Sentyabrın 10-da Gədəbəy Rayon Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Miskin Abdal” ədəbi məclisi üzvlərinin AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanovla görüşü keçirilib.
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə Folklor İnstitutu ilə «Miskin Abdal» ədəbi məclisi arasında yaradıcılıq əlaqələrinin qurulması müzakirə olunub. İnstitutun direktoru bununla bağlı tövsiyələrini bildirib, yerli yazarların fikirlərini dinləyib. Gədəbəy yazarlarının ədəbi məclisdə toplanmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, rayonda şifahi xalq və aşıq ədəbiyyatı ilə bağlı tədqiqatını gözləyən bir çox mövzular var.
   Şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli, iqtisadçı alim, maraqlı şeirlərin müəllifi Nazim Məmmədov, rayon qəzetinin redaktoru Əsədulla Cəfərov, yazarlar Sahib Camal, Rəfi Poladoğlu, Bəşir İsrayıloğlu, İsfəndiyar İsgəndər, Zahid Muxtaroğlu və digər görüş iştirakçıları AMEA-nın Folklor İnstitutu ilə «Miskin Abdal» ədəbi məclisi arasında əlaqələrin yaradılmasını alqışladıqlarını bildiriblər. Mədəniyyət evinin direktoru Etibar Əliyev qarşılıqlı əlaqələrin daha səmərəli olacağını nəzərə alaraq növbəti tədbirlərin rayonun kəndlərində də keçiriləcəyini deyib.
   Tədbir saz-sözlə müşayiət olunub. Əməkdar mədəniyyət işçisi, aşıq Sayad Pənahov və aşıq Vüqar Şamilov gədəbəyli şairlərin şeirlərini ifa ediblər.
   
   Fəxriyyə