Zəlimxan Yaqub
Xalq şairi, Aşıqlar Birliyinin sədri
2008-ci ilin avqust ayında çağırılmış Aşıqların 5-ci Qurultayından sonra bizim yer problemimiz oldu. Sonra İçərişəhərdə bizə çox gözəl yer ayırdılar. Düzdür, bir az balacadır, ancaq nə iş istəsən görə bilərsən. Orada texniki təchizatla bağlı işləri qaydaya salmışıq. Qarşıda böyük yaradıcılıq planlarımız var.
Azərbaycanın başqa yaradıcılıq birliklərinin xətrinə dəymək, qəlbinə toxunmaq istəmirəm. Ancaq onu deməyə bilmirəm ki, bu gün xalqa ən yaxın olan, onun nəbzini tutan, onunla bir süfrədə çörək kəsən Azərbaycanın ozan-aşıqlarıdır.
Bizim ozan yerişli, dədə duruşlu, bəyzadə geyimli sənətkarlarımız olmalıdır.
Onlara baxanda xalq qürur hissi keçirməlidir ki, bu, mənim xalqımın sənətkarıdır. Dediyimiz səviyyəni yaratmaq üçün bu sənətin dövlətin dəstəyinə böyük ehtiyacı var.
Aşıqlar Birliyinin fəaliyyəti təkcə müstəqil Azərbaycanımızla məhdudlaşmamalıdır. Bu işə Cənubi Azərbaycanın aşıqlarını, Türkiyədə, Orta Asiyada, Dərbənddə fəaliyyət göstərən aşıqlar ordusunu cəlb edib, geniş fəaliyyət cəbhəsi yaradacağıq. Bu bizim borcumuzdur. Xarici ölkələrə qastrol səfərlərinə gedən aşıqlarımızın sayı çoxalmalıdır. Azərbaycan sazının möcüzəsi dünyanı ayağa qaldırmalıdır.
Bu gün Aşıqlar Birliyinin qarşısında çox böyük bir vəzifə durur. Dünyanın çox mötəbər bir təşkilatı olan UNESCO tərəfindən təsdiq olunan aşıq sənəti, Aşıqlar Birliyinin fəaliyyəti ilə öz böyüklüyünü təsdiq eləməlidir. Buna nail olacağımıza qəti şübhəmiz yoxdur, çünki bizə dövlət dəstəyi var, xalq məhəbbəti var, bizə cənab Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın qayğısı var. Hamısına minnətdaram!