(Əvvəli ötən sayımızda)
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un və Türkiyə Baş naziri yanında İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğunun təşkilatçılığı ilə qardaş ölkədə səfərdə olan media mənsubları Ankara proqramının başa çatmasından sonra fevralın 25-də ecazkar “təbiət muzeyi” - dünya turistlərinin gözdə məkanı olan Kapadokyaya yola düşdülər. TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Qırğızıstanın Türkiyədəki səfiri İbrahim Dzhunsoy da bizimlə birgə idi.
Kapadokya yolunda
Kapadokya əsas etibarilə Nevşəhər olmaqla, Aksaray və Kayseri vilayətlərinin də bir qismini əhatə edən tarixi bölgədir. Kapadokyaya az qalmış məşhur Duz gölünə baxmaq imkanımız da oldu. Bu, dayaz, lakin geniş göldür. Sahildə duzdan hazırlanan müalicəvi ətriyyat nümunələri, sabun, krem və s. turistlərə təklif olunur.
Nevşəhərə çatdıqda öncə türkdilli ölkələrin bayraqlarının ucaldığı Çanaqqala şəhidlərinin xatirəsinə salınan Şəhidlər parkını ziyarət etdik. Eyni zamanda Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə bu soyqırımında qətlə yetirilənlər anıldı, ruhlarına dualar oxundu. Sonra heyəti Nevşəhər valiliyində və bələdiyyə başqanlığında rəsmi görüşləri oldu. Hər iki görüşdə türkdilli ölkələrin bir arada olması və birgə layihələr həyata keçirilməsinin vacibliyi vurğulandı. Heyətin qatıldığı axşam yeməyindən öncə isə Qaziantepdən gələn xalq rəqs kollektivi yerli rəqsləri təqdim edərək gecəyə xüsusi rəng qatdı.
“Pəri bacaları” - milyon illik tarixin şahidləri
Fevralın 26-da heyət üçün Kapadokya bölgəsinin ecazkar məkanına - UNESCO-nun “Dünya irs siyahısı”na daxil edilmiş Görəmə Milli Parkına safari turu təşkil edildi. Qeyd edək ki, yerli əhalinin "Dünyanın səkkizinci möcüzəsi" adlandırdığı və təbii gözəlliyi ilə bu ada həqiqətən layiq olan Kapadokya Türkiyənin Nevşəhər vilayətinə bağlı Ürgüp rayonu ilə Uçhisar və Avanos “üçbucağı” arasında yerləşən vadilərdə, Ürgüp-Şahinefendi arasındakı bölgədə Nevşəhərin Çat qəsəbəsi ətrafında, Kayserinin Soğanlı vadisində ve Aksaray vilayətinin Səlimə kəndi ətrafında yerləşir.
Əraziyə daxil olduqda diqqətimizi ilk cəlb edən hündür, ucu şiş “papaqlı” qayalardır. Bu bölgədə vadi yamaclarından enən sel sularının və küləyin, vulkanik püskürtülərdən əmələ gələn maddəni aşındırdığı üçün “Pəri bacası” adı verilən qəribəliklər meydana gəlib. Sel sularının dik yamaclarda özünə yol açması sərt qayaların çatlamasına və qopmasına səbəb olub. Alt hissələrdə yerləşən və daha asan aşınan maddənin dərin bir formada ovulması ilə yamac geriləmiş, beləliklə üst hissələrdə yer alan “papaq” ilə aşınmadan qorunan böyük, geniş ölçülü gövdələr ortaya çıxıb. Kapadokya həm də Roma dövründən qalan tikililərin qalıqları, yeni eranın ilk dövrlərinə aid monastır və kilsələrin olduğu açıq səma altında muzeydir.
Nevşəhər Türkiyənin ən çox turist gələn bölgələrindəndir. Şəhər Anadolu yarımadasının tən ortasında yerləşir. Anadoludakı bir çox şəhər kimi qədim tarixə malik bu bölgə e.ə. 3-cü minillikdən bəri müxtəlif dövlətlərin əlində olub. XI-XII əsrlərdə bölgə Səlcuq türklərinin hakimiyyəti altına keçib.
Hər il çoxlu sayda yerli və xarici turistin gəldiyi təbiət möcüzəsi, sahib olduğu təbii, tarixi və mədəni dəyərləri ilə Türkiyəni dünyaya tanıdan ən önəmli turizm bölgələrindən biri olan Kapadokya gerçəkdən görməyə dəyər bir yerdir.
“Pəri bacaları”, dərələri, mağaraları və yeraltı şəhərləri ilə dünyada nadir görülən bu bölgə sanki tamam başqa bir dünyadır. 1 metr hündürlüyə malik konik qayaların üstündə papaq kimi oturan qaya parçaları sanki sehrli bir qüvvə tərəfindən yaradılıb. Qeyd etdiyimiz kimi, bu ecazkar təbiət hadisəsinin yaranmasına səbəb milyon illər əvvəl partlayan vulkanik Erciyes və Hasan dağlarından çıxan lava və küldür. Vulkanik kül çuxurlarda yığılaraq qaya parçalarına çevrilib.
