Haqq aşığı
Zərif şeirləri, incə duyğuları ilə Azərbaycan aşıq ədəbiyyatına naxış salan, gənc yaşlarında igid bir çobana aşiq olsa da, butasına əli yetməyən Aşıq Bəstinin şeirləri bu gün də dağ çiçəkləri kimi təravətini və ətrini qoruyub saxlamaqdadır.
Bəstinin ah-naləsindən
Oyan dağlar, oyan dağlar.
Qan damır dağ laləsindən,
Sən də qana boyan, dağlar.
Tarixdə Aşıq Bəsti kimi əbədiləşən Bəsti Bayramalı qızı XIX əsrin 30-cu illərində Kəlbəcər rayonunun Löh kəndində yoxsul bir ailədə anadan olub. Yeniyetməlik çağlarından fitri istedadı, gözəl təbi və ağlı ilə dövrünün işıqlı simalarından birinə çevrilir. Aşıq Ələsgər və Ağdabanlı Qurban kimi ustadların məclisində iştirak edir, onlardan el ədəbiyyatını dərindən öyrənir, bədahətən şeirlər deyir. Alagözlü, gülərüzlü, azad sözlü Bəstinin sorağı hər yana yayılır.
Bəsti 17-18 yaşlarında bir çobana aşiq olur. Lakin bu sevgi fəlakətlə nəticələnir. Zəmanəsinin ağızlı, hazırcavab gənclərindən olan çobanı zalım bir bəy Bəstinin gözləri qarşısında vəhşicəsinə doğrayaraq qətlə yetirir:
Müxənnətə can deyənin
Dili düşsün, dili düşsün.
Vədəsiz göy zəmisinə,
Dolu düşsün, dolu düşsün.
Düşmənlə kim peyman bağlar?
Sinəmdən getməyib dağlar,
Bu Bəstini qoyub ağlar
Zalım bəyin qolu düşsün.
Bu hadisə Bəstinin sinəsinə sağalmaz yara vuraraq həyatını və dünyaya baxışını tamamilə dəyişir. Bəsti el-el, oba-oba gəzərək dərdini sazla, sözlə deyir:
Yarın qanlı köynəyi tək,
Qızarır yol üstə lalə.
Xan Çobanı gətir dilə,
Bir şirin can istə, lalə.
Aşıq Bəstinin əlinə saz götürüb aşıqlıq etməsi o dövr üçün əslində ədəbi bir inqilab idi. Dini qadağaların hökm sürdüyü cəmiyyətdə qadının aşıqlıq etməsi o zaman cəsarət tələb edirdi. Bütün bunlar Bəstinin azad cəmiyyət arzularının, mübarizliyinin ifadəsi idi. Aşıq Bəsti nəinki qorxu və qadağalardan çəkindi, əksinə, sazı, cəsarətli, üsyankar şeirləri ilə dövrün amansızlıqlarını, xurafatı sarsıdır, tərki-diyar olub el-obada mübarizlik toxumu səpir, adını qadın aşıqların sırasına yazır.
A bəy, nə gəzirsən hallı-havalı,
Süleyman mülkünün yiyəsi kimi.
Nədəndi yaxşının başın kəsməyə
Hazırsan xəncərin tiyəsi kimi?
Fikrini kamil sənətkar, saz-söz xiridarı kimi ifadə edən, o dövrdə çox məşhur olan "Qurban bulağı" ədəbi məclisinin üzvlərindən biri kimi xatırlanan Aşıq Bəsti Ağdabanlı Qurbanın diqqətindən yayınmır. Ağdabanlı Qurban Aşıq Bəstinin el-obada məşhurlaşmasını, qoşmalarının birində belə ifadə edir:
Bağça bülbülüsən güllər eşqinə,
Nəğməlisən - şirin dillər eşqinə.
Sənətkar olubsan ellər eşqinə,
Şöhrətin yayılıb hər yana, Bəsti.
Bəsti öz faciəsini sazla, sözlə ifadə edə-edə oba-oba gəzsə də, əsasən Daşkəsən rayonunun Qabaqtəpə kəndində yaşayır.
Ağlamaqdan gözləri kor olan aşıq qəlbinin, ruhunun işığı ilə yaşayır, “Kor Bəsti” kimi tanınır:
Vaxtsız daşım qürbət elə atıldı,
Nə dərd desən mənim üçün tapıldı,
Ağlamaqdan gözlərim də tutuldu,
Getdi gözün nur işığı bilginən.
Aşıq sonralar Göyçənin Sarıyaqub, Gədəbəyin Miskinli kəndlərində və Samuxda yaşayır. Harada yaşamasından asılı olmayaraq, yazdığı bütün şeirlərində çəkdiyi üzücü məhrumiyyətləri, zəmanənin dözülməzliyini, ölkədəki dərəbəyliyi, haqqın, ədalətin yoxluğunu yanıqlı bir dillə bəyan edir. El-el dolaşıb sənətinin sirlərini şəyirdlərinə öyrədir, bir çox sanballı aşıqlar yetişdirir.
Bir qəmli bülbüləm,
Güllər inanmır.
Məcnunsuz Leyliyəm,
Çöllər inanmır.
Ömrünün axır illərində o yenidən doğma kəndinə qayıdır. 1936-cı ildə təxminən 100 yaşında vəfat edir.
Şirinin beynində eşqin əsəri,
Fərhad qayalara vurur düsəri,
Kiprik qatlamıram o gündən bəri,
Yata bilməm, qəm dağına düşmüşəm.
Aşıq Bəstinin yaradıcılığı hələ ötən əsrin 50-60-cı illərində ədəbi tədqiqatın obyektinə çevrilir. Həmid Araslının 1964-cü ildə toplayıb nəşr etdirdiyi "Azərbaycan aşıq yaradıcılığı", Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitablarında, 2005-ci ildə "Adiloğlu" nəşriyyatı tərəfindən buraxılmış "Kəlbəcər dünyası: yüz şairin bir kitabı"nda onun haqqında geniş məlumatlar verilmişdir.
Hər dürlü çiçək sinəndə,
Tapılmaz qeyri çəməndə,
Bahar fəsli Bəsti səndə
Qonaq qaldı Çoban Dağı.
Onu da qeyd etmək yerinə düşər ki, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin "XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyası bu baxımdan olduqca dəyərli ədəbi mənbədir. Aşıq Bəstinin ilk araşdırıcılarından biri də filologiya elmləri doktoru, professor, folklorşünas alim Sədnik Paşa Pirsultanlıdır. O, 1969-cu ildə Aşıq Bəstinin "Lalə", 2001-ci ildə isə "Bənövşələr"ini kitab şəklində oxucuların ixtiyarına vermişdir. Aşığın tədqiqatçısı kimi o, "Bəsti və Xançoban" dastanını bərpa etmişdir.
Dağ üstündən, çəkdin dağı,
De, nəydi günahım, dağlar.
Sən mənə kəsildin yağı.
Tutsun səni ahım, dağlar.
Aşıq Bəsti qəmli bir tale yaşasa da, söz baxçasından dərdiyi incilər aşıq ədəbiyyatının qiymətli nümunələri kimi bu gün də nakam taleli şairi yaşatmaqdadır.
Təranə Vahid