Haqq aşığı
         
   Görkəmli alman şərqşünası Adolf Berje 1867-ci ildə Leypsiqdə nəşr etdirdiyi “Məcmuəyi-əşari-şüərayi-Azərbaycan” adlı məcmuədə yazırdı: “1829-cu ilin axırlarında Araz çayı sahillərində uzanan Maralyan kəndində 18 yaşında bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qız Aşıq Pəri idi...”
   Azərbaycan qadın aşıq sənətinin banisi sayılan Aşıq Pəri 1813-cü ildə Cəbrayıl qəzasının Maralyan kəndində anadan olub. Aşıq Pəri şeirlərinin birində doğma diyarını belə tərənnüm edirdi:
   Pərinin dərdi tüğyandır,
   Sakin yeri Maralyandır,
   Gülüm qönçəsində yandı,
   Bülbüllər əfqan eylədi.
   Deyilənlərə görə, Aşıq Pərinin atası xırda alverlə məşğul olduğundan ona el arasında tacir Hacı Sayad deyərlərmiş. Pərinin anası Gülüstan xanım isə zəmanəsinin mütərəqqi fikirli qadınlarından biri olduğundan, Pəri kiçik yaşlarından ruhani təhsili alır, ərəb-fars dillərinə dərindən bələd olur. Qarabağ aşıq məktəbinin nümayəndələrindən biri - Məhəmməd bəy Aşiqdən aşıq sənətinin sirlərini öyrənir. O dövrdə geniş yayılmış “Vəlican”, “Nağılkəsməşikəstə”, “Güllü qafiyə”, “Qara qafiyə” saz havalarını cürə sazda çalmağı ustadından öyrənir. Pəri saz çalıb-oxumaqla yanaşı, məclislərdə bədahətən şeirlər deyər, qeyri-adi istedadı, azad ruhu, azad fikirləri ilə hər kəsi heyrətləndirərdi.
   Görkəmli alman şərqşünası Adolf Berje daha sonra yazır: “...Onun deyişmələri, hazırcavablıqla dediyi şeirlər diqqəti cəlb edirdi. Öz dövrünün istedadlı şairləri ilə deyişmələrdə həmişə müvəffəqiyyət qazanardı. Heç kəsin ona qalib gəlməsinə imkan verməzdi”.
   Can içində mən bu canı neylərəm,
   Ləli-Yəmən, bədəxçanı neylərəm,
   Xanı, bəyi, mən paşanı neylərəm,
   Pəriyəm, eylərəm dualar sənə.
   Aşıq Pəri aşiqanə lirik şeirlər yazar, saf məhəbbəti, ana təbiəti, ülvi insan hisslərini özünəməxsus ustalıqla tərənnüm edərdi. Odur ki, həyatilik və səmimilik Aşıq Pəri şeirlərinin əsas xüsusiyyətlərindəndir.
   Dad eylərəm haray naşı əlindən,
   Yandı ciyər eşq atəşi əlindən,
   Mən nə deyim gözüm yaşı selindən
   Ürküşür sonalar, göllər oyanır.
   Tanrı Aşıq Pərini sanki Qarabağ ədəbi mühitinə düşünülmüş şəkildə göndərmişdi. O, həm zahiri gözəlliyi, həm istedadı ilə Qarabağ ədəbi mühitini öz ətrafında cəmləşdirmiş, sazla-sözün işığında onları valeh etmişdi.
   Böyük ədəbiyyatşünas alim Firudin bəy Köçərli 1903-cü ildə yazırdı: “Özünün ağıl və istedadı ilə çoxlarında heyrət doğuran gözəl və gənc şairə Aşıq Pəri ozamankı savadlı, təhsil görmüş ədəbi simaların diqqət mərkəzində dayanırdı”. Aşıq Pəri müasirləri Məhəmməd bəy Aşıq, Cəfərqulu ağa Nəva, Əsəd bəy və başqa neçə-neçə dövrünün görkəmli sənətkarları ilə yaxın dost olmuş, onlara şeirlər həsr etmişdir.
   Aşıq Pərinin şeirləri XIX əsrin ortalarından ədəbiyyatşünasların diqqətini cəlb etmiş, bütün təzkirə və ədəbiyyat müntəxəbatlarında şairənin şeirlərindən nümunələr verilmiş, adı iftixar hissi ilə çəkilmişdir. 1856-cı ildə Nesesov Teymurxanşurada - indiki Şimali Qafqazın Buynaksk şəhərində çap etdirdiyi “Məcmueyi-Vaqif və müasirani-digər” adlı məcmuəsində Aşıq Pəri yaradıcılığından söz açır. Mir Möhsün Nəvvab, Salman Mümtaz, Əliabbas Münzib, Əzizə Cəfərzadə, Sədnik Paşayev və başqaları Aşıq Pərinin yaradıcılığı barədə dəyərli fikirlər söyləmişlər.
   Aşıq Pəri çox yaşamamış, təxminən 1848-ci ildə, 37 yaşında dünyasını dəyişmişdir.
   Bir dilbər pəriyə Pəri qan ağlar,
   Çəkilib sinəmə düyünlü dağlar,
   Ölübdür bülbülüm, lal olub dağlar,
   Saralıb, savılıb güllər, ağlaram.
   İllər, qərinələr keçsə də, aşıq sənətinin gözəl Pərisi Qarabağın bir parçası kimi ruhumuzda, yaddaşımızda, tariximizdə yaşayacaq, onun zərif duyğuları zaman-zaman aşıq şeirini bəzəyəcək.  

 Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar