Haqq aşığı
   
  Mirzə Bilal haqq aşığı idi, kimsə onun ruhunu satın ala bilməzdi
 
  
   Sovet dövründə repressiya dalğası aşıq sənətindən də yan keçmədi. Bu ideologiyaya boyun əyməyənlərin bir cəzası vardı: ölüm! Şirvan aşıqlarının atası sayılan Mirzə Bilalın da yolu ölümdən keçdi.
   
   Zaman o zaman idi ki, sosializm dalğası qanlı orağı ilə xalqların milli-mənəvi dəyərlərini, adət-ənənələrini, düşünən başlarını biçə-biçə şimaldan cənuba yayılırdı. Bu fəlakət Azərbaycandan da yan keçmədi.
   Milli dəyərlərimiz, min illər yol gələn sənətimiz, şanlı keçmişimiz ideologiyanın əsirinə çevrildi.
   Tar ittiham olunub yandırılır, bədii əsərlər mühakimə olunur, şairlər, yazıçılar, sənətkarlar bir gecədəcə əlli-ayaqlı “yoxa” çıxırdılar.
   Poeziyamızın həmişəyaşıl budağı Mikayıl Müşfiq o zamanlar “oxuma tar, səni sevmir proletar!” - deyənlərə bütün qəlbi ilə belə cavab verirdi:
   
   Oxu, tar! Oxu, tar!
   Səni kim unudar?
   
   O zamanlar dünyanın yaşı qədər qədim olan aşıq sənəti də zamanın gedişatına mat qalmışdı. Qurbaninin aşıq ədəbiyyatında əbədi çiçək kimi bitirdiyi “Bənövşə” qorxusundan ətrini itirirdi. Min illər yol gələn zərif duyğular sovet ideologiyasının tırtılları altında məhv olurdu.
   
   Rusiya deyir, gəlin, girək yarışa,
   Dəmir məndə, buğda dağı məndədir,
   Ukrayna da ona cavab verir ki,
   Daş kömürün qara dağı məndədir.
   
   Belə bir vaxtda olum ya ölüm səhnəsində canından keçənlər də oldu, canından keçməyib canını dişinə tutub yaşayanlar, yazanlar da:
   
   Sən ellərin ürəyisən,
   İstəyisən, diləyisən,
   Mərd oğullar biləyisən,
   Can Moskva, can Moskva.
   Kimsə ədəbiyyata dəxli olmayan bu dırnaqarası sənət nümunəsi ilə canını qurtara bilərdi, bəs əsl sənətkar necə?
   Təzə quruluş üzüyola aşıqları yola gətirsə də, əsl sənətkarları yolundan döndərə bilmədi. Şirvan aşıqlarının atası sayılan Mirzə Bilalın yolu ölümdən keçdi.
   Millət vəkili, professor Rafael Hüseynov Mirzə Bilalın həyatından bəhs edən “Aşıq qanı” adlı olduqca dəyərli məqaləsində yazır:
   “1937-ci il iyulun 1-nə keçən gecə Mirzə Bilalın doqqazının qarşısında maşın dayanır. Külfət səsə oyanır. Mirzə Bilalı növbəti toya dəvət etmək üçün gəlməmişdilər. Bu, vay maşını idi.
   Əslində Mirzə Bilal çoxdan qara siyahıda idi. Onun söz deyən dili vardı. Başqaları susurdu, amma Allah onu başqalarının deyə bilmədiyini deməyə kökləmişdi. Və 1933-cü ildə Aşıq Bilalı salırlar “kulak” siyahısına. Əlbəttə, bu, oyun idi, başa salırdılar ki, asanca tuta da bilirik, buraxa da. Ağıllı olmaq lazımdır”.
   Ancaq Mirzə Bilal haqq aşığı idi, kimsə onun ruhunu satın ala bilməzdi:
   
   Çəmənlər qoynunda, güllər içində,
   Mən səni çiçəklər əlində gördüm.
   Şəkəri, badamı, noğulu, qəndi,
   Ağzında, ləbində, dilində gördüm.
   
   Axır ki, əksinqilabi qüvvələrin cəbbəxanasını təşkil etməkdə suçlu bilinən Mirzə Bilalın evindən heç bir silah-sursat tapılmasa da, əsil “silahı” - Mirzə Bilalın əlyazmalarını, sazını və özünü aparırlar.
   Qərar isə belə olur: “Güllələmək, əmlakını müsadirə etmək”.
   Azərbaycan aşığını həyatdan məhrum etmək haqqındakı sənədin altında yenə də erməni imzasını görürük.
   Dövlət təhlükəsizlik komissarı Sumbatovun (Sumbatyan. red.) əmri ilə güllələnmə hökmü 1937-ci il noyabr ayının 26-dan 27-nə keçən gecə yerinə yetirilir.
   
   Qan ağlayır tamam hər yan,
   Tapılmamış dərdə dərman,
   Boran, çiskin, bu kor duman,
   Bu dağdan aşırmı ola?
   
   Divan da dəyişdi, dövran da. Qanlı qadalı illər arxada qaldı. Üzdə olanlar, şirin həyat yaşayanlar yaddan çıxdı, yaddan çıxmayanlar Mirzə Bilal, sonrakı dönəmlərdə sovet ideologiyasına boyun əyməyən Mikayıl Azaflı kimi ustadlar oldu. Çünki Mikayıl Azaflı da Mirzə Bilal kimi ürəyinin dediyini yazırdı:
   
   Qoca qartal nə gəzirsən,
   Dağlar qoynunda-qoynunda?!
   Bala gördüm anasının
   Ağlar qoynunda-qoynunda.
   
   Professor Nizami Cəfərov yazır: “Aşıq sənətinin çox ciddi problemləri olub. Xüsusilə də sovet dövründə aşıq sənəti həddindən artıq ideologiyalaşdırılırdı. Aşıqlar sosializm, dünya kommunizm hərəkatından danışmağa başladılar. Beləliklə, aşıq sənətində bir az sünilik yarandı”.
   
   Könlüm coşub-daşır ilham içində,
   Baxanda nur saçan dövrana, Lenin.
   Elədin elləri qüssədən azad,
   Əhsən olsun sənə tək loğman, Lenin.
   
   Tənqidçi Vaqif Yusifli isə yazır: “Mikayıl Azaflı da əksər klassik aşıqlarda olduğu kimi acı tale ilə üzləşib. Onun sevgilisi əlindən alınmayıb, necə deyərlər, Məcnun kimi çöllərə düşməyib, amma dırnaqarası xoşbəxt sovet quruluşunun haqsızlığına məruz qalıb. Şöhrətinin ən parlaq çağında Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşüb, dörd il azadlıqdan məhrum edilib. Amma onu susdura bilməyiblər. Sürgündə olanda da, yaşadığı cəmiyyətin qüsurlarına tənqidi münasibətini dəyişməyib. Azaflının “Zindan şeirləri” Azərbaycan aşıq poeziyasında yenidir. O, aşıq poeziyasının ənənəvi obraz və rəmzlərini “Zindan şeirləri”nə qatdı”.
   
   Mən dustağa bir xəbər ver,
   Açılıbmı yaz, ay bülbül?
   Dərdim çoxdu, sənə deyim,
   Qələm götür, yaz, ay bülbül.
   
   Həbsxana həyatı sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırdı.
   Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərinin ortasına qədər mətbuat üzünə həsrət qalsa da, sonralar sənətkarın “Qoca qartal”, “Qoca Azaflıyam” kitabları işıq üzü gördü və əl-əl gəzib dolaşdı:
   
   Qoca Azaflıyam, dilim var, lalam,
   Təbrizdə qardaşım, Sibirdə balam.
   Elə dərd varmı ki, çəkməmiş olam,
   Bax, onlar ağartdı başımı mənim.
   
   “Millətçi” damğası ilə həbs olunan Mikayıl Azaflını dövran sındıra bilmədi. Zaman gəldi ki, istedadı, sənətkarlığı ilə Mikayıl Azaflı sənətinin Qoca Qartalı olduğunu sübut etdi.
   Sovet dövründə repressiyaya, təqibə məruz qalan iki ustad sənətkarın həyatından bəzi məqamları nəzərinizə çatdırdıq. Ancaq sovet təpkisinə məruz qalıb acı tale yaşayan neçə-neçə sənətkarlarımız var ki, onları da zaman-zaman yad edəcək, xatırlayacağıq.
   Zaman axdı, vaxt duruldu, gec də olsa, həqiqət yerini tutdu. Hər iki sənətkar XX əsr aşıq sənətinin barmaqla sayılacaq ustadlarından olub, aşıq sənətinin ən uca məqamında yer aldı. Neyləyək ki, haqqın yolu bəzən ayrılıqdan, həsrətdən, ölümdən keçir. Ustadlara rəhmət!
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar