Haqq aşığı
   
      
   İllər Aşıq Ələsgər ocağının istedadlı nümayəndələrindən biri - Aşıq Ələsgərin qardaşı Çoban Məhəmmədin yaradıcılığına kölgə sala bilməmişdi.
   
   Vəfalı dost tək-tək olar,
   İnsanlarda yüzdə birdi.
   Sən arzula cansağlığı,
   Çox da birdi, az da birdi.
   
   Təxminən 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulan Məhəmməd saz-söz beşiyi olan bir ailədə dünyaya gəlib. Yaradan Alməmməd kişinin sonbeşiyi olan Məhəmməddən də öz istedadını əsirgəməyib. Gənc yaşlarından şeirlər qoşmağa başlayan Məhəmməd ömrünün böyük bir hissəsini çobanlığa həsr etsə də, el arasında şair kimi tanınıb sevilir. Məhəmməd də bədahətən şeirlər deyər, yaxşı hafizəsi ilə hamını heyrətləndirərdi:
   
   Aran çox istidir, yaylaq sərindi,
   Bilmirəm, qalmayım, yoxsa qalım mən.
   Könül bir gözələ aşiq olubdur,
   Bilmirəm, almayım, yoxsa alım mən.
   
   Uzaq bir zamanda yaşamasa da, Çoban Məhəmməd barədə məlumatlar o qədər də çox deyil. Aşıq Ələsgərin nəvəsi, bu ocağın yorulmaz tədqiqatçısı İslam Ələsgər Çoban Məhəmmədin həyat və yaradıcılığı barədə tədqiqatlar aparmış, 2009-cu ildə “Çoban Məhəmməd” kitabını oxucuların ixtiyarına vermişdir. İslam Ələsgər kitabda yazır: “Şair Məhəmmədin ədəbi irsi çox zəngin olub. Lakin yazı-pozu bilməyən bu el şairinin şeirləri vaxtında qələmə alınmadığına görə, böyük bir qismi unudulub. Biz onun 70-dən artıq müxtəlif şəkilli şeirini və dastanlarını Aşıq Nəcəf və Aşıq Talıbın hafizəsindən yazıya almışıq. Şair Məhəmmədin şeirləri duzlu-məzəlidir. Hələ heç bir el şairində rast gəlmədiyimiz qəribə bir yumor, zarafatla deyilmiş xalq ifadələri onun yaradıcılığı boyu uzanıb gedir”.
   Çoban Məhəmmədin həyatı asan olmamışdır. O, gənc yaşlarında sevib-seçdiyi Sərvinaz adlı bir qızla evlənir. Tale onlara 2 qız, 1 oğul bəxş eləsə də, bədbəxtlikdən uşaqların üçü də bir ilin içində xəstələnib ölür. Bu dərdə dözə bilməyən ana da çox yaşamır. Belə bir müsibətdən qəm dəryasına qərq olan Məhəmməd daha ailə qurmaq istəməsə də, uzun zamandan sonra qohum-qardaşın öyüd-nəsihəti ilə Bahar adlı bir qadınla ailə qurur:
   
   Ay ağalar, nə bəlalı qul oldum,
   El içində haqqı-say olan canım.
   Qədirbilməzlərin qədrini bildim,
   Axırda əməyi zay olan canım.
   
   Şair Məhəmmədin bundan sonrakı həyatı da əzab-əziyyətlə keçir. Ermənilərin 1918-ci ildə türklərə qarşı törətdikləri qırğınlar zamanı Məhəmməd də Göyçəni tərk etməyə məcbur olur. O, 1917-ci ildə vəfat etmiş qardaşı Xəlilin 5 nəfərlik ailəsini də götürüb öz ailəsi ilə birlikdə Kəlbəcərə köçür və 1921-ci ilə qədər orada yaşayır.
   
   Hər mahalda dastan olub,
   Söylənir halı Göyçənin.
   Qəhr elədi çərxi-fələk,
   Döndü iqbalı Göyçənin.
   Dağıldı ağır sürüsü,
   Talandı malı Göyçənin.
   Pozuldu qurğu-büsatı,
   Şəni, cəlalı Göyçənin.
   Suyu saf, havası xoş,
   Cənnət misalı Göyçənin.
   
   Dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edir:
   
   Mən sana neyləmişdim,
   Qurdun mana al, a fələk!
   Ağlımı aldın başımdan,
   Möhtacam kamala, fələk!
   
   Sovet hökuməti qurulandan sonra Məhəmməd də doğma yurda qayıdır. Yoxsul həyat keçirən şair sonralar bir dəyirman tikib ailəsini dolandırmağa başlayır. Ancaq onun saza, sözə olan sevgisi heç vaxt bitib-tükənmir. Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının ab-havası duyulur. Yaylaqlarda, eldə-obada baş verən hadisələr onun gözündən yayınmır:
   
   Yaz olanda gözəl dağlar,
   Car olur sellərin sənin.
   Dönəndə payız fəslinə,
   Qayıdır ellərin sənin.
   
   Onun əlimizdə "Şair Məhəmmədin Qars səfəri" (bunu bəzi aşıqlar "Şair Məhəmmədlə Sərvxuraman xanım" da adlandırırlar), "Şair Məhəmmədin Yalanbol səfəri" və "Şair Məhəmmədin çuxa əhvalatı" adlı üç dastanı var. Onlardan son ikisi şairin qaçqın olduğu zaman və sovet hökumətinin ilk illərində keçirdiyi ağır güzəran, maddi və mənəvi sıxıntılarla əlaqədar qələmə alınıb. Ancaq aşıqlarımızın repertuarında daha çox yer tutan "Şair Məhəmmədin Qars səfəri" dastanının əsasında heç bir real həyat hadisəsi durmasa da, bütövlükdə şair xəyalının məhsulu kimi qiymətlidir.
   Çoban Məhəmməd 1937-ci ilin yayında dünyasını dəyişir. Onu Aşıq Ələsgərin qəbrinin yanında dəfn edirlər.
   İslam Ələsgər “Ələsgər ocağı” kitabında yazır: “Şeir-sənət xiridarlarının çoxunu çiynimdə aparıb torpağa tapşırmışam. Onların müqəddəs məzarını hər zaman ziyarət edirdim. Tale bunu da çox gördü bizə. Dünyanın hər yerində havadarı olan fitnəkar qonşuların xəyanəti və vəhşilikləri bizi dədə-baba torpaqlarımızdan didərgin saldı. Bu gəlimli-gedimli dünyada orada əbədiyyətə qovuşanlarımızdan bizə nə qaldı? Acılı-şirinli xatirələr, birdə ki, şeirlərindən yaddaşlarda, saralmış vərəqlərdə mühafizə olunmuş nümunələr”.
   Zaman-zaman sazımızın, sözümüzün keşiyində duranları yad etməklə, dünənimizə hörmət, sabahımıza ümid etmiş oluruq.

   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar