Haqq aşığı
   
    
   XIX əsrin ikinci yarısının və XX əsrin əvvəllərinin sənətkarı olan Usta Abdulla aşıq ədəbiyyatında həm də Zodlu Abdulla adı ilə tanınır.
   
   Vəfası olmaz yalanın,
   Ağlı olmaz çox gülənin.
   Abdullayam, dərd bilənin
   Yüz il keçsə quluyam mən.
   
   Göyçə ədəbi mühitinin yetirməsi olan Usta Abdulla 1865-ci ildə bu mahalın Zod kəndində - söz-sənət xiridarı xarrat Rəhimin ailəsində dünyaya gəlib. Rəhimin evi aşıqların görüş yeri, yarış yeri olduğundan Abdulla bu mühitdə böyüyüb boya-başa çatıb. Atasından xarratlığın sirlərini öyrənib dülgər olsa da, heç bir məktəb üzü görməyən Abdulla həm də sözün, şeirin ustası kimi məşhurlaşaraq kamil sənətkar səviyyəsinə ucalıb.
   
   Yatmış idim, bəxtim məni oyatdı,
   Qəzanın qədəri kəmərin atdı,
   Mahalım Göyçədi, sakinim Zoddu,
   Sənətkar Abdulla deyilən mənən.
   
   Usta Abdulla xalq poeziyasının gəraylı, qoşma, müxəmməs, təcnis və başqa formalarında 600-ə qədər şeir yazmışdır. Onun yaradıcılığında təbiət, vətən mövzusu ilə yanaşı, aşiqanə şeirlər də geniş yer tutur:
   
   Ala gözlü, nazlı dilbər,
   Dedi: dur get, gəlirəm mən.
   Dedim: ay qız dərdim çoxdu,
   Dedi: dərman bilirəm mən.
   
   Müasirlərinin sözlərinə görə, Aşıq Ələsgər Abdullanın təcnislərini dinləyərkən heyranlığını bildirmiş, onu təcnis ustası kimi yüksək dəyərləndirmişdir. Ona görə də Abdulla Göyçə mahalında Ələsgərdən sonra təcnis ustalarından biri kimi şöhrət tapmışdır:
   
   A beymürvət, məni candan eylədin,
   Göründü gözümə a yağı zülfün.
   Baş dayanar, qəhri çoxdur dünyada,
   Toxunsa yandırar ayağı zülfün.
   
   Bir çox sənətkarlar kimi Usta Abdullanın həyatı da asan olmamışdır. O, 1918-ci il hadisələri zamanı ağır həyat yaşamış, yerindən-yurdundan didərgin düşmüşdür. Yurd itkisi, ağır həyat şəraiti onun yaradıcılığına təsirsiz qalmamışdır:
   
   Dağıldı mahalım, pozuldu elim,
   Tükəndi dövlətim, gödəldi dilim,
   Əyildi qamətim, büküldü belim,
   Nə qazamat, nə qalalar çəkmişəm.
   
   O, 1918-ci ildə Gəncəyə köçmüş, ömrünün axırına kimi orada yaşamışdır. Sənətkar 78 il ömür sürmüş, 1943-cü ildə vəfat etmişdir. Onun yaradıcılığı illərin sınağından çıxa-çıxa günümüzəcən gəlib çatmışdır.
   
   Sənətkarın var hörməti,
   Çəkməz kimsədən minnəti.
   Kimin olsa səxavəti
   Mövlam ona yar deməkdir. 

   Onun şeirlərində ustad nəfəsi, ustad ruhu büllur saflığı ilə sezilir. Xalq dilinin incəlikləri, heyrətamiz gözəllikləri aydınlığı ilə duyulur.
   
   Ay ağalar, ay qazılar,
   Mən bu dərdə dözüm, neynim?!
   Düşdüm qəmin dəryasına,
   Qəvvas olum, üzüm, neynim?!
   
   Folklorşünas Qara Namazov onun yaradıcılığı barədə belə yazır: «Zodlu Abdullanın gözəlləmələrində nəsihətamiz fikirlər çoxdur. Daha doğrusu, bu şeirlər öz səviyyəsi etibarilə ustadnamə olmasa da, ümumi məzmunda, ayrı-ayrı beyt və bəndlərdə gözəlliyi səciyyələndirən müsbət əlamətlər, mənəvi keyfiyyətlər, əxlaqi sifətlər öz bədii ifadəsini tapmışdır».
   Usta Abdullanın yaradıcılığında didaktik-əxlaqi dəyərlər xalq mənəviyyatına söykənir. Bu dəyərlər onun haqqında, yaşadığı mühit barədə geniş təsəvvür yaradır. İlk növbədə sənətkarın şəxsiyyəti, kimliyi, hansı əxlaqın sahibi olması haqqında bilgi verir. Göyçə elatının həmin dövrdəki məişəti, adət-ənənəsi, insanlara münasibəti, qayğıları, qonaqpərvərlik, dostluq ənənələrinin davamlılığını ifadə edir. Digər istiqamətdə bütövlükdə xalqımızın torpaq, yurd, vətən sevgisini, həyata, dünyaya münasibətini, əxlaqını, davranışını aydınlaşdırır. Atalar sözü, məsəl, dastan, rəvayət, əhvalat, bayatı düşüncəsindən, xalqın varlığından, məişətindən süzülüb gələn dəyərləri səciyyələndirir və Göyçə mühitində hansı ideallarla yaşanması təəssüratını yaradır. Bu mənada Zodlu Abdullanın yaradıcılığı xüsusi önəm daşıyır.
   Vaxtın axarında “Haqq aşığı” silsiləsindən daha bir ustadın - Usta Abdullanın zamanına yollandıq, yaradıcılığına, könül dünyasına nəzər saldıq, söz qalasının kərpic ustalarından birini də xatırladıq.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar