Haqq aşığı
Zaman keçdikcə aşıq ədəbiyyatında Xəyyat Mirzənin incə ruhlu şeirləri boy verib görünməkdədir. Xəyyat Mirzə 1885-ci ildə saz-söz beşiyi olan Tovuzun Bozalqanlı kəndində anadan olub. Atası Abbasqulu Ağa oğlunu mirzə görmək istəyi ilə Axund Abdullanın mədrəsəsinə qoysa da, uşaq yaşlarından saza, sözə böyük sevgisi olan Mirzə bu sənətin ardınca getmir. Atasının təkidi ilə xəyyatlığı-dərziliyi öyrənir. Çox keçmir ki, gözəl şeirləri ilə eldə-obada Xəyyat Mirzə kimi ad qazanır.
Sənə qurban olum, fələk,
Dağları qardan ayıram!
Bülbüllər oxusun bağda,
Heyvanı nardan ayıram!
Cavanlığında hündürboylu, enlikürək, yaraşıqlı bir oğlan olan Mirzə ömrünün gözəl çağlarında mədrəsədə onunla birgə oxuyan Axund Ağbaş Abdullanın qızı Dostu xanıma aşiq olur. Elçilər dəfələrlə axundun qapısını döysələr də, Axund oruc tutub, namaz qılmayan, “Məsail”ni bilməyən bir adama qız verməyəcəyini deyir.
Ağrın alım, namə, söylə eşidim,
Bizə gətirdiyin xoş xəbərdimi?
Ağ nazik əllərlə, incə barmaqla,
Səni yazan görüm o dilbərdimi?
Amma elin adəti var, ənənəsi var, qız evinə on dəfə gedən yenə gedər. Xəyyat Mirzə Qurani-Kərimi oxumuşdu, ona görə də Ağbaş Axunda bu dəfə şeir yazıb göndərir. Ancaq şeiri kağıza yox, axund üçün tikdiyi ləbbadənin kürəyinə iynə-sapla tikiş vuraraq yazır. Nəhayət, Xəyyat Mirzənin elçiləri yola düzəlib yenidən axundun evinin kandarını kəsdirirlər. “Xoş-beş”dən sonra axund əvvəl dediyini yenə deyir. El arasında deyildiyi kimi: Nuh deyir, peyğəmbər demir. Xəyyat Mirzənin göndərdiyi ləbbadəni axunda verirlər. Axund yaraşıqlı, zövqlə tikilmiş ləbbadəni alıb şövqlə əyninə geymək istəyəndə, kürəyində ərəb əlifbası, xəttat ustalığı ilə yazılmış şeiri görür:
Elmin xəbərdarı, mürşüdü-kamil,
Bu dünyanın pür kənarı neçədir?
Söylə görüm, neçə buçuq millət var,
Əfzəliylə günahkarı neçədir?
Bu şeiri oxuyandan sonra Axund Xəyyat Mirzənin dərin bir şair olduğunu görüb qızını ona verməyə razı olur.
Başına döndüyüm, vəfalı dilbər,
Dolan, gəl yanıma sən şirin, şirin.
Ala gözlərinə, qələm qaşına
Can qurban edərəm mən şirin-şirin.
Xəyyat Mirzə şifahi xalq yaradıcılığının bütün formalarında gözəl nümunələr yaratmış sənətkardır. Onun gəraylı, qoşma, müxəmməs, təcnis və divaniləri məna yükünə, axıcılığına, xəlqiliyinə görə ölümsüzdür:
Anlayan anlasın, qanmayan qansın,
Dostun pis gününə sınanam indi.
Qarşıda sən ana,
Ağla məni sən, ana,
Dosta xain baxanın
Ruci olsun sənana.
Folklorşünas alimimiz Rüstəm Rüstəmzadənin təbirincə desək, Xəyyat Mirzənin şeirlərində olan bədiilik, oynaqlıq, ahəngdarlıq dinləyicini özünə daha çox cəlb edir.
O şeirlərində canlı xalq dilindən, zərb-məsəllərdən yerli-yerində, məharətlə istifadə eləmişdir:
Pozulubdur mən Mirzənin əsası,
Seyrəqubla qurtarmayıb davası.
Deyirlər ki: “Qabaq qoçun qisası
Heç buynuzlu qoçda qalmaz”, əzizim.
Xəyyat Mirzənin “Qandal Nağı” dastanı onu həm də bir dastançı aşıq, sənətkar kimi məşhurlaşdırıb. Bu nümunə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmış dastan yaradıcılığının ən qiymətlilərindən sayılır.
Onun Aşıq Hüseyn Bozalqanlı, Şəkili Aşıq Molla Cuma, şair Vəli Bozalqanlı, Qazaxlı İsmayıl Katiblə deyişmələri, hərbə-zorbaları əfsanələşib, dastanlaşıb, dildən-dilə, eldən-elə dolaşıb. Saz-söz adamları ilə dostluq münasibətləri Xəyyat Mirzəni bütün Azərbaycana tanıdıb.
Başına döndüyüm, vəfalı dilbər,
Mən sənin əhdinə vəfa bağladım.
Götürdüm əlimə eşq orağını
Dən biçib zülfündən bafa bağladım.
Xəyyat Mirzə 1922-ci il dekabrın 25-də vəfat edir. Şairin qəbri o gündən-bu günə ziyarətgaha çevrilir.
Bu dünyada yetişmədim murada
Yaradan, öldürmə, yazığam məni.
Kəşf eyləyib gəzər olsan taparsan
Gələn qışı qara, yazı qəm məni.
Onun yaradıcılığını xalq yaşadıb, aşıqlar, ozanlar təbliğ edib. Şeirləri ilk dəfə Rüstəm Rüstəmzadənin tərtibatı ilə 1966-cı ildə işıq üzü görüb. Xəyyat Mirzənin yaradıcılığının, bədii irsinin daha mükəmməl bir nümunəsi isə 2010-cu ildə millət vəkili Qənirə Paşayevanın ön söz müəllifliyi və Bağban Babanın tərtibçiliyi ilə işıq üzü görən “Könlüm hicran otağı” kitabıdır. Bu kitabda şairin ədəbi inciləri cəmləşib.
Zaman keçdikcə sözün dərzisi - Xəyyat Mirzənin şeirləri könlümüzü bəzəyir, onun ölçülü-biçili söz naxışları aşıq ədəbiyyatının gözəl nümunələrdəndir.
Təranə Vahid