Bakının mərkəzində, Yusif Məmmədəliyev küçəsi 14 ünvanında fərqli bir qalereya yerləşir. Azərbaycanda və Cənubi Qafqazda ilk "Kukla" art qalereyası. Buraya daxil olan kəs bir anlamda möcüzəli nağıl aləminə düşür. Lap “Alisa möcüzələr diyarında” olduğu kimi. Bir-birindən fərqli, rəngarəng və sanki insanla danışırlarmış kimi sıralanmış kuklalar. Neçə-neçə sənətkarın sənət nümunələri bu qalereyada özünə məskən salıb. Ziyarətçilər kukla dünyasının sehrli aləmində, kuklalar isə öz əyləncə dünyalarında. 
   
   Kukla sənəti ta qədimdən mədəni irs nümunəsi kimi sənət növləri sırasında geniş yayılıb. Bu sənətin 2500 il yaşı olduğu deyilir. Zamanın ələyindən ələnərək müəyyən dövrlərdə kukla sənəti ayin, oyun və daha sonra teatr alətinə, müasir dövrdə isə həm də bədii sənət əsərinə çevrildi. Bu gün kukla ustalarının işləri dünyanın məşhur muzey və qalereyalarında nümayiş olunur.
   Bu ilin aprelində fəaliyyətə başlayan qalereyanın rəhbəri və təşkilatçı Lalə Kazımova, direktoru Liana Vəzirovadır. Direktor bizimlə söhbətində bildirdi ki, üç aya yaxın fəaliyyət dövründə kolleksiyaya yeni nümunələr daxil olub. Yerli sənətkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən - İtaliya, Rusiya, Ukrayna, Fransadan kukla ustalarının sənət nümunələri qalereyanı daha da zənginləşdirib:
   - Kolleksiyamızda müxtəlif janrlarda işləyən tanınmış müəlliflərin işləri nümayiş olunur. Onlardan Yelena Mixaylova (interyer-kukla), Lada Repina (kukla-art obyekt kimi), Viktoriya Kukalo (stim pank), İrina Veştak-Ostromenskaya (heykəl-kukla) və başqalarını qeyd edə bilərəm. Hazırda bir çox layihə və planlarımız var. Əsas işimiz 2013-cü il 5-10 noyabr tarixlərində keçiriləcək II Bakı Beynəlxalq Kukla Bennalesine hazırlıqdan ibarətdir. Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirin təşkilatçılarından biriyik və bu tədbirdə aktiv iştirak edəcəyik”.
   Qalereya başqa ölkələrdə təşkil olunan sərgilərə də hazırlaşır Moskvada keçiriləcək beynəlxalq sərgidə Azərbaycanı Elmira Abbaslı, Pərviz Hüseynov, İrina Qundorina və digər sənətkarların hazırladıqları kuklalarla təmsil edəcəyik. Kukla qalereyasının yaradılmasında əsas məqsədimiz kukla sənətini inkişaf və təbliğ etməkdən ibarətdir. Bəlkə nə vaxtsa kolleksiyamızda nümunələrin sayı artdıqdan sonra bu qalereya kukla muzeyinə çevriləcək. Bu, ölkəmiz üçün bir sənət sərvəti olacaq. Artıq Azərbaycan bu sahədə beynəlxalq sərgilərdə iştirak edirsə, deməli, sənət inkişaf edir və təkmilləşir. Biz istəyirik ki, Azərbaycanın çoxsaylı istedadlı və tanınmış rəssamları, heykəltəraşları olduğu kimi, kukla sənəti üzrə də daha çox sənətkarları yetişsin.
   - Kukla sənəti üzrə sənətkarları bir yerə toplaya bilmisinizmi və onların səviyyəsi sizi qane edirmi?
   - Bəli, bu gün Azərbaycanda bu sahə üzrə istedadlı ustalar var. Elmira Abbaslının əl işləri təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində nümayiş olunur və tanınır. O, dəfələrlə beynəlxalq sərgilərdə ölkəmizi təmsil edib. Pərviz Hüseynov və İrina Qundorina da bir çox beynəlxalq sərgilərdə iştirak ediblər və gözəl sənət nümunələri ilə tanınırlar. Onlar müxtəlif beynəlxalq layihələrin laureatları və mükafatçılarıdırlar. Qalereyamızda Tamilla Qurbanovanın da sənət nümunələri öz əksini tapıb.
   - Kuklalar həm də satışa çıxarılır?
   - Əslində satış başlıca məqsəd deyil. Biz qalereyanın fəaliyyət göstərməsinə çalışırıq. Qalereyanın fondunda muzey əmlakı hesab edilən və eyni zamanda satışa çıxarılan kuklalar var. Çünki qalereyamız özəldir və biz buranın fəaliyyətini tənzimləmək üçün maddi vəsait də əldə etməliyik. Amma kuklaların çoxu satılmır və nadir nüsxələrdir.
   - Şəhərimizin xarici qonaqları, turistlər qalereyaya maraq göstərirmi?
   - Qalereya aprel ayından fəaliyyətdədir və ziyarətçilərimiz arasında əcnəbi qonaqlar da çox olur. May ayında Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən qonaqların bir çoxu qalereyamıza baş çəkdilər. Latviyanın, Litvanın, Çexiyanın, Səudiyyə Ərəbistanının mədəniyyət nazirləri və digərləri qonağımız oldular. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik ki, qalereyamız turist marşrutlarına daxil edilsin. Hesab edirik ki, Azərbaycana gələn turistlərin bizim qalereya ilə tanış olmaları eyni zamanda sənət nümunələrimizi tanıtmağa şərait yaradacaq.
   - Kukla bütün dünyada bahalı sənət nümunəsi kimi tanınır. Kukla ustalarına hansısa bir köməklik göstərə bilirsinizmi?
   - Bizim əsas məqsədlərimizdən biri də respublikamızda kukla sənəti ilə məşğul olan insanlara yardım etməkdir. Onları dünya sənət nümunələri ilə tanış etmək, əl işlərini sərgilərə çıxarmaq və lazım gələrsə, bu sənətə aid ləvazimat və əşyaların mağazasını açmağı vacib sayarıq. Hazırda insanların bu sənətlə məşğul olmağa böyük marağı var. Buna görə də bəlkə gələcəkdə qalereyanın nəzdində dərnəklər də təşkil etdik. Kuklaların müxtəlif növləri var. Toxunma, tekstil, farfor və s. Bizim qalereyada bürüncdən hazırlanmış kuklalar var ki, bu nümunələr tanınmış italyan sənətkarı Katerina Veştakın kolleksiyasından qalereyamıza təqdim olunub. Onu da nəzərə çatdırmaq istərdim ki, çox vaxt mağazada satılan kukla oyuncaqla qalereyada nümayiş olunan kuklaları müqayisə edirlər. Bunlar tam fərqlidirlər və heç bir əlaqəsi olmayan sahələrdir. Qalereyada nümayiş olunan kuklalar sənət nümunələridir, sənət obyektləridir və müəllif işləridir. Bunu sadə dildə müqayisə etsək, əgər biz mağazadan hər hansı divar kağızı alırıqsa bunu rəsm əsəri adlandıra bilmərik, eləcə də kukla sənəti oyuncaq kukla istehsalından tam fərqlidir. Bizim nümunələrin əksəriyyəti tək nüsxələrdir.
   - Kuklaları necə mühafizə edirsiniz?
   - İlk növbədə qalereyada temperatur rejiminə nəzarət edirik. Məsləhətçimiz Pərviz Hüseynov hər həftə qalereyada kuklalara diqqətlə baxış keçirir, onların təmizlənməsi, lazım gəldikdə bərpa edilməsini həyata keçirir. Bu işlərə çox diqqətlə yanaşırıq. Kuklalara əl ilə toxunmaq olmaz. Onlarla ehtiyatla davranmaq lazımdır. Bəzən mənə elə gəlir ki, biz axşam evə gedəndən sonra bu kuklaların burada öz həyatı başlayır. Onlar hərəkətə gələrək öz dünyalarını yaşayırlar.
   Sonda bir istəyimi də diqqətə çatdırmaq istərdim. Arzu edərdik ki, xəbər saytları, informasiya vasitələri qalereya barədə geniş ictimaiyyəti məlumatlandırsın. Hazırda reklam çarxının hazırlıqları üzərində işləyirik və inanırıq ki, qalereyaya isti münasibət onun daha da inkişafına səbəb olacaq. Çoxları qalereyanın fəaliyyətindən xəbərsizdir və harada yerləşdiyi barədə belə məlumatları yoxdur.
   * * *
   Qalereyada olduğumuz bir saat ərzində insanların bu məkana böyük maraq göstərdiyinin şahidi olduq. Yaxınlıqdan keçən hər kəs bir-birindən maraqlı və diqqətçəkən kuklaları gördükdə biganə qalmayıb qalereyaya daxil olurdular. Paytaxt sakini, təqaüdçü Zeynal Həsənov Bakıda belə bir qalereyanın fəaliyyətindən məmnun olduğunu bildirdi: “Çox gözəl məkandır. Sənətkarların əl işləri insanı düşündürür. Qalereyanın girişi də göz oxşayır, istər-istəməz içəridəki sirli kukla aləmi insanı cəlb edir”.
   Yeri gəlmişkən qeyd edək ki, “Kukla” art qalereyasının giriş lövhəsini tanınmış rus rəssamı, art mexanizm üzrə mütəxəssis Viktor Qriqoryev hazırlayıb.
   Tələbə Aysel Babayeva da ilk dəfə bu məkanın qonağıdır. Bildirir ki, qalereyanın fəaliyyət göstərdiyini ərazidə yaşayan tələbə dostlarından öyrənib. Kuklalarla maraqlandığı üçün bu ona şad xəbər olub. Belə gözəl sənət nümunələri ilə qarşılaşacağını isə ağlına gətirməyib. Hiss olunurdu ki, Aysel kuklaların sehrinə düşmüşdü.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar