Tbilisidə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, ARDNŞ-nin dəstəyi və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə görkəmli Borçalı aşığı Kamandarın Əfəndiyevin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri, yazıçı Quram Odişariya, cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin əməkdaşı Şövqi Mehdizadə, AMEA Folklor İnstitutunun əməkdaşı Elxan Məmmədli və digər qonaqlar çıxış ediblər.
Mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya Azərbaycan musiqisi ilə yaxşı tanış olduğunu və Bakıda olarkən milli musiqimizi çox dinlədiyini söyləyib: “Mən sazı çox sevirəm. Dəfələrlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında sazı dinləmişəm. Düşünürəm ki, belə tədbirlər davamlı olacaq. Mən bu məclisdə bəyan etmək istəyirəm ki, nazirlik tərəfindən Aşıq Kamandarın ev-muzeyi qeydiyyata alınacaq və ona status veriləcək”.
Nazir Sozar Subari isə çıxışında gürcü və azərbaycanlıların Gürcüstanda əsrlərlə birgə yaşadığını və Aşıq Kamandar kimi sənətkarın yaradıcılığının həm də hər iki millətin birgə mədəniyyətinin nümunəsi olduğunu bildirib.
Tədbirdə Azərbaycandan gələn muğam triosu, Gürcüstanda fəaliyyət göstərən “Ceyran”, “Sarvan” və Rustavidə fəaliyyət göstərən gürcü uşaqlarının “Cücələrim” ansamblı müxtəlif rəqslər nümayiş etdiriblər. Mərasimdə azərbaycanlı qonaqlarla yanaşı, Gürcüstan aşıqları da çıxış ediblər. Tədbirdə Aşıq Kamandar yaradıcılığından bəhs edən film nümayiş olunub.