Türkiyənin Bartın şəhərində “İsmayıl Qaspralı ili” çərçivəsində tədbirlər keçirildi

Bu il türk dünyasının böyük düşüncə sahiblərindən biri, maarifçi, naşir İsmayıl Qaspralının (1851-1914) vəfatının 100 ili tamam olur. Türkiyənin təklifi əsasında 2014-cü il UNESCO tərəfindən “İsmayıl Qaspralı ili” elan olunub. Bununla bağlı müxtəlif tədbirlər keçirilir.

Türkiyədə “İsmayıl Qaspralı ili”nin əsas tədbirlərindən biri oktyabrın 30-dan noyabrın 1-dək Türkiyənin Qara dəniz bölgəsindəki Bartın şəhərində gerçəkləşdi. UNESCO üzrə Türkiyə Milli Komissiyasının dəstəyi ilə Bartın Valiliyi, Bartın Universiteti, Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyi (TÖBJD) tərəfindən təşkil edilən beynəlxalq konfrans və “İsmayıl Qaspralı bəy: qəzetçilik və insan haqları mükafatları”nın təqdimat mərasiminə Azərbaycan, Şimali Kipr, Bolqarıstan, Suriya və İraqdan, eləcə də Qaspralının vətəni Krımdan nümayəndə heyətləri, millət vəkilləri, siyasətçilər, alimlər, yazıçılar, QHT təmsilçiləri, media mənsubları qatılmışdı. Qeyd edək ki, tədbirə dəstək verən qurumlardan biri də Azərbaycan Yazıçılar Birliyi idi.

Qaspralının yüz il öncə ortaya qoyduğu düstur bu gün də aktualdır

Tədbirin açılışı oktyabrın 30-da Bartın Universitetinin konfrans salonunda keçirildi. Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin (TÖBJD) rəhbəri, tanınmış jurnalist Güngör Yavuzaslan qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Bartının ev sahibliyi etdiyi tədbirlə Krımda dünyaya gələn, Rusiya imperiyasında türk və müsəlman toplumlarının təhsil, mədəniyyət islahatı və müasirləşmə mücadiləsinə töhfələr verən böyük ziyalı İsmayıl Qaspralı bir daha xatırlanacaq.
Bartın Universitetinin rektoru, professor Ramazan Kaplan belə layihələrin əhəmiyyətini vurğuladı: “Bu qəbildən tədbirlər nə qədər çox keçirilsə, bir o qədər faydalıdır. 2008-ci ildə qurulan universitetimiz bu günə qədər mədəniyyət və incəsənət sahəsində 200-dən çox tədbir düzənləyib. İsmayıl Qaspralı ilə bağlı keçirdiyimiz bu tədbir də həddindən artıq önəmlidir. Bizlərin üzərinə düşən isə bu ideal insanların qənaətlərini, düşüncələrini çox daha irəli hədəflərə aparmaq və ölkəmizi dünya millətləri arasında ləyaqətlə təmsil edilən nöqtəyə gətirməkdir”.
Bartın valisi Seyfəddin Azizoğlu çıxışında İsmayıl Qaspralının yüz il öncə ortaya qoyduğu “Dildə, fikirdə, əməldə birlik” düsturunun bu gün də bütün türk dünyası üçün aktual olduğunu bildirdi: “Bütün dünyanın, millətlərin, fikirlərin, ideologiyaların, dillərin bir araya gəldiyi halda bizim ayrı qalmağımız yolverilməzdir”.
Mətbuat Elan Təşkilatının baş direktoru Mehmet Atalay türk dünyasının birlik və bərabərliyi üçün medianın üzərinə böyük məsuliyyət düşdüyünü, zaman-zaman dəyərlərimizə dəyər qatan şəxsiyyətlərin xatirəsini yaşadıb gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı: “Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin və Bartın Universitetinin işbirliyi ilə İsmayıl Qaspıralıya həsr olunmuş bu konfrans da bu birliyin, həmrəyliyin gözəl nümunəsidir”.
Çıxışlardan sonra Dünya Köçəri Oyunlarının rəhbəri Askat Akibayev səhnəyə çıxaraq Bartın Universitetinin rektoru Ramazan Kaplana Qırğızıstanın rəsmi geyimi olan çepken təqdim etdi.
Tədbirin ikinci hissəsi sessiyalarla davam etdi. Rektor Ramazan Kaplanın sədrliyi ilə keçirilən “İsmayıl Qaspralının həyat və fəaliyyəti” adlı sessiyada Türkiyə Ali Təhsil Qurumunun təmsilçisi İlyas Doğan, Maltepe Universitetinin dekanı Ersin Nazif Gündoğan, yazıçı Mehmet Kamil Berse və digər çıxış edənlər Qaspralının fəaliyyətinə ən müxtəlif tərəflərdən yanaşdılar.
Konfransda “Qaspralı və Anadolu”, “Dildə, fikirdə, işdə birlik”, “Türk dünyası və Qaspralı” adlı sessiyalar keçirildi. Sessiyalardan biri “Türk dünyası - yeni media” mövzusunda idi. Bu sessiyada müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan tədbirə qatılan media təmsilçiləri fikirlərini bölüşdülər. Azərbaycan media təmsilçiləri adından çıxış edən Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza türk dünyasında yeni medianın problemlərinə və roluna toxundu.
Konfrans oktyabrın 31-də sessiyalarla işini davam etdirdi. Tədbirin sonunda Azərbaycandan millət vəkili Qənirə Paşayeva çıxış etdi. O, türk dövlət və toplumlarından gəlmiş ziyalılara və ictimai-siyasi xadimlərə səslənərək “bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib, önəmli olduğunu daha çox anlatmalıyıq” deyə sözə başladı: “Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmişimizi və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili bildirdi ki, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə daha güclü mübarizə apara bilərik. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva bildirdi ki, bu gün iki ölkə arasında münasibətlər dünyada analoqu olmayan münasibətlərdir və bu dostluq dövlətlərimizi gücləndirir: “Bu isə bir örnəkdir”.
Çıxışlardan sonra konfransa yekun vuruldu. Bildirildi ki, tədbirdə səslənən fikirlər sadəcə burda qalmamalı və daha da mükəmməlləşməli, genişlənməlidir.

İsmayıl Qaspralı mükafatlarının təqdimatı

Tədbirin sonuncu günü, noyabrın 1-də Bartın Mədəniyyət Mərkəzində “İsmayıl Qaspralı bəy: qəzetçilik və insan haqları mükafatları”nın təqdimat mərasimi gerçəkləşdi. Müxtəlif nominasiyalarda İsmayıl Qaspralı mükafatları təqdim olundu.
“İnsan haqları özəl şərəf mükafatı” Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğluna təqdim olundu. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Krım türklərinin lideri Mustafa Əbdülcəmil Krımoğlu, Krım Tatar Milli Məclisi başqanı Refat Çubarov, İraq Türkmən Cəbhəsi lideri və Kərkük millət vəkili Erşat Salihi, Suriya Türkmən Məclisi başqanı Əbdürrəhman Mustafa “İnsan haqları mükafatı”na layiq görüldü.
Mərasimə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı göy-mavi rəngli Azərbaycan milli geyimi ilə qatılan millət vəkili Qənirə Paşayeva “Dildə, fikirdə, işdə birlik” deyərək bu gün də bütün türk dünyasını birlik və bərabərliyə səsləyən İsmayıl bəy Qaspralı mükafatını aldığı üçün çox duyğulandığını və bu mükafatın onun üçün çox böyük mənəvi önəm daşıdığını vurğuladı.
Tədbirin təşkilatçılarından tanınmış jurnalist və yazar Güngör Yavuzarslana isə tanınmış modelyer Gülnarə Xəlilova tərəfindən hazırlanmış Azərbaycan kişi milli geyimi hədiyyə olundu. Tədbirdə türk dünyasının bir sıra media qurumları, o cümlədən Azərbaycan Televiziyası, Azərbaycan Yazıçılar Birliyi İsmayıl bəy Qaspralı adına mətbuat mükafatı ilə təltif olundu. Azərbaycan Yazıçılar Birliyinin mükafatı qurumun mətbuat katibi, şair Xəyal Rzaya təqdim edildi. O, mükafata görə minnətdarlığını bildirdi və belə tədbirlərin türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə səbəb olduğunu dedi. Bundan başqa, hazırda Çində həbsdə olan uyğur jurnalisti İlham Tohtinin media mükafatına layiq görüldüyü bildirildi.
Mərasim bir sıra maraqlı məqamlarla da yadda qaldı. Məsələn, Dünya Köçəri Oyunları ilə bağlı filmin nümayişi zalda böyük marağa səbəb oldu. Şimali Türküstandan gələn 7 yaşlı Mücahit Kaşqarlının türkçülük haqqında böyük məharətlə şeir söyləməsi hər kəsi heyrətə gətirmişdi. Bir sözlə, Qara dəniz şəhəri olan Bartında türk dünyasının böyük liderlərindən olan İsmayıl Qaspralıya həsr olunmuş beynəlxalq tədbir bütün iştirakçılarda zəngin təəssürat yaratdı.

Mehparə
Bakı-Bartın-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar