Noyabrın 1-də Şamaxı şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın anadan olmasının 140 illiyinə həsr edilmiş mərasim keçirilib.
Folklorşünas alim, professor Məhərrəm Qasımlının aparıcılığı ilə keçirilən yubiley tədbirində respublikamızın tanınmış alimləri, ziyalılar, sənət adamları iştirak ediblər.
Bildirilib ki, Şirvan aşıqlarının atası adlandırılan Mirzə Bilal 1872-ci ildə Şamaxı qəzasının Qəşəd kəndində (hazırda Ağsu rayonunun ərazisindədir) anadan olub. Aşıq dövrünün tanınmış ziyalılarından biri kimi məşhurlaşıb, şeirləri, habelə bəstələdiyi mahnıları ilə tanınıb. Aşıq 1937-ci ildə sovet rejiminin repressiyasının qurbanı olub.
Mərasimdə Aşıq Mirzə Bilalın yaradıcılığını tədqiq edən filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyevin yeni çapdan çıxmış “Bir vaxt şam-çıraqla gəzərlər məni” kitabının təqdimatı keçirilib. Folklorşünas alim, professor Qəzənfər Paşayev Mirzə Bilalın XIX əsr Şirvan aşıq sənətinin formalaşmasında rolundan danışıb.
Xalq artisti Mələkxanım Əyyubova, Əvəzxan Xankişiyevin, aşıqlardan Ağamurad Şirvanlı, Əli Tapdıqoğlu və başqalarının oxuduqları mahnı və muğamlar mərasimə xüsusi ovqat qatıb.
Aşıq Mirzə Bilalın oğlu Şəfi Mikayılov mədəniyyətimizin və incəsənətimizin inkişafına, mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya, o cümlədən atasının xatirəsinin əziz tutulduğuna görə dövlət başçısı İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.