Bakıda Aşıq Ələsgər muzeyi necə yarandı?
   
   Göyçəli Hüseyn Həsənov günlərin bir günündə Aşıq Ələsgər muzeyini yaratmaq qərarına gəlir. Ürəyinin istəyi ilə başladığı işə ömrünün nə az, nə çox - düz 10 ilini sərf edir. Nəticədə çox nadir və maraqlı muzey yaratmağa nail olur.
   
   Aşıq Ələsgərin 190 illik yubileyini qeyd etdiyimiz bir vaxtda Bakının Nərimanov rayonunda Atatürk prospekti, bina 37, mənzil 75 ünvanında yerləşən Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyində olub gördüklərimizi, eşitdiklərimizi, bildiklərimizi sizinlə bölüşmək qərarına gəldik.
   Bizi əvvəlcə muzeydə hər kəsin “Hüseyn əmi” - deyə müraciət etdiyi 84 yaşlı Hüseyn Həsənov qarşıladı, sonra da zaman-zaman xalqın yaddaşına, ruhuna hopan haqq aşıqlarının, el aşıqlarının səliqə ilə divarlardan asılmış fotoşəkilləri... Beş otaqdan ibarət olan bu şəxsi muzeyin dörd otağını Dirili Qurbanidən üzü bu yana ustad sənətkarların xəyali çəkilmiş rəsmləri, yaxın keçmişimizdə yaşamış aşıqların fotoşəkilləri bəzəyir. Bir otaqda isə səs yaddaşımız olan vallar, valları işlətmək üçün qədim qrammofonlar, patefonlar yer alır.
   Başdan-başa aşıq dünyası olan bu muzey əslində sadə bir göyçəlinin reallaşan arzusudur. Muzeyin yaradıcısı ilə bir az yaxından tanış olun.
   Hüseyn Hacı Qulu oğlu Həsənov 1927-ci ildə Göyçə mahalın Ardanış kəndində anadan olub. Özü demişkən, o ağır illərdə cəmi-cümlətanı beş sinif oxuyub. Yeni qurulan şura hökuməti onların ailəsinə də xoşbəxtlik gətirməyib. Eldə-obada qoçaqlığı ilə ad qazanan Hacı Qulu kəndin ağsaqqalı olduğundan 1931-ci ildə həbs olunub. Bir neçə ildən sonra həbsdən azad olsa da, çox yaşamır. Ailəsinə vəsiyyət edir ki, köçüb Gədəbəyin Arıqıran kəndinə getsinlər. Hacı Qulunun ölümündən 6 il sonra ailə həmişəlik Gədəbəyə köçür. Ancaq illər Göyçə dərdini bu ailəyə unutdura bilmir. Ömrünü sürücülük sənətinə bağlayan Hüseyn kişi 10 övlad, 30-dan çox nəvə-nəticə sahibi olsa da, heç nə Göyçə ilə bağlı uşaqlıq xatirələrini qəlbindən silə bilmir.
   
   “Aşıq Ələsgər Göyçənin günəşidir”
   
   Deyir ki, uşaq olanda atamdan-anamdan eşitmişdim ki, babam Məşədi Həsən Aşıq Ələsgərin yaxın dostu olub. Dəfələrlə Aşıq Ələsgər babamın, atamın evində qonaq olub. Aralarındakı bu hörmət-izzət uzun illər davam edib. Ancaq vaxt gəlib ki, erməni fitnəsi öz işini görür, göyçəliləri Göyçədən ayır salır, Aşıq Ələsgər mahalı boş qalır. Dədə Ələsgərin ruhu od tutub yanır:
   
   Yayda yaylağımdır, qışda oylağım,
   Yayda seyrangahım bu dağlar mənim!
   Köçürüb elləri, payız ayları,
   Gözüm görüb könlüm budağlar mənim!
   
   Dünyanın azını, çoxunu görən Hüseyn kişi ömrünün ahıl çağında, özü demişkən, Göyçənin günəşi Aşıq Ələsgərin ev muzeyini yaratmaq qərarına gəlir.
   - Ələsgər bir şeirində deyir ki, fil götürə bilməyən dərdi mən necə çəkim? Ələsgər sənəti ilə Göyçəni bütün dünyaya tanıtdı, mən balaca adam olsam da, o torpağın oğluyam, göyçəliyəm. Aşıq Ələsgərin muzeyini ona görə yaratdım ki, Aşıq Ələsgərin eli, mahalı Göyçədə qalıb. Aşıq Ələsgərin heç olmasa burda evi, ocağı olmalıdır ki, aşıq sənətini sevənlər o ocağa üz tutsunlar. Dedim, hansı çətinliklər bahasına olursa-olsun, bu yükü çiyinlərimdə daşıyacağam. Mən qoçaq adam olmuşam, 2001-ci ildən Azərbaycanı qarış-qarış, şəhər-şəhər, kənd-kənd, el-el, ev-ev gəzmişəm, soraqlamışam, deyiblər filan kənddə, filankəsdə bir şəkil var, onun sorağı ilə gedib, o şəkli axtarıb tapmışam.
   Belə-belə Hüseyn əmi ustad aşıqların fotoşəkillərini, xəyali çəkilmiş rəsmlərini, küncdə-bucaqda it-bata düşən aşıqların lent yazılarını, aşıqlarla bağlı kitabları axtarıb-arayır. Azərbaycan aşıq sənətində tarixə düşmüş 2 minə yaxın aşığın fotoşəkilini, 650 ədəd aşıq qrammofon vallarını, 3 qrammofon, 4 patefon, aşıqların, şairlərin 320-dək kitabını əldə edir.
   Bu işdə ona xeyirxah insanlar da əl tutur. Tərtər rayonunun Ağkənd kəndində yaşayan Valeh Məmmədov və həyat yoldaşı Tahirə xanım unudulmuş aşıqların adlarını, fotoşəkillərini kənd-kənd, el-el toplayaraq muzeyə bağışlayır.
   Hüseyn əmi muzeyin yaradılmasında ona dəstək olan insanlar arasında uzun illər çalışdığı 2 saylı Bakı çörək kombinatının direktoru, rəhmətlik Nadir Quliyev və onun oğlu - “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin sədri Bəsirət Quliyevin, onun köməkçisi Kamil Məmmədovun adını hörmət və minnətdarlıqla çəkir. “Vaxtı ilə atası, bu gün isə oğlu öz qayğısını bu muzeydən əsirgəmir” - deyir.
   Bəs, görəsən bu muzeyə kimlər gəlib, kimlər bu muzeyin qonağı olub?
   Hüseyn əmi deyir ki, akademiklər Budaq Budaqov, Teymur Bünyadov, Hüseyn Əhmədov, Bakı Dövlət Universitetinin professorları Abuzər Xələfov, Qara Namazov, millət vəkili Əli Hüseynov bu muzeyin ilk qonaqlarından olublar. Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub dörd dəfə muzeydə olub, ürək sözlərini muzeyin "Xatirə kitabı”na yazıb. Folklorşünas alim Elxan Məmmədli, Aşıq Ədalət Nəsibov, Aşıq Əli Quliyev də bu muzeyi ziyarət ediblər.
   Bu günlərdə muzeyin həyatında əlamətdar hadisə də baş verib. Hindistanın Azərbaycandakı səfiri Debnat Şon Aşıq Ələsgər muzeyində olub, muzeyə kitab bağışlayıb və “Xatirə kitabı”na bu sözləri yazıb: “Cənab Hüseyn Həsənov çox böyük bir iş görərək belə bir muzey yaratmışdır. Bu muzey onun musiqiyə və mədəniyyətə olan məhəbbətinin nəticəsidir. Ümid edirəm ki, bu muzeyin daha da genişləndirilməsində Azərbaycan xalqı muzey yaradıcısına kömək edəcəkdir”.
   Dekabrın 14-ü Hüseyn Həsənovun 84 yaşı tamam olur. Sadə bir ömür yaşasa da, Hüseyn əmi həyatda çox arzularına çatıb. Aşıq Ələsgər muzeyi də onun arzularından biridir. Deyir ki, mən bu muzeyi özüm üçün yox, xalq üçün yaratmışam. Çox istəyirəm ki, muzeyə rəsmi status verilsin. Aşıq Ələsgər saz-söz sənətinin zirvəsidir, bu muzey də aşıqların daimi ocağı olsun.
   Yaxşı arzular gec-tez reallaşır. Hüseyn əmiyə bu arzusunun da həyata keçməsini arzulayır və aşıq sənətini sevənləri bu muzeyə dəvət edirik.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar