İsfəndiyar Rüstəmov - 75 
   
   
   Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan İsfəndiyar Rüstəmov 60 ildir yorulmadan sazın-sözün keşiyində dayanıb
   
   Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, Gədəbəy Aşıqlar Ansamblının yaradıcısı İsfəndiyar Rüstəmovun 75 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ustad aşığı yubileyi münasibətilə təbrik etdi, aşıq sənətinin təbliği və inkişafına dövlətin göstərdiyi diqqət və qayğıdan danışdı. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu olduğunu vurğuladı.
   Aşıq sənətinin zəngin tarixindən söz açan nazir əski dövrlərdən günümüzəcən yol gələn, ustadlardan ustadlara əmanət edilən sənətin bu gün yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə məxsus olduğunu bildirdi. 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən aşıq sənətimiz dünyanın böyük konsert salonlarında səslənir: “Eləcə də ölkəmizin böyük mədəniyyət ocaqlarında aşıq sənəti ilə bağlı mötəbər tədbirlərin keçirilməsi ənənəyə çevrilib. Təkcə son bir ayda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Bakıda və bölgələrdə bir sıra yaddaqalan tədbirlər keçirilib. Bu günlərdə Dövlət Mahnı Teatrında ustad aşıq Mirzə Bilalın 140 illik yubileyini qeyd etdik. Bu gün isə XX əsrin ikinci yarısından bu yana Azərbaycan aşıq sənətinin inkişafında danılmaz xidmətləri olan ustad sənətkarlarımızdan biri - Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun 75 illik yubileyini qeyd edirik”.
   Aşıq İsfəndiyarın keçdiyi həyat yolundan danışan nazir bildirdi ki, ustad 75 illik ömrünün 60 ilini aşıq sənətinin inkişafına həsr edib. Sənətdə ilk nailiyyətini 1958-ci ildə Bakıda keçirilən festivalda qazanaraq birinci dərəcəli diploma layiq görülən aşığın uğurları sonradan bir-birini əvəz edib.
   Saz-söz sənətinə mühüm töhfələr verən İsfəndiyar Rüstəmov gənc aşıqların yetişməsində böyük xidmətlər göstərib. Sənətkarın Gədəbəy rayonunda yaratdığı Aşıqlar Ansamblı bütün Azərbaycanda məşhurlaşıb. Bu kollektivin 1972-ci ildə Aşıq Ələsgərin Moskvada keçirilən 150 illik yubileyindəki çıxışı bu gün də xatırlanmaqdadır.
   El məhəbbəti qazanan Aşıq İsfəndiyarın xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, 1991-ci ildə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2007-ci ildə isə Prezident təqaüdünə layiq görülüb: “Saz-söz sənəti ilə bağlı elə bir tədbir olmaz ki, orada Aşıq İsfəndiyar iştirak etməsin, onun dəyərli məsləhətlərinə və tövsiyələrinə ehtiyac duyulmasın”, - deyən nazir ustadı 75 illik yubileyi münasibətilə bir daha təbrik etdi.
   Gecədə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub aşıq sənətinə göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkürünü bildirdi.
   Gədəbəy aşıqlarının yetişməsində Göyçə aşıq məktəbinin mühüm rolu olduğunu deyən Zəlimxan Yaqub Gədəbəy aşıqlarının ön cərgəsində “75 yaşında cavan ustad” Aşıq İsfəndiyarın dayandığını bildirdi: “60 ilə yaxındır ki, Aşıq İsfəndiyarın adı hörmətlə çəkilir. Çünki Aşıq İsfəndiyar zəhməti ilə, aşıqlara olan məhəbbəti ilə, sevgisi ilə böyükdür”.
   Professor Məhərrəm Qasımlı ustadın yubileyini sazın-sözün təntənəsi kimi qiymətləndirdi: “Aşıq İsfəndiyarın bugünkü yubileyi onun halal haqqıdır. Onun gur səsi illər boyu xalqı, elimizi-obamızı qəhrəmanlığa səsləyib. Onun səsindəki o duruluq, saflıq, halallıq eyni ovqatı bizlərə aşılayıb. Bu mənada Aşıq İsfəndiyar öz məlahətli, şaqraq səsi ilə Azərbaycan mədəniyyətinə misilsiz töhfələr verən sənətkardır”.
   Qeyd olundu ki, nadir istedad sahibi Aşıq İsfəndiyarın sinəsində çox böyük saz-söz yatırımı var. 70-dən çox saz havasının kamil ifaçısı, 30-dan yuxarı dastanı sinəsində gəzdirən ustadın heç kimə bənzəməyən bir başqa keyfiyyəti də var: onun yetişdirdiyi aşıqların siyahısı hər hansı bir aşıqda indiyə kimi müşahidə olunmayıb. Aşıq İsfəndiyar bir aşıqlar ordusu ərsəyə gətirib və uzun illərdir ki, özü də o ordunun başında dayanır.
   Gecədə professor Qəzənfər Paşayev, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov yubilyarın zəngin yaradıcılığından söz açdılar. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev icra başçısı Ramiz Yediyarovun təbrik məktubunu yubilyara çatdırdı.
   Gecədə İsfəndiyar Rüstəmovun yetirmələri və sənət dostları bənzərsiz ifaları ilə ustada öz təbriklərini çatdırdılar.
   Sonda sənətkar dövlət tərəfindən ona göstərilən diqqət və qayğıya görə ölkə başçısına, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi, bundan sonra da aşıq sənətinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.
   
   Təranə Vahid