Mədəniyyət və Turizm Nazirliyinin daha bir layihəsi uğurla yekunlaşdı
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağstafa rayonunda gənc aşıqların Aşıq Şəmşir adına VI respublika müsabiqəsi keçirildi. Müsabiqənin yekun konserti oktyabrın 11-də Heydər Əliyev Mərkəzində reallaşdı. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, sektorun aparıcı məsləhətçisi Oqtay Muxtarov, tanınmış aşıqlar, sənət adamları, saz-söz həvəskarları iştirak edirdilər.
Mərasimi açan rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tədbir iştirakçılarını təbrik etdi, müsabiqənin söz-sənət məkanı olan Ağstafada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi. Qeyd olundu ki, bu bölgədə hər zaman aşıq sənətinə böyük diqqət göstərilib, tanınmış söz ustadları, saz ifaçıları yetişib. Artıq ikinci dəfədir ki, bu müsabiqəyə Ağstafa rayonu ev sahibliyi edir.
Mədəniyyətimizin inkişafından, milli-mədəni irsimizin təbliğindən danışan icra başçısı ümummilli lider Heydər Əliyevin bu sahədə tarixi xidmətlərini vurğuladı, bu siyasətin ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini bildirdi: “Aşıq sənəti Azərbaycan mədəniyyətinin ən gözəl incilərindən biridir. Bu sənətə ölkəmizdə hər zaman yüksək qiymət verilib. Prezident İlham Əliyevin və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyətimizin inkişafına diqqət və qayğısı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənəti dünya miqyasında tanınır. Aşıq sənətinin təbliği istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən böyük layihələr həyata keçirilir. İki ildən bir keçirilən və bütün respublikanı əhatə edən bu müsabiqə də belə uğurlu layihələrdən biridir. Müsabiqənin gerçəkləşməsinə dəstək olan bütün insanlara minnətdarlığımı bildirirəm. İnanıram ki, burada parlayan ulduzlar sabahın tanınan, sevilən ustadları olacaqlar”.
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli layihənin məramından danışdı. Qeyd olundu ki, gənc aşıqların Aşıq Şəmşir adına VI respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi qorumaq, bu sənətə marağı daha da artırmaq, istedadlı gəncləri ortaya çıxarmaqdır. Artıq bir neçə gündür ki, Azərbaycanın dilbər guşəsi olan Ağstafa saz-söz bayramına ev sahibliyi edir. Müxtəlif bölgələrdən yeniyetmə və gənc aşıqlar öz bacarıqlarını geniş ictimaiyyət qarşısında nümayiş etdirmək üçün müsabiqəyə qatılıblar.
Sektor müdiri nazirliyin həyata keçirdiyi layihəyə marağın ildən-ilə artdığını, müsabiqənin əhatə dairəsinin genişləndiyini vurğuladı. Bildirdi ki, tarixlərdən ötüb keçərək bu günədək gəlib çıxan aşıq yaradıcılığı hazırda yeni inkişaf dövrünü yaşayır və dünya səhnələrinə çıxır. 2009-cu ildən Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolu olub. Ölkə rəhbərliyi tərəfindən mədəniyyətimizin bütün sahələrinə diqqət və qayğı göstərilir. Müxtəlif bölgələrdə hər il yeni mədəniyyət ocaqları inşa edilir, onların maddi-texniki bazası möhkəmləndirilir.
Münsiflər heyətinin üzvü, folklorşünas Elxan Məmmədov son vaxtlar respublikamızda aşıq sənətinə verilən yüksək qiymətdən söz açdı: “Azərbaycan xalqının taleyində, tarixində, bu günündə saz sənətinin xüsusi yeri olub. Mən inanıram ki, gələcəkdə də bu sənət Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi əbədi yaşayacaq. Ölkə rəhbərliyi tərəfindən saz sənətinə göstərilən diqqət əslində xalqımızın tarixinə, keçmişinə, mədəniyyətinin təbliğinə göstərilən diqqətdir. Bu gün işğal altındakı torpaqlarımızdan olan gənclər də müsabiqəyə qatılıb. Sevinirəm ki, onlar da bu sənəti yaşadırlar. İnanıram ki, bu müsabiqə gələcəkdə Xocalıda, Kəlbəcərdə, Laçında keçiriləcək. Arzum budur ki, gənclər saz sənəti ilə ardıcıl məşğul olsunlar, sənətlərinin ustadına çevrilsinlər”.
Çıxışlardan sonra müsabiqə iştirakçılarının konsert proqramı təqdim olundu. Gənc aşıqların ifaları alqışlarla qarşılandı.
Sonra qaliblərin adları açıqlandı. Müsabiqənin qalibi adını Goranboy rayonundan olan gənc aşıq Yolçu Salmanlı qazandı. Kəlbəcərli gənc aşıq Şamo Abdullayev ikinci, Qazax rayonundan Elmar Rəhimov üçüncü yerə layiq görüldü. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplomları, pul mükafatı və hədiyyələr təqdim olundu.
İlk üçlükdə fərqlənənlər
Konsertdən sonra müsabiqənin qalibləri ilə həmsöhbət olduq. Qazax rayonundan Elmar Rəhimov artıq ikinci dəfədir ki, gənc aşıqların respublika müsabiqəsində iştirak edir: “Əvvəlki müsabiqədə, özüm də etiraf edirəm ki, zəif çıxış etdim. Bu, səsimlə bağlı idi. Öz üzərimdə çalışdım və III yerə layiq görüldüm. Bacarıqlı ifaçılar çox idi. Çalışacağam növbəti müsabiqədə daha yüksək yer qazanım”.
Şamo Abdullayev Kəlbəcər rayonundandır. Sazla bağlı müxtəlif tədbirlərdə fəal iştirak edib: “Bu müsabiqədə ilk dəfə iştirak edirəm. İştirakçılar arasında güclü rəqabət var idi. Münsiflər heyətinin seçimlərini obyektiv qiymətləndirirəm. Kəlbəcər rayonunu təmsil etməyimlə qürur duyuram. Kəlbəcər müvəqqəti işğal altında olsa da, mədəniyyəti, söz sənəti yaşayır. Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Müsabiqənin qalibi, Goranboy rayonunun təmsilçisi Yolçu Salmanlının ifası yekun konsertdə sürəkli alqışlarla qarşılanmışdı. Münsiflərin elan etdiyi nəticə də bu alqışların təsdiqi oldu. 21 yaşlı aşıq bu müsabiqədə ilk dəfə iştirak edir: “Yeniyetməlik çağı səsdəyişmə dövrü olduğu üçün əvvəlki müsabiqələrə qatılmırdım. Bu qalibiyyətimin növbəti uğurlarıma stimul verəcəyini düşünürəm. Çalışacağam ki, Aşıq Abbas Tufarqanlının, Dədə Şəmşirin, Dədə Ələsgərin yolunu layiqli şəkildə davam edim. Biz gənclərə göstərdiyi diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
“Yeni istedadları kəşf etdik”
Qeyd edək ki, gənc aşıqların Aşıq Şəmşir adına VI respublika müsabiqəsi iki mərhələdə keçirilmişdi. İlk tur rayonlarda təşkil olunmuş və ümumilikdə 28 rayondan 70 nəfər ikinci mərhələyə vəsiqə qazanmışdı. Qaliblər yekun turda münsiflər heyətinin yekdil rəyinə əsasən seçiliblər. Münsiflər heyətində Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü aşıq İsfəndiyar Rüstəmov, Əməkdar mədəniyyət işçisi, folklorşünas Elxan Məmmədov, folklorşünas Məmmədəli Məşədiyev, tanınmış aşıqlardan Solmaz Kosayeva, Yanvar Bədəlov təmsil olunurdular.
Yaşı 12-dən 25-dək olan iştirakçıların çıxışlarını münsiflər heyəti ayrı-ayrılıqda qiymətləndirirdilər. Tanınmış aşıq Solmaz Kosayeva iştirakçılar arasında çoxlu bacarıqlı ifaçıların olduğunu deyir: “Yeni səslər var. Amma iştirakçılar gərək öz üzərlərində daha ciddi çalışsınlar. Biz onlarla söhbətlər apardıq, məsləhətlər verdik. Qiymətləndirmə isə ayrı-ayrılıqda aparıldı. Hər kəs burada qaliblərin bacarığını gördü. Qaliblər üçün alqışlar münsiflərin seçiminin obyektivliyindən xəbər verirdi. Müsabiqənin əhəmiyyətini gənc aşıqların aşkarlanması baxımından yüksək qiymətləndirirəm”.
Əməkdar mədəniyyət işçisi İsfəndiyar Rüstəmov 60 ilə yaxındır ki, saz sənəti ilə məşğuldur. Dəfələrlə bu müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirakçıların çıxışlarını qiymətləndirib: “Hər dəfə müsabiqələrdə yaxından iştirak edirəm. Budəfəki müsabiqədə də istedadlar çoxdur. Yeni ifaçıları gördük, yeni istedadlar kəşf etdik. Yeniyetmə ifaçıların müsabiqəyə həvəslə qatılması məndə qürur hissi oyatdı. Onların hər birinin gələcəyi var. Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm ki, tanınmış aşıqlarla bərabər, yeniyetmə və gənc aşıqlara da xüsusi diqqət ayırır. Bu müsabiqə bir daha göstərdi ki, ölkəmizdə aşıq sənəti inkişaf edir. Bu gün dövlət qayğısı ilə saz sənəti dünya miqyasında təbliğ olunur və çiçəklənmə dövrünü yaşayır. İnanıram ki, burada çıxış edən iştirakçıların çox parlaq gələcəyi var”.
Ceyhun Zərbəliyev