Haqq aşığı
   
      
   Tarixin gəldiyi yolla geriyə - XIX əsrə yollanırıq. O əsrə ki, Azərbaycan aşıq ədəbiyyatına üç nəhəng sənətkarı - Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlını bəxş etdi. Məhz o əsrdə - 1862-ci ildə Tovuzun Bozalqanlı kəndində gələcəyin böyük sənətkarı Aşıq Hüseyn Bozalqanlı dünyaya gəldi.
  
   Hüseyn kəndlərində yeni açılan dini məktəbdə - molla Səməd Axundun məktəbində üç il təhsil alır, ərəb və fars dillərini mükəmməl öyrənir. Kiçik yaşlarından sözə, sənətə bağlanır, on iki yaşında ikən şeir yazmağa başlayır. Toylarda, məclislərdə aşıqlara qulaq asa-asa bu sənətə valeh olur.
   Cəmi üç ay aşıq Məmmədquluya şagirdlik edir. Tezliklə fitri istedadı ilə toylarda, ziyafətlərdə bacarıqlı aşıq kimi şöhrət qazanır. Çünki Hüseyn haqq aşığı idi, sənəti ona möcüzələr yaradan Allah vermişdi.
   Nə lazımdır, naqafilə söz deyim,
   Xatirinə ya dəyməyə, ya dəyə.
   Sizin olsun, eyvan, otaq, alaçıq,
   Bizə bəsdi ya kölgəlik, ya dəyə.

   Aşıq Hüseyn Bozalqanlının atası Məşədi Cəfərqulu comərdliyi, qəhrəmanlığı ilə zəmanəsinin nadir şəxsiyyətlərindən biri olduğundan, Hüseyn də həmişə üstündə sazla yanaşı, mauzer də gəzdirər, hazırcavablığı, özünə inamlı ilə seçilərmiş. Aşıqlarla deyişəndə heç vaxt sözünü birinci deməz, öz rəqibinə fürsət verər və nəticədə təmkini ilə qalib gələrmiş.
   Müxənnət zamana, beymürvət fələk.
   Qoymadı mətləbim, bir aləm indi,
   Gözüm açdım, qərinələr dolandım,
   Görünür gözümə bir aləm indi.
   Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların irsi ilə tərbiyələnən Hüseyn Bozalqanlı aşıq poeziyasının bütün formalarında özünü sınayır - gözəlləmələr, qoşmalar, təcnislər, dodaqdəyməzlər, divanilər, gəraylılar və dastanları ilə aşıq şeirinin ən gözəl nümunələrini yaradır.
   Bahar gəldi, çiçək açdı,
   Güllər qırmızı geyindi.
   Çırtıq dəydi, üz qanadı,
   Xallar qırmızı geyindi.
   Ölməz sənətkarın on dörd şagirdi olduğu bəllidir. Onların arasında Bozalqanlı Aşıq Vəli, Əlimərdanlı Aşıq Nəcəf, Aşıq Mirzə Bayramov, el arasında Kor Ələkbər kimi tanınan Aşıq Ələkbər Əsgərov və başqaları Aşıq Hüseyn Bozalqanlı məktəbinin davamçıları olmuşlar. Deyilənlərə görə, Aşıq Hüseyn müasirləri olan məşhur Aşıq Ələsgər, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şairlər Vəli, Nəcəf və başqaları ilə deyişib. Bu deyişmələr xalqın yaddaşında xoş xatirələr kimi qalmaqdadır.
   Bilmirəm, nə dedim, yar küsdü məndən,
   Coşqun çaylar kimi axdı da getdi.
   Oynatdı qaşını, süzdü gözünü,
   Mənə oğrun-oğrun baxdı da getdi.
   Azərbaycan xalq yaradıcılığının inkişafında Hüseyn Bozalqanlının ən böyük xidmətlərindən biri də dastan yaradıcısı olması, "Qara Tanrıverdi", "Nəriman", "Xanlar", "Hacı Tağı" dastanlarını yaratmasıdır.
   "Koroğlu" dastanının ən kamil bilicisi də məhz Hüseyn Bozalqanlı hesab edilir. Dastanın bir neçə qolu - "Koroğlunun Toqat səfəri", "Bağdad səfəri", "Həmzənin Qıratı aparması", "Koroğlunun vuruşması" və s. qolları onun dilindən yazılıb.
   Böyük sənətkar dövrünün görkəmli tarixi şəxsiyyətləri ilə qarşılaşıb və həmişə də onların məhəbbətini qazanıb. Aşıq Metex qalasında həbsdə olarkən Nəriman Nərimanovla yaxından tanış olur və sonradan "Qoca Şərqin Nərimanı gəlirmi?" şeirini və "Nəriman" dastanını yazır.
   Bədahətən söz deməkdə Hüseyn Bozalqanlının əvəzi olmadığından Xalq şairi Səməd Vurğun onu "əli qılınclı şair" adlandırar, ona dərin məhəbbət bəsləyərdi.
   Səyyad olub ov bərəsin keçəndə,
   Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.
   Ovun gəlib bərəsinə çatanda,
   Sərvaxt dayan, dürüst tuşla, yaxşı at.

   "Geri dur" müxəmməsi və digər şeirlərindən aydın olur ki, Hüseyn Bozalqanlı Sədi, Firdovsi, Füzuli kimi klassiklərin əsərlərinə dərindən bələd olub. Satira isə onun yaradıcılığında xüsusi yer tutub.
   Aşıq Hüseynin bütün şeirləri zəngin xalq təcrübəsinə əsaslanan ibrətamiz nəsihətlərdir, sınaqlardan çıxmış həyat fəlsəfəsidir. Onun fəlsəfi fikirləri, dini baxışları, həyatın yaranması haqqında şeirləri aşığın dünyagörüşünün nə qədər kamil olduğunu sübut edir:
   Cəlili-cabbarım, Qadiri-muxtar,
   Altı gündə bu dünyanı çəkibdi.
   On səkkiz min aləm küllü hər nə var,
   Ərşi, kürsü, nöh asmanı çəkibdi.
   1937-ci ildə Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqının üzvü və ittifaq nəzdində aşıqlar bölməsinin rəhbəri seçilir. Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə də Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olur. Şairin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. "Şərəf nişanı" ordeni və fəxri fərmanla mükafatlandırılır, 1941-ci ildə isə ən yüksək fəxri ada - Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülür.
   Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edir, onu Bozalqanlı kəndinin qəbiristanlığında dəfn edirlər.
   Bundan sonra aşığın zamansız ömrü başlayır. Bu ömrün nə əvvəli, nə sonu var. Harada aşıq sənətindən, sazdan-sözdən söz düşürsə Aşıq Hüseyn Bozalqanlının şeirləri dil açıb danışır, ustadın qanadlı misraları ruhumuzu oxşayır. O, beləcə yaşayır...
  
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar