Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.
   Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.

    Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.
   Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.
   Aşıq Mikayıl Azaflı kommunizmə qarşı idi və bunu öz şeirlərində bildirirdi. Bu səbəbdən o, 1961-ci ildə oğurluq və evində silah saxlamaqda təqsirli bilinib dörd il azadlıqdan məhrum edilmişdi. Həbsxana həyatı sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun zindan həyatını təsvir edən şeirləri aşıq hələ zindandaykən dillər əzbəri olmuşdu.
   Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacıyevin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar «Yazıçı» nəşriyyatı sənətkarın «Qoca qartal» (1987) adlı kitabını çap etdi. 1988-ci ildə Şərifzadə adına Aktyor evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş etdirildi. Azaflının anadan olmasının 70 illiyi isə sənətkar dünyasını dəyişəndən sonra, təntənəli şəkildə 1994-cü ildə Filarmoniyada, 75 illiyi Yazıçılar Birliyində, 2004-cü ildə aşığın 80 illiyi Mədəniyyət Nazirliyinin xətti ilə Dövlət Musiqili Komediya Teatrında qeyd olundu.
   1984-cü ilin mart ayında aşıqların IV qurultayında sənətkara böyük ehtiram göstərilərək, çıxış etmək təklif olunmuşdu. Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən istifadə edərək, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açdı. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alındı. Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi qeyd edildi. O, Aşıqlar Birliyinin sədr müavini seçildi. Novruz Bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə olundu. 1989-cu il may ayının 17-də Azaflı Mikayıl ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görüldü.
   Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verildi və Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyuldu.
   2008-ci ildə onun «Qoca Azaflıyam» adlı yeni kitabı işıq üzü gördü.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar