Dekabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilati dəstəyi ilə Akademik Milli Dram Teatrında Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi, Kəlbəcər ədəbi mühitinin yetirdiyi Ağdabanlı Qurbanın 150 illik yubiley gecəsi keçirildi.
   
   Tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq bildirdi ki, aşıq sənəti şifahi xalq ədəbiyyatımızın janr müxtəlifliyinin daim keşiyində durub. Onu yabançı təsirlərdən qoruyub. Dilimizin saflığı və təmizliyinin qoruyucusu olub. Ağdabanlı şair Qurban klassik aşıq sənətimizin ən görkəmli nümayəndəsi Aşıq Ələsgərin müasiri idi. Onların deyişmələri dillər əzbəri, məclislərin bəzəyi olub. Bu sənətkarların sənət işığına xalqımızın ziyalıları toplaşıb. Həmin ziyalılardan biri də şairin övladı Aşıq Şəmşir idi. O da aşıq sənətinin keşiyində böyük şövqlə durub. 2003-cü ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Dədə Şəmşirin 110 illiyi geniş qeyd edildi. Göygöl rayonundakı uşaq musiqi məktəbinə və rayonda küçələrdən birinə Aşıq Şəmşirin adı verildi, sənətkarın büstü ucaldıldı. Bu gün dövlətimiz saz-söz sənətinin inkişafına böyük diqqət və qayğı göstərir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr mühüm əhəmiyyət daşıyır. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri ilə 2009-cu ildə Azərbaycanın aşıq sənətinin bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu sahənin inkişafına yeni, həm də beynəlxalq təkan verdi.
   Nazir müavini vurğuladı ki, 1992-1993-cü illərdə erməni vandalları tərəfindən məhv edilərək yer üzündən silinən Ağdaban ədəbi aləmə, saz-söz dünyasına şair Qurban, Dədə Şəmşir kimi böyük sənətkarlar verib. Ağdabanlılar isə bu adla fəxr ediblər.
   Tədbirin aparıcısı professor Məhərrəm Qasımlı Ağdabanlı Qurbanın həyat yolundan söz açdı. Qeyd olundu ki, Qurban Məşədi Məhərrəm oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olub. Sonra bu eldən Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşayıb. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili alıb, qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olub. Lakin repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı məhv edilib. Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib. Ancaq onun ustadsayaq saz çalıb-oxumağı olub.
   Musiqi və bədii qiraətçilərin müşayiəti ilə keçirilən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, şair-publisist, Prezident təqaüdçüsü Məmməd Aslan, aşıq Əhliman Şirvanlı Ağdabanlı Qurbanın həyat və yaradıcılığından danışdılar. Qeyd edildi ki, söz ustadı nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək sənətkar olub. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürən Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazıya alınıb. Onun əlyazmalarının bir qismini oğlu, hələ sağlığında aşıq sənətinin zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb. Ədəbi yaradıcılıq nümunələrindən ibarət “Kəpəzin kəkliyi, maralı, getmə” və Qənbər Şəmşiroğlunun toplayıb çap etdirdiyi “Qumrutək ləhcəli, xoşxandı Qurban” kitabları şairin yaradıcılığı barədə zəngin mənbə hesab edilə bilər.
   Yubiley gecəsində aşıqlardan Fəzail Miskinli, Mehdi Məsimov, Əhliman Kəlbəcərli, Samirə Əliyeva, Kəmalə Qubadlı, Şöhrət Kərimov, Qəmbər Allahverdiyev, əməkdar mədəniyyət işçiləri Əhliman Şirvanlı, Ədalət Dəlidağlı, muğam ifaçıları Elnarə Abdullayeva, Babək Niftəliyev çıxış etdilər, gənc aktyorların ifasında Ağdabanlı Qurbanın şeirləri səsləndirildi.
   Sonda şairin nəvəsi, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu Azərbaycan mədəniyyəti və incəsənətinə, o cümlədən aşıq sənətinə göstərdiyi xüsusi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya, həmçinin Ağdabanlı Qurban və Dədə Şəmşir irsinə məhəbbətinə görə tədbirin təşkilatçıları və iştirakçılarına dərin minnətdarlığını bildirdi.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar