Haqq aşığı
   
    Yəhya bəy Dilqəm könlünün qəmini “Dilqəmi”yə köçürdü. Odur ki, “Dilqəmi” könüllərin qəmini, kədərini, həsrətini çəkir. Yüz illər də, belə olacaq...
   Əsrlərdi ki, incə ruhlu haqq aşığı Yəhya bəy Dilqəmin adı çəkiləndə yada “Dilqəmi” havası düşür. Klassik aşıq havaları arasında ölümsüzlük qazanan bu hava qəlbimizin sarı siminə toxunub, könül dünyamızı silkələyir. Nakam sevginin, ayrılığın, həsrətin harayı kimi qəlblərimizi havalandırır.
   Dilqəməm, əridim dərd kürəsində,
   Bivəfa dilbərin dörd dövrəsində,
   Şikar sevdasıyla ov bərəsində
   Gözləyib, gözləyib yorulan mənəm.
   XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Şəmkir mahalında yaşayıb-yaratmış Yəhya bəy Dilqəm aşıq ədəbiyyatında fərqli bir yolun yolçusu oldu.
   Əyri gedən yoxuş, yollar!
   Yollar, yarı qaytar geri
.
   Onun yollara üz tutub dediyi bu sözlər yarı geri qaytarmasa da, yollar haqq aşığının saz-söz dünyasını gələcəyə aparır. Yəhya bəy Dilqəm beləcə xatırlanır, zamansızlaşır.
   Mükəmməl təhsili, geniş dünyagörüşü, incə ruhlu şeirləri, zərif bəstələri ilə ürəklərə yol tapan Yəhya bəy Dilqəm hələ gənc yaşlarında xalqın hörmətini, sevgisini qazanır.
   Nə yazıq ki, Yəhya bəyin nakam məhəbbəti, nisgil dolu həyatı könül evini dağıtmış, aşıq kədər dolu ömür yaşamışdır.
   Yəhya bəy Dostuxanım adlı gözəl bir qızla ailə qursa da, taleləri uğursuz olur, övladları olmur. Deyilənlərə görə, bir gün Dostuxanım inəyi əmmək istəyən buzovu sərinclə vuraraq geri qaytarır. Bu aşıq Dilqəmin ürəyinə toxunur, bilmədən «Axı sən hardan biləsən bala qədrini?!» - deyir. Övladsızlıq həsrətindən üzülən Dostuxanımın sevdiyi insanın bu sözlərindən könül dünyası tar-mar olur. İnciyib gedir, bir daha geri dönmür. Nə Dostuxanım başqasına ərə gedir, nə də Yəhya bəy təzədən evlənir.
   Hayıf oldu, əlim əldən üzüldü,
   Mənim üçün bircə saat yüz ildir,
   Bağlar xəzəl oldu, güllər pozuldu.
   Mən kimi gülşəni solan varmola?
   Könlünü şeirə, sənətə, saza bağlayan Dilqəm bütün ömrü boyu Dostuxanımı öz qoşmalarında Telli deyərək əzizləyib, haylasa da, Dostuxanımın sınmış könlünə heç nə məlhəm ola bilmir. Bu sevgi hekayəti dildə-ağızda gəzib el-el, oba-oba dolaşır.
   Dilqəm dünyasını dəyişəndən az sonra Dostuxanım da haqq dünyasına qovuşur.
   O qızıl gülləri dərməyən Dilqəm,
   Dərib pünhan yerə sərməyən Dilqəm,
   Yarı bu dünyada görməyən Dilqəm,
   Yarəb o dünyada görüşərmola.
   Yəhya bəyin “Dilqəmi” təxəllüsü götürməsinin də öz tarixçəsi var. Bu təxəllüsün qəmlə, kədərlə heç bir bağlılığı yoxdur. Həqiqət budur ki, Dilqəm Yəhya bəyin atının adı olub. Onu çox sevdiyindən atının adını özünə təxəllüs götürüb.
   Yəhya bəy Dilqəm zaman-zaman xalqın yaddaşında yaşayıb. Səməd Vurğun, Osman Sarıvəlli kimi böyük şairlərimiz Yəhya bəy Dilqəmin yaradıcılığı barədə dəyərli fikirlər söyləyiblər. Xalq şairi Hüseyn Arif isə dərd əlindən qəmə üz tutan haqq aşığını “Dilqəm” poemasında əbədiləşdirib.
   Yəhya bəy Dilqəm öz fərqli, zəngin yaradıcılığı ilə saz-söz dünyamızda yeni cığır, yeni yol açdı. Sənətkarlığı ilə sevgini adilikdən eşq mərtəbəsinə ucaltdı, kədərin, qəmin ayrılığın nazını heç kimin çəkmədiyi kimi çəkdi. Odur ki, Yəhya bəy Dilqəm həm zərif şeirlərində, həm yaddaşlarda, həm də “Dilqəmi”də yaşayacaq.

   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar