Yəhya bəy Dilqəm. Bu sənətkar haqqında nə bilirik?
  
 
   XVIII əsrin axırı, XIX əsrin əvvəllərində Şəmkir mahalında yaşayıb-yaratmış Yəhya bəy Dilqəm barəsində yazılı ədəbiyyatda o qədər də geniş məlumat yoxdur. Neçə-neçə sənətkarın sinəsində tufan qopararaq ürəklərdə lövbər salan «Dilqəmi» saz havası da məhz aşıq Dilqəmdən bu günümüzə qədər gəlib çatmış bir könül yanğısıdır.
   
   Folklorşünas alim Məhərrəm Qasımlının təqdimatı ilə «Azərnəşr» 1995-ci ildə Yəhya bəy Dilqəmin əl boyda bir kitabçasını ilk dəfə olaraq oxuculara ərməğan edib. Bu balaca kitabda böyük bir ürəyin dünyaya sığmayan dərdi-qəmi, fəryadı söz-söz, misra-misra duyğularımıza sirayət edir. Bu poetik dünya ilə tanışlıq nəticəsində adamın gözləri qarşısında qəribə mənzərələr açılır. Sanki bənövşənin kövrək-kövrək dolduğunu görürsən. Min avazlı bülbülün gül üstündəki tikana parçalanmış ürəyinin naləsini eşidirsən. Dəli bir eşqin əlində can xəstəsinə dönən biçarə aşiqin könül harayı olan bu şeirlərin ruhunda o qədər təmiz, saf və təsiredici hisslər çırpınır ki...
   
   Qəmli könlüm yaz istəməz,
   Dağlar qarın əritməsin.
   Bulandırıb sel-suların,
   Çeşmim kimi qəhr etməsin.
   
   Dilqəm haqqında olduqca az tədqiqat aparılıb. Doğrudur, Səməd Vurğun, Osman Sarıvəlli kimi şairlərimiz yaradıcılıqları boyu bu böyük el sənətkarının adını hörmətlə çəkib, onun qoşma və gəraylıları ilə bağlı maraqlı fikirlər söyləyiblər. Hətta xalq şairi Hüseyn Arif «Dilqəm» poeması da yazaraq Yəhya bəy Dilqəmin haqq aşiqi olduğunu, dərd əlindən qəmə üz tutduğunu böyük məhəbbətlə oxuculara çatdırıb.
   Təəssüf ki, Yəhya bəylə bağlı aparılan tədqiqatlarda bir yanlışlıq da var. Ən birincisi Dilqəmin ölüm tarixi ilə əlaqədardır. «Telli saz ustaları» kitabında göstərilir: «Dilqəm təqribən 1830-cu ildə vəfat etmişdir». Amma aşığın bir qoşmasının son bəndi belədir:
   
   İslam cüda düşdü, gəldi Malakan,
   Duxabor əlində fərmani-xaqan,
   Hayıf ellərinə, Dilqəm, ağla qan,
   Axırı əməli bəd olan dağlar.