Qayalarda butik hotellər
Daha çox Ürgüp ətrafında yerləşən “pəri bacaları” böyük gövdəli olub, təpə hissələrində bir qaya bloku kimi yerləşir. Qayanın “papaq” hissəsi gövdəni əmələ gətirən qayaya nisbətən daha möhkəm, dayanıqlıdır. “Papaq”dakı qayanın sərtliyindən asılı olaraq, “pəri bacaları” uzun və ya qısa ömürlü olurlar. Dünyada Kapadokya kimi geoloji quruluşa malik başqa yerlər də var, lakin, bura ecazkarlığı ilə digərlərindən seçilir.
Keçmişdə insanlar burada məskunlaşarkən qayaların içini oyaraq “pəri bacaları”na və buranın geoloji quruluşuna oxşar kilsələr inşa edərək, onları freskalarla bəzəyirdilər. İnsanların burada məskunlaşmasının səbəbləri bölgənin əsas yollardan uzaqlığı, təhlükəsiz ərazidə yerləşməyi və ibadət üçün uyğun yer olması idi. Xristianlığın ilkin dövrlərində burada gizlənən xristianlar III əsrdən etibarən bölgədə qayaların içini oyaraq monastırlar, kilsələr, məbədlər, rahib otaqları, anbarlar və şərab düzəltmək üçün yerlər inşa edərək, bu məkanları divar rəsmləri ilə bəzəyirdilər.
Kapadokyanın maraqlı yerlərindən biri də yeraltı şəhər tikililəridir. Nevşəhərin müxtəlif bölgələrində yerləşən tikililər yad basqınlardan qorunmaq məqsədi daşıyıb. Yaşamaq üçün müvafiq şəraitin olduğu bu məskənlərin çoxu günümüzdə ziyarətə açıqdır. Keçmişdə insanların yaşamaq və qorunmaq üçün sığındıqları qayaların içində günümüzdə butik hotellər yerləşir. Bələdçinin söylədiyinə görə, hazırda bölgəyə ziyarət edən turistlər arasında “Pəri bacaları” hotellərini seçən ən çox avropalı turistlərdir. “Qaya hotelləri” o dövrün mədəniyyəti və tarixi ilə tanış olmaq istəyənlər üçün yaxşı bir seçimdir.
Orta Hisar
Bölgədəki Orta Hisar da turistlər tərəfindən ziyarət edilən nöqtələrdən biridir. Burada böyük bir qayanın içərisində tikilmiş Hallaç monastırı əsrlərin rüzgarına tab gətirsə də, artıq yavaş-yavaş çökməyə başlayır. Lakin bütün bunlara rəğmən turistlərin ən çox marağına səbəb olan məkanlardandır. Kapadokyada bənzəri olmayan bu tiklinin tarixi XI əsrə aiddir. Orta Hisarda yeraltı şəhər qalıqları da qorunub saxlanılmaqdadır.
Kapadokyada diqqəti çəkən tarixi yerlərdən biri də Guray muzeyi idi. Yerin altında tikilən bu muzeyin dünyada bənzəri yoxdur. Muzeyin sahibi Guray Tüysüzün sözlərinə görə, belə bir məkanın qurulması onun çoxdankı arzusu olub. Muzeyin məhz yerin altında tikilməsi isə Kapadokyanın qədim həyat tərzini, yəni yeraltı yaşamı ifadə edir. Özəl muzeydə emalatxanadan satış yerlərinə qədər bölmələr fəaliyyət göstərir. Emalatxanada əşyalar təmir edilir və ya hazırlanır. Bundan başqa, burada qazıntılar zamanı əldə edilən qədim maddi-mədəniyyət nümunələri də yer almaqdadır. Ən maraqlısı isə gözlərimizin önündə dulusçunun dulus çarxında gildən qab hazırlaması idi. Beləcə turistlər qədim dövrün sənətkarlıq ənənəsi ilə bilavasitə tanış olur. Muzeyin sahibi onu da bildirdi ki, əsas hədəfləri Anadoluda ilk əsrlərdən bu günə qədərki dulusçuluq sənətini orijinal əsərlərlə göstərmək və gələcək nəsillərə ərməğan etməkdir.
Kapadokyada olarkən onu da öyrəndik ki, bu bölgənin sənət nümunələri arasında əbru sənəti də mühüm yer tutur. Bundan əlavə, klassik miniatür, daş, batika və digər sənət ənənələri də yaşadılır. Beləliklə, nağıllar aləminə bənzər Kapadokya turunu başa vurub İstanbula yola düşdük.
(Ardı var)
Mehparə Sultanova