tarixi yaşadan günü qeyd edirdi. Qonaq musiqiçi və rəqs qrupları ilə yanaşı, Türkiyənin 81 vilayətindən gələn gənclər və idman federasiyaları təmsilçiləri də tədbirə xüsusi rəng qatmışdı. Azərbaycanı təmsil edən “Cəngi” estrada-folklor ansamblının ifa etdiyi ”Yallı” rəqsi proqramı daha da rövnəqləndirdi. Mərasim bütün iştirakçı ölkələrin sənətçilərinin birgə ifası ilə başa çatdı.
   Sonda tədbirlərdə iştirak edən kollektivlər, o cümlədən “Cəngi” estrada-folklor ansamblı fəal iştirakına görə Türkiyənin Gənclər və İdman Nazirliyi və TÜRKSOY tərəfindən diplomla təltif olundu.
   Doğrudan da, bir zamanlar savaş meydanına çevrilən bu yerlərdə türk dünyası gənclərinin bir araya gələrək mədəniyyət dialoquna töhfə verməsi təqdirəlayiq idi. Avrasiya coğrafiyasından yaradıcı gənclərin, media mənsublarının yer aldığı “Gənclik həftəsi” yaddaşlara ən xoş duyğularla həkk olundu.
   
   N.Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar