Kamandar Əfəndiyev 1932-ci ildə Borçalının - indiki Marneuli rayonunun Kəpənəkçi kəndində anadan olub. Borçalıda aşıq sənətinin əlçatmaz zirvəyə çatan vaxtı balaca Kamandar artıq Alget və Kür çayının şırıltısından simli sazın ahəngini yavaş-yavaş ayırmağa başladı. Bir müddətdən sonra Kamandar ustad aşıqlardan Aşıq Sadıq, Məhəmməd Şıxlı, Şah Əmrah və başqalarının təkidi sayəsində aşıq-ozan sənətinin sirlərini öyrənməyə başladı. Ömrünün erkən yaşlarından saz çalıb, oxumağa hədsiz maraq göstərən Kamandar Həmid oğlu Moskva (1959) görüşlərinin fəal iştirakçısı, Bakıda (1984) Azərbaycan aşıqlarının dördüncü qurultayının Borçalıdan elçisi olub.
   O, həmişə yorulmadan öz üzərində işləmiş, aşıq sənətinin ən incə sahələrinə yaradıcı bir "tədqiqatçı" kimi yollar axtarmışdı. Böyük zəhmətdən sonra Kamandar Həmid oğlu ozan-aşıq sənətində yaradıcı aşıq-şair kimi püxtələşməyə başladı. Onun dillər əzbəri olan qoşma və gəraylıları, divani və təcnisləri, müxəmməsləri qalaq-qalaqdır. Əsrimizin 70-ci illərindən başlayaraq, Aşıq Kamandarın bu qoşma və təcnisləri Gürcüstan radiosu ilə yanaşı, Azərbaycan radio və televiziya verilişlərində də səslənməyə başlandı, onun şan-şöhrətinin coğrafi miqyası günü-gündən genişləndi.
   Şair Kamandarın şeirlərinin dadlı-duzlu olması, Azərbaycan poeziyasının məğrurluğundan, dilə yatımlığından şairin xəbərdar olduğunu və "Saz-aşıq-söz" dünyamızın inkişafında Borçalı aşıq, saz-söz məktəbinin rolunu bir daha təsdiqləyir.
   El-oba ədəbiyyatımızın, milli musiqimizin ustad bilicisi, aşıq sənətinin korifeylərindən olan Kamandar Həmid oğlu öz sənətində bu sahələri dolğunluğu ilə birləşdirən istedad sahibidir.
   Kamandar sənəti böyük bir məktəbdir, qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun qoşmalarında Azərbaycanın tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və eləcə də ozan-aşıq yaradıcılığı tərənnüm olunur.
   İstər Gürcüstanda, Borçalıda, istərsə də Azərbaycanda və eləcə də Turkiyə və İranda Kamandar sənətinin vurğunlarının sayı-hesabı yoxdur. Onun ölməz yaradıcılığı haqqında alimlər, sənətşünaslar, pedaqoqlar, müğənni və xanəndələr, musiqiçi və heykəltəraşlar ürək açan sözlər demişlər.
   Aşıq 2000-ci il oktyabr ayının 25-də doğma kəndi Kürüstü Kəpənəkçidə vəfat etmişdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar