Aşıq Pənahın anadan olmasının 85 ili tamam olur
   
   Dillər əzbəri olan el havalarının müəllifi, gözəl saz və söz ustası Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov) 1926-cı il dekabrın 1-də indiki Neftçala rayonunun Aşağı Surra kəndində anadan olmuşdur.
   
   Gənc yaşlarından şeirə, sənətə, saza böyük həvəs göstərmiş, tədricən şair təbi püxtələşmiş, həyatını bu sənətə bağlamışdır. Zaman keçdikcə aşığın sənət meydanı genişlənmiş, bənzərsiz sənətkar kimi tanınmış, sevilmiş və sevildikcə ilhamlı mahnıları hisslərə, duyğulara hakim kəsilmişdir.
   Aşıqlıq sənətinə 15 yaşında - 1941-ci ildə başlamışdır. 25 yaşında Salyanda “Kür” aşıqlar ansamblı təşkil etmişdir. 1944-1947-ci illərdə Salyan Dövlət Dram Teatrında çalışmışdır.
   Aşıq 1967-ci ildə respublikanın Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
   Aşıq Pənah sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa etmiş, 18 aşıq havası (“Dilbər”, “Yeddi qardaş”, “Azərbaycan” və s.) bəstələmişdir. “Qəhrəman şah Nəcəf”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. dastanları məclislərdə məharətlə ifa etmişdir. Aşıq Pənah 2 dastanın (“Sülh”, “Pambıqçılar”) və 100-dən çox qoşmanın müəllifidir.
   Aşıq Pənah 1978-ci il avqustun 8-də vəfat etmişdir.
   Bu gün onun xatirəsi yazıb-yaratdığı əsərlərdə yaşayır. Dillər əzbəri olan “Ay mənim ana Kürüm” şeirində olduğu kimi:
   
   Nəğmə deyər şirin-şirin,
   Ay mənim ana Kürüm.
   Bəzəyisən sən bu elin,
   Ay mənim ana Kürüm. 

   Kür Bakıya axdı gəldi,
   Döşə çiçək taxdı gəldi.
   Sevinməyin vaxtı gəldi,
   Ay mənim ana Kürüm.
   
   Kür axdıqca Abşerona,
   Boz çöllər də gəlir cana.
   Bakı girir min bir dona,
   Ay mənim ana Kürüm.
   
   Sən Pənahın dirəyisən,
   Arzususan, diləyisən,
   Sərinləyən ürəyisən,
   Ay mənim ana Kürüm.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar