2011-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük ustad Aşıq Ələsgərin anadan olmasının 190 ili tamam olur. İl ərzində respublikanın bölgələrində yubiley münasibətilə tədbirlər keçirilmiş, Aşıq Ələsgərin xatirəsi yad edilmişdir. Aşıq Ələsgərin yubiley tədbirlərinə yüksək səviyyədə yekun vurulması, Azərbaycanın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan aşıq sənətinin qorunub saxlanılması, beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının yubiley tədbirində bir araya gətirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi dekabrın 14-də Heydər Əliyev Sarayında Aşıq Ələsgərin 190 illiyinə həsr olunmuş yubiley tədbiri keçirəcək.
Yubiley tədbirində respublikamızın Naxçıvan, Gəncə, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Şamaxı, Qobustan, Salyan bölgələrinin, habelə Gürcüstan və Dağıstan aşıqlarının da iştirakı nəzərdə tutulub.