   
   Tarixdən məlumdur ki, malakanlar Şəmkir mahalına (indiki Gədəbəyə) 1844-cü ildə gəliblər. Deməli, hələ həmin dövrdə Dilqəm yaşayırmış.
   Digər bir yanlışlıq da onun ailəsi ilə bağlıdır. Bəzi tədqiqatçılar yazıblar ki, Yəhya bəy el gözəli Dostuxanımla ailə qurduqdan sonra taleləri uğursuz gərdişlə üzbəüz qalıb. Övladsızlıq üzüntüsündən ayrılıblar. Dostuxanım da başqasına ərə gedib və bu hadisə də aşığa ağır təsir edib.
   Yaxşı ki, böyük sənətkarın nəslindən olan, doğma qardaşı nəvəsi, fəlsəfə elmləri doktoru, professor Tariyel Əhmədovla apardığımız söhbətdə bəzi qaranlıq məsələlərə işıq düşdü. Tariyel müəllim atasından eşitdiklərini bizə də danışdı: «Babamgil üç qardaş olublar: böyükləri Yəhya bəy, ortancıl Əhmədağa bəy, sonbeşik Cəfər bəydir (mən kiçik qardaşın nəvəsiyəm). Şəmkir mahalının sayılıb seçilən bəy nəslindən olublar. Elə qardaşların anadan olduğu Dəllər Cırdaxanlı kəndi də dədə-baba nəslimizin adıdır. Dilqəm Yəhya babamın təxəllüsü olub. Bu təxəllüsü də müxtəlif cür yozurlar. Amma atam mənə söyləmişdi ki, Dilqəm Yəhya bəyin atının adı olub. Onu çox sevdiyindən adını özünə təxəllüs götürüb. Qazax mahalında yaşayan Dilbazilər kimi. Yəni, bəzilərinin söylədiyi kimi, bu təxəllüsün qəmlə, kədərlə bağlılığı yoxdur. Belə də yazırlar ki, Dilqəmin həyat yoldaşı başqasına ərə gedib. Yalandır. Doğrudur onlar ayrılıblar, aralarında həsrət körpüsü qurulub. Amma bir-birləri üçün çırpınıblar, döyünüblər. Ona görə ki, qəlblərində çox böyük bir eşq yuva qurmuşdu. Sadə bir şeyin üstündə rüzgar nəfəslərini kəsib. Sağım vaxtı Dostuxanım inəyi əmmək istəyən buzovu sərinclə vuraraq geri qaytarıb. Bu aşıq Dilqəmə pis təsir edib. Ağzından sərt söz çıxıb: «Axı sən hardan biləsən bala qədrini». Onsuz da övladsızlıq həsrətindən üzülən Dostuxanım sevdiyi insanın bu sözlərindən bərk alınıb. Həssas könlü şüşə kimi qırılıb. Beləliklə, naqafil gürşad iki sevgilini ayrı salıb. Bir-birləri üçün əldən getsələr də yenidən birlikdə ömür sürmək səadətini qaçırıblar. Nə Dostuxanım başqasına gedib, nə də Yəhya bəy evlənib».
   Könlünü şeirə, sənətə, saza bağlayan Dilqəm bütün ömrü boyu Dostuxanımı öz qoşmalarında Telli deyərək əzizləyib, haylayıb:
   
   Əyri gedən yoxuş, yollar!
   Yollar, yarı qaytar geri.

   
   Və yaxud:
   
   Laçın bərəsində, Kür qırağında,
   Uçdu telli sonam, gölə gəlmədi.
   İstədim ki, onun vəsfini yazım,
   Sığışıb qələmə, dilə gəlmədi.

   
   Çəkdiyi dərdlərə zərif ürəyi tablaşmayan Dilqəm dünyasını tez dəyişib. Bu acı xəbər Dostuxanımı xəstə salaraq haqq dünyasına qovuşdurub.
   Bəzi tədqiqatçılara görə, Molla Pənah Vaqiflə Dilqəmin qohumluq əlaqələri də var. Dilqəm nəslinin şəcərəsini hazırlayan professor Tariyel Əhmədov söylədi ki, Vaqiflə Dilqəmin ruh, ilham qohumluğundan başqa heç bir əlaqəsi yoxdur. Bu başqa söhbətdir ki, Dilqəmin də qoşmalarında Vaqif şeirinin ənənələri, şirinliyi duyulmaqdadır. Bu da təbiidir çünki, Dilqəm elə bir dövrdə yaşayırdı ki, Vaqif kimi ustad bir şairin onun yaradıcılığında mütləq təsiri olmalı idi.
   Əlbəttə, nə Dilqəmin özü, nə onun böyük nişanəsi olan «Dilqəmi» saz havası folklorşünasların diqqətindən yayınıb. Sadəcə bu böyük ustadın həyat və yaradıcılığı lazımi səviyyədə araşdırılmayıb. Öz müasirlərindən qoşmalarının dərin lirizmi ilə seçilən Dilqəm təkcə eşq və məhəbbət əzabkeşi deyil.
   Tədqiqatçı Nazilə Məmmədova: «Başqa klassik sənətkarlarda olduğu kimi torpaq eşqi, yer məhəbbəti, təbiətə vurğunluq Dilqəmin əsərlərində mühüm yerlərdən birini tutur. O, özünün cəmiyyətlə bağlı fikir və düşüncələrini təbiət təsvirləri ilə əlaqəli şəkildə verir».
   
   Ziynəti nərgizdən, tər bənövşədən,
   Al-yaşıl geyinib şad olan dağlar.
   Gülab kimi axır zülali sular,
   Dəhanlar ləzzəti, dad olan dağlar.

   
   Böyük sənətkarımızın əsərlərinin tam şəkildə əlimizə gəlib çıxmamasının bir neçə ağrılı səbəbi də var. Vaxtilə Yəhyagilin ailəsi yaylaqda olarkən xanimanları İrandan gəlmiş qaçaq-quldurlar tərəfindən talan edilmişdi. Təəssüf ki, aparılan sərvət arasında Dilqəmin əsərləri də olub. Həm qohumlarının söyləmələrinə, həm də əlimizdə olan qoşmaların məzmununa görə bu fikri dəqiq demək mümkündür ki, Yəhya dövrünün təhsil görmüş, mükəmməl bilik və dünyagörüşünə malik şəxsiyyətlərindən olub. Elə bu səbəbdən də onun zərif ruhunun əks-sədası olan şeirləri, ürəyinin və barmaqlarının birgə yaratdığı saz havaları qərinələrin dizini qatlayaraq əsrlərin dolaylarından bu günümüzə gəlib çıxıb.
   Deyilənlərdən bəllidir ki, Dilqəm adi aşıq da olmayıb. O, son dərəcə böyük şair və incə saz bəstəçisi imiş. Azərbaycan aşıq yaradıcılığının yüksəlişində Şəmkir mahalında yaşayıb yaradan el sənətkarlarının böyük rolu olmuşdur. Bu sırada möhtəşəm yer tutan, geniş şöhrətə malik Yəhya bəy Dilqəmin xidməti, fəaliyyəti əvəzsizdir. Təkcə ona görə yox ki, o gələcək nəsillər üçün bir-birindən gözəl, munis əsərlər yadigar qoyub. Həm də Dilqəm özündən sonra yaranacaq sənətin daha parlaq şəkildə cilvələnməsinə, üzə çıxmasına güclü təkan verib.
   70 illik sovet dövrünün qanunları qoymurdu ki, Dilqəm kimi sənətkarlar olduğu kimi öz millətinə çatdırılsın. Məhz müstəqilliyimizin bizlərə verdiyi bir imkandır ki, bəy nəslindən olan, elə bəyliyə layiq də əsərlər yaradan böyük şəxsiyyətlərimizin ədəbi irsini lazımınca qiymətləndirə bilirik. Yəqin ki, Azərbaycan Aşıqlar Birliyi də öz fəaliyyətində Dilqəmlə bağlı müəyyən tədbirlərin həyata keçməsini planlaşdırar. Belə ki, müxtəlif müsabiqələr təşkil etmək, ən yaxşı əsərlər, ifaçılar üçün «Dilqəm» mükafatının təsisi və s. mümkündür. Söz ustadımızın bir qoşmasından aşağıdakı bəndə fikir verin:
   
   Biçarə Dilqəməm, sorram gələndən,
   Ağladandan, göz yaşımı siləndən,
   İstəkli dostlardan, qədir biləndən,
   Ya rəbb, məni yada salan varmola?!

   
   Bu dünyada az ömür sürən, əvəzində əbədiyaşar əsərlər yaradan, dərd kürəsində özünü məşhər ayağına çəkən, havalanmış könlünün yanğısını «Dilqəmi» ilə möhürləyib bizə yadigar qoyan Yəhya bəy Dilqəmin şəxsiyyətinə və yaradıcılığına layiq tədqiqatlar aparıb, onu müasir oxuculara tanıtmaq son dərəcədə vacibdir, gərəklidir. Bu həm də böyük ustadımızın nigaran ruhu qarşısında övlad borcumuzdur.
   
   Flora Xəlilzadə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar