Noyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın anadan olmasının 140 illiyinə həsr edilmiş mərasim keçirildi.
   
   Tədbirin aparıcısı, folklorşünas alim, professor Məhərrəm Qasımlı ustad aşığın zəngin yaradıcılığından və kəşməkəşli həyat yolundan danışdı. Bildirdi ki, Mirzə Bilal 1872-ci il martın 12-də Şamaxı qəzasının Qəşəd kəndində anadan olub. Şamaxının Əngəxaran kənd sakini Aşıq İbrahimdən sənətin sirlərini öyrənib. Dövrünün tanınmış ziyalılarından biri kimi məşhurlaşıb. O həm də Seyid Əzim Şirvaninin “Beytüs-səfa” məktəbində dərs alıb. Ərəb, fars dillərini mükəmməl öyrənib. Eyni zamanda Mahmud Ağa Əhməd Sultan Ağa oğlunun musiqi məclislərində yaxından iştirak edib. Bu, onun həm də bir xanəndə kimi yetişməsinə böyük təsir göstərib. Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra bir çox görkəmli sənətkarlar kimi o da repressiyalarla üzləşib. Sənətkar 1937-ci ilin noyabrında güllələnib.
   Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub Aşıq Mirzə Bilalın ötən yüzilliyin birinci yarısında aşıq sənətimizə mühüm töhfələr verən görkəmli sənətkar olduğunu vurğuladı. O, 1928-ci ildə Azərbaycan aşıqlarının I qurultayında iştirak edib. “Qızıl Azərbaycan aşığı” fəxri adı alıb. Respublikanın mədəni həyatında yaxından iştirak edib. Yaddaşlarda hörmətli ziyalı kimi qalıb. Qədirbilən xalqımız onun xatirəsini qəlbində əbədiləşdirib.
   Professor Babaxan Niyazi bildirdi ki, Aşıq Mirzə Bilal gözəl sənətkar olmaqla bərabər, həm də hörmətli el ağsaqqalı olub. O, 1930-cu illərdə haqsız həbs olunan yüzlərlə şamaxılının müdafiəsinə qalxıb. Bir ziyalı kimi öz sözünü deyib: “Mən onun kəndimizdə üç toy keçirdiyini görmüşəm. Yaxşı yadımdadır, o, xalq dastanlarımızı necə şövqlə oxuyur və danışırdı. Biz o vaxtlar ədəb-ərkanı, oturub-durmağı, dastan və nağıllarımızı Aşıq Mirzə Bilal və digər görkəmli sənətkarlardan öyrənirdik”.
   Professor Qəzənfər Paşayev çıxışında Mirzə Bilalın Şirvan aşıq məktəbinin formalaşmasında böyük rolu olduğunu bildirdi. O, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Rza kimi ustalar yetişdirib. Professor Seyfəddin Qəniyev çıxışında bildirdi ki, Aşıq Bilal şeirləri, habelə bəstələdiyi mahnıları ilə təkcə Şirvanda deyil, bütün Azərbaycanda tanınıb. “Görünməz oldu”, “Ala gözlər” kimi mahnıları və deyişmələri dillər əzbəri olub. Görkəmli sənətkar kimi tez-tez uzaq ellərə dəvətlər alıb, aşıq sənətimizi təbliğ edib.
   Yubiley tədbirində muğam ifaçısı Elnarə Abdullayeva, Mirələm Mirələmov, aşıqlardan Aşıq Əhliman, Ağamurad Şirvanlı, Əli Tapdıqoğlu, Aşıq Yanvar, Vüqar Mahmudoğlu, Aşıq Ağamurad, Məhəmməd Şirvanlı, Kəmalə Qubadlı, Fəzail Miskinli, Təbrizdən gələn Aşıq Çingiz və başqaları maraqlı çıxışları ilə mərasim iştirakçılarının zövqünü oxşadılar.
   Sonda sənətkarın oğlu Şəfi Mikayılov mədəniyyətimizin inkişafına və mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya, o cümlədən atasının xatirəsinin əziz tutulduğuna görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar