Miniatür Kitab Muzeyi “Ginnesin rekordlar kitabı”na daxil edilib

Meydana gəlməsi və keçdiyi inkişaf yolu göstərir ki, zaman-zaman formalaşan, təkmilləşən, nəhayət, miniatürləşən kitab həm də xalqların, millətlərin mənəvi sərvətlərini, dəyərlərini gələcəyə daşıyan mühüm vasitələrdir. Kitabların məzmunu müxtəlif olduğu kimi, onların formaları da fərqli olur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən dünyada ilk özəl Miniatür Kitab Muzeyinin ekspozisiyası buna bariz nümunədir. Muzey bu yaxınlarda miniatür kitabların ən böyük kolleksiyası kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib.
Bu barədə məlumat verən muzeyin təsisçisi və rəhbəri, respublika “Kitab” cəmiyyəti idarə heyətinin sədri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova bildirdi ki, kolleksiyanın “Ginnesin rekordlar kitabı”na daxil edilməsi üçün yarım ildən artıq gərgin iş aparılıb. Müvafiq sifariş ötən ilin birinci yarısında təqdim edilib. Bununla əlaqədar müstəqil şahidlərin ərizəsi, fotoşəkillər, videoyazılar və başqa zəruri sənədlər hazırlanıb. Müstəqil şahidlər qismində Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və tanınmış jurnalist Elmira Əliyeva çıxış ediblər. Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin ərizəsi və miniatür kitablar kolleksiyasının həqiqiliyini sübut edən digər materiallar təqdim olunub.
Zərifə Salahovanın sözlərinə görə, “Ginnesin rekordlar kitabı”na düşmək üçün çox ciddi tələbləri yerinə yetirmək lazımdır: “İlk növbədə onların standartlarına cavab verən kitabımız olmalı idi. Tələbləri bu idi ki, kitabın ölçüləri 75x75 mm olmalıdır. Bizdə isə kitabların sayı çox olsa da, həmin ölçülü nəşri tapmaq o qədər də asan deyildi. Muzeydəki kitabların əksəriyyətini, demək olar ki, keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarına səfərlərimdə əldə etmişdim. Sovet dövrü miniatür kitablarının ölçüsü 100x100 mm idi. Bütün ekspozisiyada olan kitabların arasından 75x75 millimetrlik kitabları seçdik. Həmin ölçüdə 2913 kitabımız olduğunu müəyyənləşdirdik. Beləcə, onların tələblərinə müvafiq sənədlər toplusunu göndərdik. Bu il yanvarın 20-də “Ginnesin rekordlar kitabı”nın rekordlar üzrə menecerlər komandasından muzeyin elektron poçtuna şad bir xəbər daxil oldu. Məktubda bildirirdilər ki, yaxın günlərdə kolleksiyanızın kitaba düşməsini təsdiq edən sertifikatı alacaqsınız. Bundan sevindirici xəbər ola bilərdimi?! Bu yalnız mənim xidmətlərimin deyil, öncə ümummilli lider Heydər Əliyevin bu muzeyə və ümumiyyətlə, xalqımızın milli-mənəvi dəyərlərinə diqqət və qayğısının növbəti nailiyyəti deməkdir”.
Yaxın vaxtlarda “Ginnesin rekordlar kitabı”nın sertifikatının muzeyin rəhbərinə təqdim edilməsi gözlənilir.
Qeyd edək ki, 30 ildən artıq müddətdə formalaşmış kolleksiya bu gün də yeni nüsxələrlə zənginləşdirilir. Muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətini əks etdirən miniatür kitablar, Azərbaycanın ədəbiyyat, elm və incəsənət klassikləri də geniş təmsil olunur. Unikal mədəniyyət ocağında dini mövzularda olan kitablardan dünya klassiklərinədək 67 ölkədə nəşr olunmuş 5600 nüsxə kitab nümayiş etdirilir. Burada da kitablar, digər kitabxanalarda olduğu kimi, kataloqlar vasitəsilə qeydiyyata alınır.
Muzeydə olan kitabların ən kiçik formatlısı Yaponiyanın paytaxtı Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü 2x2 mm formatındadır), habelə Almaniyada hazırlanmış dörd (bu nəşrlərdən biri 2,0x2,9 mm, qalan üçü 3,5x3,5 mm formatındadır) mikrokitabdır. Fəaliyyəti dövründə muzeyə 250 min nəfərdən artıq ziyarətçi gəlib.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar