Əmrah Paşa oğlu Gulməmmədov 1910-cu ildə Borçalıda - Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulub. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənən Əmrah həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin - Məsim Yadigarovun yanına şəyirdliyə qoyur.
   Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa nail olur.
   Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir.
   1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verir.
   1961-ci ildə Azərbaycan aşıqlarının üçüncü qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının dördüncü qurultayında ağsaqqal ustad-aşıq kimi həmişəlik yadda qalan çıxışları olub.
   Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi. Mütəxəssislərin yekdil fikrinə görə Sadıqcanın tardakı yeniliklərini Aşıq Əmrah sazda həyata keçirib. O, sazın qabırğalarının, simlərinin və pərdələrinin sayını artıraraq, bu alətə daha geniş və mükəmməl imkanlar bəxş edib. Eyni zamanda, sazın köklərini də çoxaldaraq sayını 8-ə çatdırıb.
    Böyük ustadın çoxlu şəyirdləri olub. Amma onun yetişdirdiyi aşıqlar arasında ən məşhuru həmişəyaşar saz və söz ustası Aşıq Kamandardır.
   Böyük ustadın ifasında “Dilqəmi”, “Ruhani”, “Baş dübeyti” kimi havalar indi də maraqla dinlənilir.
   Aşıq Əmrah 1987-ci ildə doğma kəndi Araplıda vəfat etdib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar