Haqq aşığı
Xalq şairi Zəlimxan Yaqubun təbirincə desək, sazın, sözün, səsin və havacatın ulu babası, Borçalı bülbülü, məclislər bəzəyi, havalar pəhləvanı, gözəllər sirdaşı, Tanrı dostu Xındı Məmməd zəmanəsinin elə ünlü sənətkarı oldu ki, sənət meydanında misli görünməmiş ad qazandı.
Mən qocaman bir aşığam,
Meydanda mərdü-mərdanə,
- deyən ustad zəngin bir irs qoyub getdi.
El arasında Xındı Məmməd kimi tanınan Məmməd Gülabı oğlu Qəniyev 1896-cı ildə Borçalı mahalının Böyük Muğanlı kəndində anadan olub. Uşaqlıq illəri ağır keçib. Körpəlikdən çox məlahətli səsə malik olduğunu duyan dayısı Hüseyn Qoca oğlu onu 1914-cü ildə məşhur el şairi, gözəl söz xiridarı Qaçaqanlı Ağacana şəyird verir. Məmməd ustadından Şərq və xüsusilə, İslam tarixini dərindən öyrənir, şeirin-sənətin sirlərinə bələd olur, aşıq-şair kimi püxtələşir.
Sonralar Xındı Məmməd dövrün məşhur aşığı Bəyazidli aşıq Məsimlə qarşılaşır. Bu onun nadir ifaçı kimi yetişməsində mühüm rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik Məmməd aşıq sənətinə dərindən yiyələnir, Borçalının ustad aşığı kimi formalaşır və sonralar "Xındı Məmməd" təxəllüsü ilə aşıq şeirinin gözəl nümunələrini yaradır.
Xındı Məmməd istər haqdan imdadı,
Çağırır dadına o min bir adı,
Borçalının bəlli olan ustadı,
Şair Nəbi, Ağacanı neylədin?
Qısa bir vaxtda Xındı Məmməd Borçalıda ustad aşıq kimi məşhurlaşır, gözəl dastan danışan ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin mahir bilicisi kimi şöhrət tapır.
İfasında Kərəm yanğısının göynərtisi, Koroğlu zənguləsi duyulan Xındı Məmməd “Yurd yeri”, “Mənsuri”, “Yanıq Kərəmi”, “Zarıncı”, “Bəhməni” kimi incə, ağır havalarla yanaşı, “Misri”, “Cəngi” kimi qəhrəmanlıq havacatlarının da əvəzsiz ifaçısı olur.
Ustadlardan dərs ala-ala Xındı Məmməd geniş yaradıcılıq yoluna qədəm qoyur, divani, təcnis, gəraylı, müxəmməs kimi şeir formalarında gözəl sənət nümunələri yaradır.
Mən eşqdən abdal olub,
Düşdüm dildən-dillərə.
Xındı Məmməd Məcnun kimi,
Saldın çöldən-çöllərə.
Sənətkarın şeirlərində Vətənə, elə-obaya sonsuz məhəbbət, dostluğa, insanlığa sədaqət tərənnüm olunur:
Nəzər qıldım tənəzzülün işinə,
Mərd yerini namərd aldı, ay hayıf.
Mən aşığam, ay hayıf,
Kimlər oldu, ay hayıf
Getdi daha qalmadı,
Qədir bilən, ay hayıf.
Qədir bilən, şirin gülən dostları,
Fələk vurub ayrı saldı, ay hayıf.
Onun zəngin irsindən 200-dən çox şeiri günümüzəcən gəlib çatıb. O bir çox ustad aşıqların şeirlərinə qabaq-qaytarmalar yazmış, neçə-neçə ustadlarla dövrünün mükəmməl, tanınmış el şairi və aşıqları - şair Ağacan, şair Nəbi, Bəyazidli Məsim, Təhləli Novruz və bir çox başqaları ilə şeirləşmişdir.
Ancaq bütün böyük sənətkarlar kimi onun da həyatı çətin sınaqlardan keçir. 1930-cu ildə “Borçalı bülbülü”nə qara yaxaraq pantürkizmdə ittiham edirlər. Aşıq həbs olunaraq bir müddət Tiflisdəki Metex qalasında saxlanılır.
Köklü bir qayanı, atalar demiş,
Qaldırıb yerindən yel ata bilməz.
Layiq bilib sığışdırmaz adına,
Namərd kölgəsində mərd yata bilməz.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda aşıq cəbhəyə gedir. O, müharibəyə yola düşməzdən əvvəl canından artıq sevdiyi sədəfli sazını "Cəngi" havası üstündə kökləyib divardan asır. Müharibədən sağ-salamat evə dönən Xındı Məmməd öz gözəl sənətini davam etdirir. Sənətdə ustadlıq zirvəsinə çataraq Borçalıda xeyli sayda ünlü aşığın ustadı olur. Onlardan Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və başqaları ustadlarının yolunu davam etdirir.
Xındı Məmmədin şəyirdləri arasında oğlu Gülabının adını xüsusilə qeyd etmək lazımdır. Zəlimxan Yaqub “Meydanda mərdi-mərdanə” kitabının ön sözündə yazır: “Xatirələrdən daha canlı, daha təravətli üç yadigarı da var Xındı Məmmədin. Onun radionun “Qızıl fond”unda qorunub saxlanılan lent yazıları, aşıqlarımızın dilindən düşməyən şeirləri və yolunu çox böyük ləyaqətlə davam etdirən Aşıq Gülabı kimi bir sənətkarın varlığı. Hər üç müqəddəs nemət Xındı Məmmədin şəxsiyyət və sənətkar xoşbəxtliyidir”.
Ustadın böyük oğlu fizika-riyaziyyat elmləri doktoru, professor Lətif müəllim də atasının sənətinə ürəkdən bağlı olan, onun adını yaşadan övladdır. O, atası ilə bağlı xatirələrində yazır: “Atam Şərq, ərəb, türk və xüsusilə İslam tarixini mükəmməl bilirdi. Çox yaxşı yadımdadır, o, məşhur ərəb tarixçisi Təbərinin “Hökmdarlar və peyğəmbərlər tarixi”, həmçinin İsgəndər bəy Münşi-Türkmanın “Şah Abbasın tarixi” əsərlərindən çoxlu sayda epizodlar danışardı”.
Xındı Məmməd vədə yetib,
Tarix çatıb ölümə.
Qoy qazılsın bir səhrada,
Məzarım innən belə,
- deyən saz-söz ustadı 1968-ci il avqustun 28-də vəfat edir. Ustadı Böyük Muğanlı kənd qəbiristanlığında dəfn edirlər.
Qəlbən, ruhən elə-obaya, torpağa bağlı olan aşığın şeirləri eldən-elə, dildən-dilə dolaşır. Şeirləri 2001-ci ildə Bakıda "Meydanda mərdi-mərdanə" adı altında çap olunub. Qədirbilən Borçalı camaatı Xındı Məmmədin 1986-cı ildə 90, 1996-cı ildə 100 illiyini böyük təntənə ilə qeyd edib. O, bu gün də ustad aşıq kimi yaddaşlarda, xatirələrdə yaşayır, çünki ölümsüzlük belə böyük sənətkarlara yaraşır.
Təranə Vahid