Ozan-aşıq sənətimizin inkişafında əvəzsiz xidmətləri olan, özündən sonra zəngin, məzmunlu və maraqlı yaradıcılıq irsi qoyub gedən sənətkarlar çox olub. Əməkdar mədəniyyət işçisi Aşıq Əhməd Rüstəmov da onlardan biridir.
   
   O, 1921-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Uşaqlıq və gənclik illəri çətin və ağır bir dövrə təsadüf edib. Çox erkən yaşlarından yetim qalır. 1925-ci ildə atası Ədil bəy sovetləşmə dövrünün ilk repressiya qurbanlarından olur. Həyatda atasız-arxasız qalsa da, tale ona gözəl səs və istedad bəxş edir. El şənliklərində yaxından iştirak edir. Aşıq musiqisinin-sazın vurğunu olur. İlk sənət dərslərini həmkəndlisi Aşıq Əlidən alır. Çox keçmir onun sənətinin və səsinin sorağı respublikanın ən ucqar yaşayış məntəqələrindən gəlir.
   Aşıq Əhməd 1941-1945-ci illər müharibəsinin iştirakçısı olub. Sinəsini bir çox orden və medallar bəzəyib. Müharibənin başa çatmasına az qalmış ağır döyüşlərin birində yaralanır. Vətənə dönəndən sonra rayon mədəniyyət evində işə düzəlir. Ömrünün sonuna kimi də orada işləyir.
   Aşıq Əhmədin zəngin yaradıcılığı olub. Onun “Sazımın telləri” (1965), “Əlləriniz yorulmasın” (1980), “İtən sazım” (1995), “Dastanlar” (2004) adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Araşdırmalardan məlum olur ki, o, dövrünün yaradıcı adamları ilə daim ünsiyyət qurub və əlaqə saxlayıb. Xatirələrində Aşıq Şəmşiri, Səməd Vurğunu, Bülbülü, sənət dostlarından Aşıq Şakir Hacıyevi, Eynulla Cəbrayılovu, balabançı Həsrət Hüseynovu çox böyük hörmətlə yad edir. Görkəmli sənətkarın yaradıcılığı hökumət tərəfindən yüksək qiymətləndirilir. 1989-cu ildə ona Əməkdar mədəniyyət işçisi adı verilir. O, Azərbaycan Aşıqlar və Yazıçılar birliklərinin üzvü olub. Respublika aşıqlarının III və VI qurultaylarına nümayəndə seçilib.
   Onu da qeyd edək ki, Aşıq Əhmədin bir çox şeirlərinə mahnı da bəstələnib. Xüsusilə onun “Salam verək” şeiri diqqət çəkir. Aşıq Əhməd bu şeirlə sanki Azərbaycanı səyahətə çıxıb və onun təbiətinin canlı mənzərəsini yaradıb. "Dil aç, telli sazım, Şirvan elində!.." deyib, telli sazını Qazax elinə, gözəl Qarabağa salam verməyə, Göyəzən dağının zirvəsini gəzməyə səsləyir. Şair Vaqiflə birlikdə Cıdır düzündə gəzib-dolaşmağı arzulayır. Şeir süfrəsi açıb sənətsevərləri söz məclisinə dəvət edir, pərdə-pərdə ötərək, Vurğunun gəzdiyi yerləri soraqlayır...
   Aşıq Əhmədin şeirinə bəstələnən bu mahnı ilk dəfə ötən əsrin 60-cı illərində el şənliklərində Aşıq Məmmədağa Babayevin ifasında eşidilib. O vaxtlardan bəri bu şux və oynaq mahnı dillərdən düşmür. Ustad sənətkarların ifasında məclisləri şənləndirir. İnsanlarda xoş duyğular yaradır.
   O, Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmaqla, özündən sonra zəngin, məzmunlu, əhatəli yaradıcılıq irsi qoyub gedib. Başdan-başa şair təbli, tükənməz və coşqun yaradıcılıq ilhamına malik sənətkar olub. Sazı, sözü və maraqlı dastanları ilə uzun illər məclislərə yaraşıq verib. El şənliklərində, dövlət tədbirlərində əsl sənət nümayiş etdirib.
   Özünün dediyi kimi, çox erkən çağlardan sənəti duyan, sözün fəhminə inanan, canında-qanında yaradıcılıq duyğusu, yaradıcılıq istəyi coşub-çağlayan Aşıq Əhməd sənət yolunda inamla-uğurla irəliləyib. O, aşıq kimi sənətə ifaçı gəlib, yaradıcı aşıq kimi sənət zirvəsinə yüksəlib və ustad aşıq kimi dünyadan köçüb. 2008-ci ilin avqust ayının 12-də vəfat edib. Ölümündən sonra Kürdəmir şəhərində yaşadığı küçəyə onun adı verilib. Yaxşı deyiblər ki, əsl sənətkar ölmür. Həqiqi sənətkarı yaratdıqları yaşadır. Aşıq Əhməd də gözəl əsərləri-mənalı, məzmunlu şeirləri, dastanları və xoş xatirələri ilə daim onu sevənlərin qəlbindədir.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar