Bənzərsiz şairin növbəti ildönümünə dair möhtəşəm tədbir
   
   1962-ci ildən keçirilir bu tədbir. Statistikaca yubilyarın “Gərçi qocadır - babam yaşında” təşbehini andırsa da, faktoloji sarıdan hər il gənclik təravətilə keçirilən tədbir. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və böyük Söz qədri bilən xalq nümayəndələrinin eyni status, ortaq sevgi, bərabər mütaliə-bilgi ilə qatıldıqları tədbir.
   
   Öncə, deyilən tarixçədən bəri hər dəfə eyni ayın - mayın son günlərində eyni format, beş-üç ildən bir tərkibi təzələnən təşkilati heyət, isim-sifətləri yenilənən sadə camaat və dəyişilməz adla keçirilən bu gözəl-özəl mərasimin adı barədə.
   
   “Sabir poeziya...”
   
   Hamıya bəlli son sözü həm bilərəkdən, həm də ehtiva lokallığına görə yazmadım. “Bilərəkdən”imin açması bu ki, Sabir elə poeziya deməkdir. “Ehtiva lokallığı” isə bir az füzun məsələdir...
   Yəni hər gün, hər saat bu xalqın xatırladığı, yüz ildən çoxdur hər iki-üç alayı söz-söhbətdən bir gah “birbaşa”, gah dolayı rabitədə olduğu, bəzi dövrlərdə hör-hökumətdən, hərdənlərdə zəmanədən, hər dəmlərdə məmurlardan, mənfurlardan, kafərlərdən maddi-psixoloji məlamətlər, milli-siyasi rəzalətlər yaşadığı məqamlarda mənəvi məlhəm kəlamlarını dilə gətirib səhhəti-səlamətlik tapdığı bir ədəbi-əbədi Pir Şair haqda - necə yəni, sadəcə, “Sabir Poeziya Günləri”?..
   İnanmıram, mənim bir irrasional iradıma çox tərəfdar tapıla - hətta, ötən ayın son günü sıralarına mətbuat üzvü olaraq qatıldığım bu tədbirin iştirakçıları arasında belə. Yəni, bir az təbiətən, xeyli dərəcə fitrətən, bir azca da “ixtisas”ca maksimalist olan şairlər, yazıçı, dramaturq və tənqidçilər arasında. Onlar bu məna, bu qapsamlı başqa bir adlığın (tutalım, “Sabir Poeziya İli”nin) mümkün olmadığını (və elə mənim də bunu bilə-bilə yazdığımı) məndən də yaxşı bilirlər. Amma onlar (və onların orada iştirak edə bilməyən və etməyən həmkarları) - rasionalistlərdən fərqli olaraq - bunun da farkındadırlar ki, belə bir arzu-xəyala düşməyin nəyi pisdir ki?..
   Hər mövzunu, mətləbi, olayı: -
   
   “- Zilli Sultan, bura say, söydürüb aldıqlarını,
   Döyüb aldıqlarını, döydürüb aldıqlarını!
   - Tövbə, əttövbə xəta rahinə getdiklərimə,
   Bilib etdiklərimə, bilməyib etdiklərimə...”
   

qədər qısa-konkret xətm edən bir Ulunun üslub-üsuluna nisbətdə hələ də “Dərsə gedən...” çabasında olan bəndənizin nəqli “giriş”indən informativ-situativ gedişinə keçək.
   31 may 2013-cü il. Səhər saat 8:00. Bir əsrdə adı üç dəfə dəyişmiş İstiqlal küçəsi. Sehrli sir-sifətindən millətin əhvalı süzülən, təqdim lövhəciyinə “Mirzə Ələkbər Sabir Tahirzadə 1862-1911” yazılmış heykəl-abidə. Amma... hər zaman - sağlığında da, hələlik yüz iki illik cismani yoxluğunda və bütün gələcəklərdə də ayaqda olmuş ola-ola... oturmuş halda. Hansı ki, onun burada indikindən 36 il öncə qoyulmuş (1922) ilk heykəli ayaq üstdə olub. 1958-ci ildə isə - o vaxtkı “xalq düşmənləri”ndən birinin dediyi kimi - “Sabiri də oturtdular”...
   Saat 9:00. Bayaqdan əllərində qızıl güllərlə, duyğularında xoş sözlərlə, məhəbbət və ehtiramla, yubilyara məxsus alovlu misralarla iki bir-üç bir gələnlər abidəyə yaxınlaşırlar. Təzə-tər güllər, çiçəklər abidənin postamenti önünə düzülür. Ziyarətçilərin zahirən susqun, daxilən coşğun surətlərindən dini dualar, poetik hallar süzülür.
   Maşın karvanı Şamaxıya - Azərbaycan və dünya ədəbiyyatına belə bir təkrarsız şair, nəhəng satirik bəxş etmiş yurda doğru yol alır. Digər avtomobillərdəkilərin nə söhbətlər etdiklərini deyəmmərəm, ancaq, mənim də əyləşdiyim komfort avtobusda “yola körpü” salmaq məqsədilə söylənən söhbətlər, misralar içərisində “...Biz hələ avtomobil minməyiriz”, “Pa atonnan, nə ağır yatdı bu oğlan...” mövzulu misralar dilə gəlmir. Nədən ki, sürət, təşkilati vəziyyət, yol mədəniyyəti məsələlərinin hamısı bu mədəniyyət-ədəbiyyat adamlarının tam ürəyincədir.
   Bu da mənzil başı. Maşınlardan düşənlər gözəl, geniş bir təbiət məkanı ilə - Heydər Əliyev parkıyla üz-üzədirlər. Onlar buradakı izdihama qoşulub, ümummilli liderin - parkın o başında ucalan abidəsinə doğru addımlayır, əllərindəki gül-çiçək dəstələrini postament önünə düzərək sayğı duruşuna dururlar.
   Növbəti məkan minilliklər Şamaxısının özü qədər qədim qəbiristanlığı. Burada ruh mayakı kimi ucalan abidə-məzar. Əlbəttə, Mirzə Ələkbər! Xeyriyyəçi-şair Gülağa Tənhanın hesabına başa gəlmiş bu gözəl abidə əsl xəlqi mavzoley görkəmindədir. Aşağıda söz açacağım tədbir iştirakçılarından biri - mərasimin səs-ün bəyandarı Ağalar Bayramovun söylədiyi məlum-məşhur şeirin “Bənzərəm bir qocaman dağa ki, - dəryada durar!” misrası elə bu abidəyə müqəyyəd heyrət işarəsi kimi də səslənir.
   Nəhayət, “S.Ə.Şirvani küçəsi - 48”. M.Ə.Sabirin ev-muzeyinin yerləşdiyi ünvan. O qədər də geniş olmayan həyətdə izdiham ab-havası ilə qaynayan poetik bir həyat.
   Yığıncağı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açır. Qonaqları, yığıncaq iştirakçılarını ehtiramla salamlayıb, sevgilərlə “xoşgəldin” edən, bir az rəsmi-protokol çıxışını “hamıdan öncə öz şamaxılısı”nın tablo-portret misralarıyla naxışlayan ev yiyəsi sözü tədbirin təşkilat komitəsinin sədri şair Əjdər Ola verir. “Bizim ümumdünya Sabirimiz”, “Şərhə gəlməyən şairimiz” kimi təşbehlər işlədib, çox mətləbə toxunan, onu həm də “ictimai fərdin etiraf mədəniyyətinin - özünə özündən bax” fəlsəfəsinin yaradıcısı kimi qiymətləndirən təşkilatçı-natiq, sözünü “danışmaqla, öyməklə, yazmaqla qurtarmayan Sabir” məntiqilə bitirib, çağımızın ən orijinal düşüncələr, ən incə hisslər, diləzbər mahnılar ustadını - Xalq şairi Fikrət Qocanı mikrofona dəvət edir. Soyadca “Qoca” olsa da, ruhca çox cavana dəyən fitrəti-Fikrət müəllim hələ mikrofona çatmamış fövri bir nitq irad edir. “Deyinib”-deyir ki, mən bu Sabirsevər aşiqlər qarşısında, darıdələr qulaqlar hədəfində hansı nitqimlə çıxış edim?! Buna baxmayaraq, sözü çoxlarının avazından çox uca olan şair bir neçə kəlmeyi-nəsr və bir nəzm söyləyib, sürəkli alqışlar altında - bu yarı ayaqüstü, yarı oturaq mərasimdə elə əvvəldən tutduğu təvazökarlıq sıralarındakı yerinə qayıdır. Sonra meydana əsl xəlqi şair - Məmməd Aslan çıxır. “Sabir həm özüylə yaşıddır, həm Füzuliylə”, “Mirzə Ələkbər bizim - xalq dərdini yazmış ümummilli mirzəmizdir” kimi postulatlar söyləyir, maraqlı xatirələr çözür (bir vaxt Sabirin oğlu Məmmədsəlim müəllim ona söyləyib ki: “Atamın böyüklüyü qarşısında balacalığımdan utanıram” və s.), öz şeirlərindən nümunələr oxuyur. Məşhur “Rza” təxəllüslülərimizin ünlü davamçısı Oqtay Rza, görkəmli tənqidçi Vaqif Yusifli, populyar nasir Mustafa Çəmənli, müasir səhnəmizin bayraqdar müəlliflərindən olan dramaturq Əli Əmirli, ovxarlı qələmiylə yazdıqlarını özünəməxsus tərz-tonuyla bir az da axar-baxarlandıran Qardaşxan Əziz və başqaları ötən əsrin bütün gələcəklərçün doğduğu bu poeziya fenomenimizlə bağlı fikir və misralarını dilə gətirirlər.
   Daha sonra, iyirmi beş ildir Münhendə yaşasa da, imkan tapdıqca bu sayaq tədbirlərimizdə iştirak etdiyindən şərəf duyan Simax Şeyda (yəhudi), Qarabağ qazisi Əziz Musa, Elman Səmədoğlu, xanım şairlərdən Məlahət Yusifqızı, Şəfəq Sahibli və Narıngül böyük Sabir nəhr-bəhrində qələmə aldıqları şeirlərindən parçalar söyləyirlər. Buradakı qonaqlar arasındakı birisinin adını isə Sabiranə şeirlərindən birinin iki bəndi üstündə çəkirəm - Ramiz Qusarçaylı:
   
   Düşməndən dərs yükü alıb,
   Dərdinə daldığım Vətən...
   Qarabağda “2” alıb,
   Sinifdə qaldığım Vətən...
   
   Oğul-oğul çiçəkləndi,
   Şəhid-şəhid ləçəkləndi,
   Xocalıda çilikləndi -
   Əlimdən saldığım Vətən...
   

   Rəngarəng ovqatlı bu möhtəşəm tədbirin - Aşıq Ağamuradın havalı avazı, Ağalar Bayramovun “dava”lı səsi, Sabirin bir şeirini səhnələşdirmiş məktəbli uşaqların ləzzətli şəbehi və çalğıların bir dəc məqamında ortaya düşüb qol götürən 4-5 yaşlı bir qızcığazın “bu boyda-bu boyda” ritmli oyunu ilə gələn ilin bugünlərinədək yaddaşlarda yaşayacağı zəmanətilə:
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar