İlıq, az sonrası ilğımlı 23 may səhəri. Bir neçə jurnalist həmkarla yol üstəyik. Əvvəli Xilə, indisi və məncə, elə çox sonrası da Səttar oylağı deyiləcək Əmircana gedirik. Əlamətdar hadisə var. Özü rəsmlərindən böyük, sevgisi rənglərdən daha rəngli, duyğuları çalarlarından zəngin bir rəssamın, nəinki bakılıların, nəinki əmircanlıların, bütünlükdə özü-sözü azərbaycanlı olan hər kəsin, fırçadan, molbertdən xəbərdar olmasa belə, rənglərin ansamblına heyran kəsilənlərin qürur məkanına yollanırıq. Səttar Bəhlulzadənin ev-muzeyi əsaslı təmir-bərpadan sonra, yenidən sənətsevərlərin, bu qeyri-adi şəxsiyyətin vurğunlarının üzünə açılır.
Mətbuat nümayəndələri üçün ayrılan avtobus, nəhayət, yola düşür. Köhnə-yeni, iri-xırda tikililəri, dar-dolanbac yolları, yamyaşıl ağacları və arabir onları dəlib parlayan günəşin şüalarını geridə qoyaraq mənzil başına çatırıq. Rəssamın xatirə lövhəsinin vurulduğu tinin başında ev-muzeyini soruşuruq. Sevincək sakinlərdən biri “Bax o təzə döşənmiş yol Səttarın evinə gedir”, - dedi və ardınca “Allah ona rəhmət eləsin, kişiyə görə yolumuzu da düzəltdilər” alqışını səsləndirdi.
Hər şey dünəni səsləyir
İkimərtəbəli mükəmməl təmirli ev, döşənmiş, bayram ruhuna köklənmiş həyət, o həyəti Səttar sevgisi ilə dolduran köhnə-təzə qonşular, uzaqdan-yaxından gələn qonaqlar, al-əlvan geyimli balaca solistlər (3 nömrəli uşaq incəsənət məktəbinin xor kollektivi), Əməkdar artist Firuz Səxavətin muğam üçlüyü, həyətə xüsusi yaraşıq verən tut və əncir ağacının kölgəsində oturub rəsm çəkən balacalar və yəqin, çox yəqin ki, bu şaqraqlıqdan məmnun rəssam ruhu...
Xatırladım ki, fırça ustasının Əmircandakı evində muzey ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildə yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən burada əsaslı təmir-bərpa işləri aparılıb, ev-muzeyin yeni ekspozisiyası yaradılıb.
Bu yeni, müasir, təptəzə görünüşdə dünənin, ötənlərin bir nostaljisi də var hər kəsin üzündə. Hə, bir də qəribə nigarançılıq, bəlkə də sevincə bələnmiş gözlənti, həyəcan. Hər halda, bu hisslərin hamısında Səttar sevgisi, ruhu, çılğınlığı, həlimliyi, söz-sovu, ən əsası susqunluğu var.
Sükutu pozan rənglər
Aparıcının səsi eşidildi və xəyali sükut pozuldu. Qonaqların yerini alması ilə tədbirin rəsmi hissəsi başladı. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri, tanınmış rəssam və sənətşünaslar, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Səttar Bəhlulzadənin ev-muzeyinin təmir, bərpa və ekspozisiyanın yeni bədii tərtibatından sonra açılışına gələnləri bu əlamətdar hadisə münasibətilə təbrik edən nazir böyük fırça ustasının yaradıcılığından söz açdı, əsərləri dünyanı dolaşan rəssamın irsinin hər zaman örnək sayıldığını bildirdi. Bir neçə il əvvəl rəssamın 100 illik yubileyinin UNESCO səviyyəsində təntənə ilə qeyd olunduğunu xatırladan nazir onu bütün zamanlar üçün sənət zirvəsi kimi dəyərləndirdi: “Səttar Bəhlulzadə Azərbaycan rəngkarlıq məktəbinin uca zirvəsində duran rəssamlardan biridir. Onun əsərləri dünya miqyasında keçirilən sərgilərdə, tədbirlərdə nümayiş olunur”.
Qeyd olundu ki, xalq tərəfindən sevilən, böyük rəğbət görən sənətkar çox sadə, təvazökar, öz işini hər şeydən uca tutan şəxsiyyət idi. Azərbaycanı qarış-qarış gəzərək gördüklərini kətana köçürən rəssamın məşhur mənzərə tabloları ilə yanaşı, portret janrında əsərləri də diqqəti xüsusi cəlb edir. O, böyük şəxsiyyətlərin daxili dünyasını öz üslubu, özünəməxsus ustalığı ilə ifadə etməyi bacarırdı.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov isə sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, onun unikal şəxsiyyəti, fərdi yaradıcılıq üslubu və mükəmməl rəngkarlığından söz açdı.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da muzeyin açılışını mədəni ictimaiyyət üçün böyük hadisə kimi dəyərləndirdi, Səttar Bəhlulzadənin Əmircanın dünyaya bəxş etdiyi nadir inci olduğunu dedi. Muzeyin böyük rəssamın irsinin təbliğində önəmli yer tutacağını bildirdi.
Səttara doğru daha bir addım
Çıxışlar alqışlarla bitdi, sonra muzeyin açılışını bildirən qırmızı lent kəsildi, həyəti dolduran qələbəlik evin solundakı burma dəmir pilləkənə yürüdü. İkinci mərtəbəyə, Bəhlulzadə ruhunun dolaşdığı, toxunduğu əşyaların, sevərək sinəsinə sıxdığı fırçaların, molbert üzərində hələ də rəngləri soyumayan yarımçıq rəsmin, boyaların üzərində onun hənirtisini duymağa tələsdilər. İkinci mərtəbədəki 5 otaq və dəhlizdə nümayiş olunan ekspozisiya ilə tanışlıq başladı.
Bələdçi eksponatlar barədə məlumat verir. Dəhlizdə Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, həmçinin “Yuxarı Daşaltı” əsərinin reproduksiyası nümayiş olunur. Muzeyin kiçik otağında “Corat qovunları” əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları yer alır.
Rəssamın əşyaları, yataq otağı, ona hədiyyə olunan patefon, divarda asılı əqrəbləri donuq saat, munis, doğma, sadə tərtibatlı rəssam evi hər kəsi ayrı bir aləmə, daha doğrusu, heç vaxt tam dərk edilməyəcək Səttar Bəhlulzadə kəhkəşanına aparır. Uzaq, yorğun xəyalları bələdçinin səsi yenidən pozur: “Səttar Bəhlulzadənin əsərləri dünyanın məşhur muzeylərində saxlanılır. Yerli və dünya muzeylərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, rəssamın 600-dən çox müxtəlif ölçüdə tablosu, 200-dən çox qrafik əsəri var”.
Doğma izlərin sorağı
Geniş və işıqlı zalda rəssamın “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazardüzü” əsərlərinin reproduksiyaları sərgilənir. Vitrinlərdə əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanmış təbrik məktubları, teleqramlar, fırça ustasının müxtəlif dillərdə dərc olunmuş kataloqları, fərdi sərgilərinin dəvətnamələri və şəxsi sənədləri, Səttar Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar və digər tarixi əhəmiyyət kəsb edən eksponatlar yer alır.
Sonra bir zamanlar müxtəlif məclislərə, səmimi söhbətlərə, şən-şaqraq gülüşlərə, türlü sənət söhbətlərinə bələdçilik, şahidlik edən qonaq otağına daxil oluruq. Səttar Bəhlulzadənin və anası Hökümə xanımın fotoşəkilləri, “Qızbənövşəyə gedən yol”, “Füzuli”, “Məcnun” və başqa əsərlərinin reproduksiyaları, rəssamın şəxsi kitabları, sənət dostları tərəfindən bağışlanmış kitablar, eyni zamanda, onun haqqında yazılmış kitablar...
Kiçik, səliqəli, sadə yataq otağı. Dəmir çarpayı, şifoner və küncə qısılan kiçik masadan ibarət otaqda rəssamın əsərlərinin reproduksiyaları da nümayiş etdirilir. Və məhz o rənglər simfoniyası bu otağı da qəribə bir işığa qərq edir.
İş otağında isə rəssamı daha aydın duyuruq. Klassik musiqinin müşayiəti ilə (Azərbaycan Dövlət Filarmoniyasının kvarteti) S.Bəhlulzadənin molberti, palitrası, fırçaları, yazı stolu, radiola, əsərlərin reproduksiyaları, fotoşəkilləri, məişət əşyaları və onların düzümü burada çalışan insanın iç dünyasından da xəbər verir.
Və qayıdış
Muzey ilə tanışlıq daş pilləkəndən enişlə başa çatdı. Hər zaman detallara diqqət edən həmkarlarım pilləkəndən qonşu eyvana, böyük Səttarın doğulduğu kiçik evə, ata ocağına da boylandılar. Beləcə hər kəs “Mən natura dalınca Qogen kimi baş götürüb başqa diyarlara getmərəm. Doğma yurdumun təbiəti mənim ilham qaynağımdır”,- deyən rəssamın Əmircanda başlanan əbədi Vətən sevgisinin müşayiəti ilə onun oylağını tərk etdi.
Həmidə Nizamiqızı