Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Rus Dünyası Fondu, Bakı Rus Evi, Voronej Dövlət Universiteti və ADU-nun birgə təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib.
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla çıxışında forumu mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi qiymətləndirib.
“Azərbaycan və Rusiya arasında əlaqələr tarixən dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu gün universitetimizdə keçirilən forum hər iki xalqın mədəniyyətinin zənginliyini nümayiş etdirmək və onları bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm addımdır. Təhsil, elm və mədəniyyət sahələri xalqlarımızı bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən olmuşdur. Azərbaycan daim mədəniyyətlərarası dialoqda fəal rol oynamış, müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan kimi çıxış etmişdir. Azərbaycanda multikultural, demokratik və humanitar siyasət özünü yüksək səviyyədə göstərir”, - deyən akademik Kamal Abdulla Azərbaycanın mədəni irsinin və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına səmərəli müzakirələr arzulayıb.
Forumda çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov müasir dövrdə mədəniyyətlərarası dialoqun vacibliyi haqqında fikirlərini bölüşüb. Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin uzun illərə söykəndiyini vurğulayan səfir bildirib ki, bu münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəniyyət, təhsil və humanitar sahələrdə dərin köklərə malikdir. Mədəniyyətlərarası dialoqa dair müzakirələrin aparılacağı forumun əməkdaşlıq üçün geniş imkanlar yaradacağına əminliyini bildirən səfir iştirakçılara uğurlar arzulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxış edərək forumun mədəniyyətlərarası dialoqun dərinləşməsinə, xalqlar arasında yeni dostluq körpülərinin qurulmasına töhfə verəcəyini bildirib. “Mən həm diplomat, həm də mədəniyyət xadimi kimi, həmişə inanmışam ki, mədəniyyət vasitəsilə qarşılıqlı anlayışı, sülhü təşviq etmək mümkündür. Azərbaycanın Rusiyadakı səfiri olduğum müddətdə bu prinsiplərə sadiq qalaraq iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi üçün bir çox layihələrə dəstək verdik. Bu gün ölkələrimiz arasında əlaqələr daha da genişlənir, xalqlarımızın dostluğu getdikcə möhkəmlənir”, - deyə o bildirib. Qeyd edib ki, Azərbaycanla Rusiya arasında humanitar sahədə xüsusi münasibətlər var. Ölkəmizdə rus dili və mədəniyyəti qorunub saxlanılıb. Azərbaycanda rus dilində təhsilə dövlət səviyyəsində diqqət yetirilir. Azərbaycanlı gənclərin rus dilinə və ədəbiyyatına marağı artır. Mədəniyyətlərarası dialoq yalnız xalqlar arasında əlaqələri möhkəmləndirmir, eyni zamanda, dünyada sülhün təmin olunmasına xidmət edir. Bu forum mədəniyyətlərin sərhədlərini aşaraq xalqları birləşdirən güc olduğunu bir daha sübut edir.
Mədəniyyətlərarası əməkdaşlığın siyasi və sosial aspektlərinə toxunan Milli Məclisin üzvü Sevinc Fətəliyeva Azərbaycanın qlobal arenada mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan tarixən müxtəlif xalqların dinc yanaşı yaşamasına və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə mühüm töhfə verib. Bu gün Azərbaycan Dillər Universitetində keçirilən beynəlxalq forum bu ənənələrin davamı olaraq mədəniyyətlərin dialoqu üçün yeni platformadır.
Deputat qeyd edib ki, forum təkcə Azərbaycan və Rusiya arasında deyil, qlobal miqyasda da mədəni əlaqələrin inkişafına töhfə verən mühüm platforma kimi yadda qalacaq. Belə forumların müntəzəm keçirilməsi mədəniyyətlərarası anlayışın dərinləşməsi və xalqlar arasında dostluq körpülərinin möhkəmləndirilməsi üçün əvəzsizdir.
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov forumun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dəyişən dünyada fərqli mədəniyyətlərin bir-birini anlaması və qarşılıqlı dialoq qurması yalnız xalqlar arasında sülhün qorunması üçün deyil, həm də elmi və mədəni tərəqqi üçün mühüm əhəmiyyət kəsb edir. “Məhz buna görə də belə forumlar tez-tez keçirilməlidir, çünki bu cür tədbirlər ölkələrimiz arasında mədəni mübadiləni təşviq edir. Mədəni mübadilə lazımdır, bu, hamımızı zənginləşdirir”, - deyən İrek Zinnurov bildirib ki, bugünkü forum qarşılıqlı anlaşma və əməkdaşlıq üçün yeni üfüqlər açacaq. Azərbaycan kimi zəngin mədəni irsə malik olan bir ölkədə bu cür tədbirlərin keçirilməsi xüsusi önəm daşıyır. Bu dialoq xalqların bir-birini daha yaxşı anlamasına və problemlərə birgə həll tapmasına kömək edir.
Voronej Dövlət Universitetinin prorektoru Yuri Bubnov Rusiya-Azərbaycan təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb. Bildirilib ki, Azərbaycan və Rusiya universitetləri arasında mövcud əməkdaşlıq təkcə elm və təhsil sahələrini deyil, eyni zamanda, mədəni əlaqələri də möhkəmləndirir: “Bu forum tələbələrimiz və müəllimlərimiz üçün yeni imkanlar yaradır, gələcək əməkdaşlıq üçün yeni perspektivlər vəd edir. Biz həm Azərbaycan, həm də Rusiya cəmiyyətləri arasında bu dialoqu daha da genişləndirmək üçün səylərimizi davam etdirəcəyik”.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Qromıko və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Mark Entin müasir dövrdə mədəniyyətlərarası dialoqun elmi aspektlərini müzakirə edərək müxtəlif xalqların birgə yaşama mədəniyyətinin gücləndirilməsinin qlobal əhəmiyyətindən söz açıblar. Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafında mədəniyyətin vacib rolunu vurğulayan natiqlər bu əməkdaşlığın davamlı şəkildə genişləndirilməsinin vacibliyini qeyd ediblər. Beynəlxalq forumun əhəmiyyətindən danışan natiqlər gələcək elmi, mədəni əlaqələrin inkişafı, xarici əlaqələrin qurulması, tərəfdaşlıq münasibətlərinin yeni mərhələləri haqqında məlumat veriblər. Bildirilib ki, müasir dövrdə mədəniyyətlər sürətlə dəyişir və daha da şaxələnir. Bu dəyişiklik və şaxələnmə prosesinin cəmiyyətlər üzərində böyük təsirləri olur. Mədəni müxtəliflik cəmiyyətin ən önəmli elementidir, çünki tarixboyu mədəni müxtəlifliklərin yaranmasına bir sıra amillər səbəb olub.
Beynəlxalq forum işini bölmə iclasları ilə davam etdirib.
“Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum dekabrın 5-də başa çatacaq.