«Şərq bazarı» mərasimə xüsusi çalar qatdı

Hər il olduğu kimi, bu il də martın 19-da paytaxtda xalqımızın min illərdir təmtəraqla qeyd etdiyi, özünəməxsus ənənələri ilə fərqlənən Novruz bayramı münasibətilə ümumxalq şənliyi təşkil edilmişdi.

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram proqramı rəngli görüntüləri, çal-çağırı, bölgələrimizin bar-bərəkətli Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qaldı. Musiqiçilərimizin, aşıqların, bədii özfəaliyyət kollektivlərinin çıxışları tədbirə xoş ovqat bəxş etdi.
Qız qalasının yanından başlayıb Dənizkənarı Milli Park boyunca davam edən şənlikdə iştirak edən Bakı sakinlərinin və şəhərimizin qonaqlarının bayram təəssüratlarını öyrəndik.

«Şərq bazarı»nın qonaqları məmnun idilər

Milli Parkda təşkil edilən «Şərq bazarı» bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları, sərgilənən sənətkarlıq nümunələri maraqla qarşılanırdı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Rayonlar üçün ayrılmış stendlərə yaxınlaşırıq. Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova stenddə bölgənin mətbəx nümunələrinin, kənd təsərrüfatı və sənaye məhsullarının, el sənətkarlarının əl işlərinin nümayiş etdirildiyini dedi. Gələn ziyarətçilərin daha çox diqqətini cəlb edən məqam isə «Halay» folklor ansamblının üzvlərinin çıxışları olub. Şöbə müdiri İtaliyadan gəlmiş turist qrupunun onlarla bərabər rəqs etdiyini də söylədi.
Qax rayonuna aid stend də zəngin idi. Rayonun təmsilçiləri öz məhsullarını «Şərq bazarı»nda sərgiləməklə bərabər, yerli mətbəxə aid müxtəlif yeməklərin, şirniyyatların hazırlanma qaydasını da nümayiş etdirirdilər.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov hər kəsin bayram əhvalında olduğunu deyir. Onun sözlərinə görə, Qax rayonu bu il Mədəniyyət və Turizm Nazirliyinin «Xalq yaradıcılığı paytaxtları» proqramına əsasən “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilib. Bu səbəbdən də rayon builki Novruz şənliyində daha çox mətbəxi ilə təmsil olunur: «Stendimizdə 10-a yaxın plov növü, qaxac, Qaxın özünəməxsus yeməkləri, Novruz şirniyyatları nümayiş olunur. Müxtəlif xəmir xörəklərinin hazırlanma qaydası əyani olaraq göstərilir və bu, ziyarətçilərin böyük marağına səbəb olur. Həm Bakı sakinləri, həm də xarici turistlər rayonumuza səfər etmək istədiklərini bildirirlər. Rayonumuzda hazırda 12 turizm obyekti fəaliyyət göstərir və bu obyektlərdə 800-dən çox yerləşdirmə yeri var. Bundan əlavə, rayonumuzun müxtəlif turizm potensiallı kəndlərində kənd yaşıl turizmi inkişaf edib».
Xaçmaz rayonunun stendinin qarşısı da qələbəlik idi. Burada qoz, fındıq, müxtəlif meyvələr, sənaye məhsulları nümayiş olunurdu. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev bildirdi ki, Xaçmaz hər il Novruz tədbirində iştirak etməklə bayram ovqatını Bakı sakinləri ilə bölüşür.

Bayram şənliyində ekskursiya

Şənlik iştirakçıları arasında tanınmış turizm bələdçisi, Gid-Tərcüməçilər Assosiasiyasının rəhbəri Balaş Maqsudovla da rastlaşırıq. Tələbələrini Bakıdakı tarixi abidələrlə tanış edir. Bayram arzularını bizimlə bölüşür: «Xalqımızın Novruz bayramını ürəkdən təbrik edirəm. Bu il millətimizə bolluq, bərəkət, çoxlu ruzi, torpaqlarımıza sülh, əmin-amanlıq gətirsin».
Həmsöhbətim tələbələri ilə bərabər məhz bu gün ekskursiyaya çıxmasının səbəblərinə də aydınlıq gətirir: «Hər il martın 19-da İçərişəhərdə Qız qalası ətrafında və Milli Park ərazisində belə böyük tədbir təşkil edilir. Bildiyiniz kimi, bu məkanlar eyni zamanda tarixi abidələrlə də zəngindir. Mən də fürsətdən istifadə edib tələbələrimlə həm Novruz şənliyində iştirak edirəm, həm də ekskursiyamızı reallaşdırırıq».
Balaş müəllim adətən Novruz ərəfəsində xarici turistlərin, xüsusilə İrandan soydaşlarımızın ölkəmizə səfər etdiklərini deyir. O, ölkədə fəaliyyət göstərən 20-yə yaxın turizm şirkəti ilə əməkdaşlıq etdiyini, bu əməkdaşlıq çərçivəsində bir gün əvvəl Hindistandan və Lüksemburqdan Bakıya gələn qonaqlara bələdçilik etdiyini də diqqətə çatdırdı.

Hər regionun özünəməxsus bayram ənənələri var

Diqqətimizi bir qrup tələbə oğlan və qız cəlb edir. Yüksək bayram ovqatında olan gənclərə yaxınlaşıb fikirlərini öyrənirik. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan Kamran Ağayev Novruzun digər bayramlardan fərqli olduğunu qeyd edir. Səbəbini onunla izah edir ki, doğulub böyüdüyü Qazax rayonunda bu bayramın digər bölgələrdən fərqli ənənələri mövcuddur. Əslən Cəlilabaddan olan Pərvanə Mirzəyeva isə onlarda ilaxır çərşənbənin daha təmtəraqlı qeyd olunduğunu deyir.
Onu da qeyd edək ki, hər il Novruz bayramı günlərində İran İslam Respublikasından ölkəmizə çoxsaylı qonaqlar gəlir. Əbülfəz Qurbani deyir ki, onlar əsasən martın 21-dən sonra gəlirlər. Çünki Novruz bayramı İranda da geniş qeyd olunur: «Sizdə tədbirlər daha maraqlı keçir. Mən əvvəllər Bakıya hər il gəlirdim. İkiillik fasilədən sonra yenə burdayam. Açığını deyim ki, Bakının bu iki il ərzində belə dəyişməsi məni heyran etdi. Şəhər çox gözəlləşib. Bu məni bir azərbaycanlı kimi çox sevindirir. Hələ 5 gün burdayam, ürəyim istədiyi qədər gəzəcəm, bayram şənliklərində də iştirak edəcəm».

* * *
Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn, ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Bu bayram Azərbaycan xalqının milli düşüncəsini və milli ruhunu özündə əks etdirir. Bayramınız mübarək!

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar